Şərqin əsrarəngiz ölkələrindən birində üsyanlar bitmir. İndi də seçki yolu ilə hakimiyyətə gəlmiş Məhəmməd Mursi devrildi. Hüsnü Mübarək yarıcan halında öz rəqibinin süqutunu izlədi və hətta ona məsləhət də verdi: istefa et! Ancaq bu, iki şəxsin siyasi haqq-hesab çəkməsinə deyil, bütöv bir sivilizasiyanın taleyi ilə bağlı olan məsələyə bənzəyir. İslam dünyası böhran keçirir.
''Təhriri'' bu dəfə kimlər coşdurdu?
Misir İslam dünyasını sözün bir çox mənalarında yolayrıcına gətirdi. Hərbçilərin ölkənin qanuni prezidentini devirməsi və buna demokratik dəyərlərdən dəm vuran Qərbin seyrçi qalması Misirin sərhədlərindən kənara çıxan geosiyasi gerçəkliklərdən xəbər verir. Aydın olması üçün belə bir sual qoyaq: Böyük Britaniyada və ya Fransada ordunun dövlət başçısını hakimiyyətdən kənarlaşdırmasına Vaşinqton, Berlin, Brüssel necə qiymət verərdilər? Şübhəsiz ki, bu hadisəni "demokratiyaya'', "vətəndaş cəmiyyətinə'' və "insan haqlarına'' qarşı atılan addım kimi təqdim edərdilər. Misirdə cərəyan edənləri isə müxtəlif aspektlərdən şərh edirlər. Burada hansı məqamları önə çəkirlər?
Əvvəlcə proseslərin qısa xronologiyasına nəzər salaq. "Müsəlman qardaşları'' hərəkatı 2011-ci il parlament seçkilərində uğur əldə etdi. ''Təhrir'' meydanında Hüsnü Mübarəkin əleyhinə kütləvi aksiyalar başlayandan sonra hakimiyyətin dəyişəcəyinə şübhə qalmamışdı. Müxalifəti təmsil edənlərin fərqli siyasi-ideoloji mənsubluğu olmasına baxmayaraq, məhz İslami xarakterli ''Müsəlman qardaşları''nın önə çıxması düşündürücü olay idi. Xüsusilə, Milli Xilas Cəbhəsi (lideri Məhəmməd əl-Baradeyi) və ''Təmərrüd'' adlanan qrupun (Mübarək dönəminin son baş naziri Əhməd Şefiqin ətrafında toplaşanlar) sakit oturmayacağı məlum idi. Bunlara hər bir ərəb ölkəsində olduğu kimi, Misirdə də tayfa münasibətlərinin yaratdığı ziddiyyətləri əlavə etmək lazımdır. Əslində, ''Müsəlman qardaşları''nın siyasi tarixçəsində məhz bu məqam özünü göstərib.
Bütün bunlar məlum olduğu halda ''Müsəlman qardaşları'' təkbaşına hakimiyyətə gəldi (və ya gəlməsinə göz yumuldu). Seçki yolu ilə prezident olan Məhəmməd Mursi dərhal demokratiyadan danışdı. Eyni zamanda, Misirin Yaxın Şərqin lideri olmaq iddialarını ortaya qoydu. İsrail-Fələstin münaqişəsinin həllində Türkiyənin aparıcılığını qəbul etmədi, Suriya məsələsinə qarışdı, Ərəb Liqası ölkələrində nüfuzunu yüksəltmək xətti götürdü və İran əleyhinə bəyanatlar verdi. Bu məqamlardan sonra Mursinin problemləri başladı. Kimlər onu devirməkdə maraqlı idi?
Ankara bu mərhələdə Mursinin hakimiyyətdən getməsində maraqlı deyildi. Çünki həm məzhəb eyniliyi, həm də Səudiyyə Ərəbistanının neftinə çıxış əldə etmək istəyi ''Müsəlman qardaşları''nı Ərdoğan hökumətinin müttəfiqi etmişdi (bax: Цена одной ошибки. Сирийский зигзаг премьера Эрдогана // ''Россия в глобальной политике'', 29 iyun 2013). Suriyada müxalifətin qalib gələ bilməməsi Mursi və Ərdoğanı bir-birinə daha da yaxınlaşdırdı.
Bəlkə Vaşinqton, Təl-Əviv, Brüssel və Tehran Misirdə hakimiyyət dəyişikliyində maraqlı olub? Mümkündür, lakin görünən odur ki, "Təhrirdə'' yenidən toplaşanlar sırasında Məhəmməd əl-Baradeyi və Əhməd Şefiqlə yanaşı, Hüsnü Mübarəkin tərəfdarları və hökumətdən narazı olan kiçik qruplar da vardır. Əsas məqam isə ondan ibarətdir ki, bu qüvvələri ordu dəstəkləyir! Misir ordusunda hansı güclərin nüfuzunun daha çox olduğu isə məlum faktdır.
İndi M.Mursini hərbi kəşfiyyat həbs edib. Ölkə konstitusiyasının fəaliyyəti dayandırılıb və növbədənkənar seçkilər elan edilib. Prezidentin bir neçə fəal tərəfdarı da tutulub. ''Müsəlman qardaşları'' bu məlumatları təsdiqləyib. M.Mursi isə öz tərəfdarlarına təxribata getməmək və vətəndaş müharibəsinin qarşısını almaq haqqında müraciət edib. Bundan əvvəl isə ''həyatım bahasına olsa belə, ölkəni və demokratiyanı qoruyacağam'' kimi bəyanat vermişdi.
