525.Az

“Ulduz”un aprel sayı


 

“Ulduz”un aprel sayı<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanlarından “Ulduz” jurnalının aprel sayı işıq üzü görüb.

Bu dəfə jurnalın “Ulduz”lu hədiyyəsi də var. Belə ki, jurnalı əldə edən hər bir oxucuya Nəriman Süleymanovun “Dünyanın çəkisi” kitabı hədiyyə olunur. Ənənəvi olaraq jurnal dərginin ötən sayı haqqında ekspert rəyi ilə başlayır.

Ötən sayda çap olunan yazılar haqqındakı geniş təhlili şair Ay Bənizin “Özüylə söhbət”i izləyir. Söhbətdən sonra oxucular şairin şeirləri ilə tanış ola biləcəklər. 

Jurnal Xalq yazıçısı Anara 80 illik yubiley təbriklərinin dərcini bu sayda da davam etdirir. Yazıçı, dramaturq Firuz Mustafa “Anarın yaradıcılıq baharı” məqaləsi ilə yubilyarı təbrik edir.

“Şeir vaxtı”nda Emin Akif, Qismət Məsimov, Seymur Su və Elvin Əlizadə var. “Qısa fikirlər xəzinəsi” rubrikasında XIV əsr poeziyasının görkəmli nümayəndəsi Qazi Bürhanəddinin yaradıcılığından Cəlal Bəydili söz açıb. Rubrikanı şairin “Divan”ından seçmələr izləyib.

“Debüt”də Dünya Osmanlının “Tanrının əl işi” essesi, Nigar Arifin şeirləri çap olunub.

Elnarə Akimova jurnalın aprel sayında “Vaqif Yusifli tənqidi - ədəbiyyatımızın isti qanı” deyərək tənqidçinin yaradıcılığından bəhs edib.

“1+1” xüsusi rubrikasında gənc yazarlar Oğuz Ayvazın şeirləri, Dəniz Pənahın isə “Çiyələk saqqız” hekayəsi yer alıb.

Təranə Vahid Xalq yazıçısı Anarın Türkiyədə keçirilən silsilə yubiley tədbirləri ilə bağlı təəssüratlarını “Ədəbiyyatımızın gerçək qəhrəmanı - Anar” başlığı ilə “Səfər” rubrikasında bölüşüb.

“Nəsr” bölməsində Elçin Tanrıgilin “Günəşin batması”, Aydın Tağıyevin “İstək” və “Gəlincik” hekayələri yer alıb.

Oxucular, həmçinin, jurnalın bu sayında yazıçı Qan Turalının “Hərə bir qəhrəman oldu” adlı dram əsərini də oxuya biləcəklər. On şəkilli, bir pərdəli həyat hekayəsi Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunub.

Bu sayda yazıçı Natiq Rəsulzadə “Qolfstrim” roman-kardioqramdan növbəti parçanı da oxucularla paylaşıb. Romanı rus dilindən Arifə Əliyeva çevirib.

“Tərcümə saatı” bu dəfə Qustavo Adolfo Bekkerin “Ay işığı” hekayəsini “göstərir”. Hekayəni ispan dilindən Məmməd Məmmədli tərcümə edib.

Jurnalın xüsusi layihəsi olan “Dərgidə kitab”ın bu dəfəki qonağı gənc ədib Şahanə Müşfiqdir. Yazarın “Bir qutu peçenye”, “Nə yazım?!” və “Yarımçıq dönər” hekayələri “TRİO” sərlövhəsi ilə oxuculara təqdim olunub.

Jurnal rəssam Ədalət Həsənin Anarın “Macal” povestinə çəkdiyi illüstrasiyanın yer aldığı “Sərgi” rubrikası ilə tamamlanır. Rubrikada rəssam “Yadımdadı...” başlığı altında yazıçı ilə tanışlığından və illüstrasiyanın yaranmasından danışıb.

MEHRİ

 





05.05.2018    çap et  çap et