Misirdə hadisələrin bu istiqamətdəki gedişinə dünyanın böyük dövlətlərinin və qonşu ölkə başçılarının reaksiyası çox maraqlıdır.
Əsas "problem'': siyasi İslam!
Adətən, ordunun siyasi proseslərə qarışmasını antidemokratik hadisə hesab etdiyini deyən rəsmi Vaşinqton, nədənsə, Misir prezidentini istefaya çağırıb. Barak Obama bunu telefonla M.Murisyə çatdırıb. O, sadəcə bəyan edib ki, ''ordu tezliklə hakimiyyəti demokratik yolla seçiləcək hökumətə təhvil versin''. Onu demək lazımdır ki, Amerika hakimiyyətinin ''Müsəlman qardaşları'' ilə həmişə gizli əlaqələri olub. Bunun başlanğıcı prezident Duayt Eyzenhaurein dövrünə gedib çıxır (bax: Ian Johnson. Washington’s Secret History with the Muslim Brotherhood / www.nybooks.com, 5 fevral 2011). 2005-ci ildən başlayaraq isə rəsmi Vaşinqtonun həmin təşkilatla əlaqələri yeni səviyyəyə qalxıb. Bəs indi nəyə görə, ABŞ siyasi isteblişmenti M.Mursini üsyan ağuşuna atdı?
Britaniyanın xarici işlər naziri Uilyam Heyq isə hərbi çevrilişi qəbul etmədiklərini deyib, ancaq rəsmi London müşahidəçi kimi qalmaqdadır. Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Aleksey Puşkov ümumilikdə "Ərəb baharı''nın inqilablara gətirib çıxardığını vurğulayıb. Suriya prezidenti Bəşər Əsəd daha konkret fikir bildirib. O deyib ki, "siyasi İslam hər yerdə məğlub olacaq''.
Rəsmi Tehran isə Misir hadisələrinə münasibət bildirmir. Gerçəklikdə onun ''Müsəlman qardaşları''nın hakimiyyətdən getməsində maraqlı olduğu şübhə doğurmur. İsrail adəti üzrə sakit reaksiya verib. Təl-Əviv ''İsraili yox edəcəyik'' şüarı ilə tanınan ''Müsəlman qardaşları''na hansı münasibəti göstərə bilər?
Bütün bunlar Misirdə baş verənlər haqqında düşündürücü nəticələr çıxarmağa əsas verir. Hər şeydən öncə, İslam ölkələrində siyasi oyanışın ziddiyyətli məqamlarla müşayiət olunduğu görünür. Burada hakimiyyətə can atan qüvvələrin tərkibinin qeyri-bircinsliyi diqqəti çəkir. İslami ideyaları əsas götürən qrupların son onilliklərdə cəmiyyətdə dayaqlarını genişləndirməsi müəyyən sonuclar verir. Birincisi, İslamın siyasiləşməsi yeni səviyyəyə qalxır. İkincisi, İslami dəyərlərlə demokratiyanı birləşdirmək cəhdləri artır. Üçüncüsü, bütün bunlar Qərbi qıcıqlandırır.
Bütövlükdə Yaxın Şərqdə dini qrupların hakimiyyətə gəlməsi prosesinin arxasında duran amillər tam aydın deyil. Belə təəssürat yaranır ki, onların siyasi səhnəyə çıxmasına imkan yaradılır, sonra isə onlar vurulur və müsəlmanların gözündən salınır. Bu proses davam etsə, yaxın illərdə İslami dəyərlərə dayanan siyasi qüvvələrin populyarlığı minimuma enə bilər. Bu da Qərb demokratiyasına alternativin ola bilməyəcəyi fikrini yaradar.
Nəhayət, qlobal miqyasda anti-İslam xarakterli siyasət özünün yeni mərhələsinə yüksəldiyi təsiri bağışlayır. Qahirədəki hadisələrə münasibət bildirən "Financial Times'' qəzeti yazır ki, ''Mursi Ərdoğanın izi ilə gedirdi''. ''The Guardian'' isə sual edir: ''Türkiyə və Misir üsyanları oxşardırmı?'' (bax: Guardian: Türkiye ve Mısır ayaklanmaları benzer mi? // www.hurriyet.com.tr, 4 iyul 2013). Sonra isə həmin nəşr vurğulayır ki, etirazlar siyasi məzmun kəsb etməsə, hər şey iqtidarların "mərhəmətindən asılı olacaq''. Bu, nəyə işarədir? Qərb müsəlman ölkələrində anti-İslam qüvvələrin siyasi təşkilatlanmasınamı çağırır?
Analitiklərin irəli sürdüyü tezislərdən görünür ki, İslam dünyasında siyasi mübarizənin anti-dini və radikal forma almasında maraqlı olan dairələr fəallaşıblar. Məhz onlar eyni ssenarinin Türkiyə, İran, Pakistan və başqa müsəlman dövlətlərdə təkrar olunması üçün əllərindən gələni etməkdədirlər. Həmin kontekstdə Azərbaycana qarşı aparılan şər-böhtan kampaniyaları üzərində düşünmək lazım gəlir.
Beləliklə, son Misir hadisələrinin hansısa sosial-siyasi və ya mədəni-iqtisadi problemi həll edəcəyini düşünmək çox çətindir. Əksinə, belə görünür ki, İslam ölkələri üçün dövlətçilik və demokratiya ilə bağlı yeni suallar meydana çıxır. Onların cavabı hələ yoxdur. Çünki hadisələrin sürəti və mürəkkəbliyi ağılları dumanlandırıb. Cəmiyyət isə bu ''dumanın qeyri-müəyyənliyində itə bilər''.
Newtimes.az
çap et