525.Az

Elxan Yurdoğlunun imza günü keçirildi - Fotolar


 

Elxan Yurdoğlunun imza günü keçirildi - <b style="color:red">Fotolar</b> Mayın 5-i, “Kitabevim.az” mağazalar şəbəkəsinin “28 May” filialında şair Elxan Yurdoğlunun “Ulduz çoxluğu qədər təklik” şeirlər kitabının imza günü keçirilib.

Tədbirin aparıcısı, şair Fərqanə Mehdiyeva yazarın yaradıcılığından geniş danışıb. Bildirib ki, Elxan Yurdoğlunun özündən əvvəl yaradıcılığı ilə tanış olub:

“Elxan Yurdoğlunun yaradıcılığında böyük bir işıq var. Biz də elə bu işığa yığışmışıq. Bundan başqa, istedadlı söz adamı olmaqla yanaşı, yaxşı pedaqoq, savadlı alimdir.
 
Şairin həyat və yaradıcılığı haqqında danışan natiq “Ulduz çoxluğu qədər təklik” kitabının E.Yurdoğlunun yaradıcılığında yeni səhifə olduğunu da dilə gətirib.

Onun sözlərinə görə, kitabdakı şeirlərdə yeni nəfəs, daha professional üslub duyulur. Poetik-bədii məziyyətlərin yüksələn xətələ inkişafı aydın görünür.

Ardınca söz alan Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid əvvəlcə mayın 5-də dünyasını dəyişən Xalq artisti Fuad Poladovdan söz açıb, vəfatından kədərləndiyini ifadə edib. Daha sonra bütün bu kədərli hadisələrə rəğmən imza günündə iştirakın vacibliyini qeyd edib.

R.Məcid E.Yurdoğlunun şəxsiyyətindən, elmi fəaliyyətindən danışıb, zəngin xarakterinin yaradıcılığına müsbət yön verdiyini vurğulayıb:

“Elxan Yurdoğlu hay-küysüz, addım-addım məqsədinə doğru gedən, zəhmətkeş yazarlarımızdandır. Həm ədəbiyyatda, həm elmi fəaliyyətində uğurlar qazanır, eyni zamanda, publisistikada imzasını tanıtdırır”.

Baş redaktor əlavə edib ki, E.Yurdoğlu şair kimi Naxçıvan ədəbi mühitinə təsir göstərə biləcək gücdədir:

“Nobelli türk yazıçısı Orhan Pamuk hesab edir ki, yazıçılıq  iynə ilə quyu qazmaqdır. Elxan Yurdoğlu da bu qəbir əzabına səbrlə dözən, iynə ilə qazdığı quyudan su çıxara biləcək qədər əzmli, istedadlı gənclərdəndir”.

Kitabın redaktoru, şair Hüseyn Bağıroğlu kitabın ərsəyə gəlməsindən, nəşrə hazırlanma prosesindən, müəllifin özünəməxsus üslubundan, klassik poeziya ənənələrinə yenilikçi baxışından danışıb.

Çıxışına xatırlatma ilə başlayan yazıçı-publisist Aysel Əlizadə müəllifə uğurlar arzulayıb, onun yaradıcılığını diqqətlə izlədiyini dilə gətirib:

“Mənim üçün ləyaqət istedadlı adamlarda ölçü vahididir. Bu gün çox ləyaqətli insanı itirmişik, buna görə çox üzgünəm. Fuad Poladov Azərbaycanın ləyaqət simvolu idi. Belə kədərli günə təsadüf etməsinə baxmayaraq Elxan Yurdoğlunun imza günündə iştirak mənim üçün xoşdur. Dəyərli, ləyaqət kriteriyalarına cavab verən insandır. Ləyaqəti istedadla vəhdətdə olan belə insanlar çox azdırlar”.

A.Əlizadə deyib ki, müəlliflə münasibətlərinin tarixi illər əvvələ dayanır:

“Elxanla köhnə dostuq, onun kitabına önsöz yazmışam, redaktoru olmuşam, o mənim, mən onun oxucusu olmuşuq. Ayaqüstü bu kitabı da vərəqlədim hər sözündə, hər misrasında Elxan Yurdoğlu var”. 

Filologiya üzrə fəlsəfə elmləri doktorları Məlahət Babayeva, Leyla, Almaz Ülvi, Leyla Faiqqızı, tarix üzrə fəlsəfə doktoru Arzu Nehrəmli, şair-tərcüməçi Səlim Babullaoğlu, yazıçı-publisist Kənan Hacı, şairlər Qardaşxan Əzizxanlı, Gülnar Səma, Allahverdi Aqil, “Mədəniyyət” qəzetinin məsul katibi Fariz Yunisli və başqaları çıxış edərək Elxan Yurdoğlunun yaradıcılığını yüksək qiymətləndirib, ciddi elmi və ədəbi fəaliyyətinin gələcəkdə daha da inkişaf edəcəyinə inandıqlarını bildiriblər, onu klassik irsə sadiq qalan yenilikçi şair adlandırıblar.

Tədbirdə ədəbiyyat adamları, media nümayəndələri, çoxsaylı oxucular iştirak ediblər.

Elxan Yurdoğlu “525-ci qəzet”ə açıqlamasında deyib ki, sözügedən kitab 2014-2017-ci illərdə yazılan müxtəlif mövzulu şeirlərdən ibarətdir.

“Ümumiyyətləsə, düşünürəm ki, şeir hansı mövzuda yazılırsa yazılsın, səmimi olmalıdır. Özüm də həmişə buna çalışmışam.

Kitab fevralın 24-də Naxçıvanda təqdim edilib, sayca beşinci şeir kitabımdır”.

Müəllif qeyd edib ki, bu, bakılı oxucularla ilk görüşüdür: “Düşünürəm ki, yeni mühit yeni imkanlar deməkdir. Ona görə də imza gününü paytaxtda təşkil etdik. Oxucularla görüş, yeni ədəbi mühitə atılan addımlar yaradıcılığa, ədəbiyyata baxışı müsbət mənada müəyyən dərəcədə dəyişəcək”.

Sonda müəllif şeirlərindən bir neçəsini oxuyub, oxucular üçün kitab imzalayıb.

Cavid QƏDİR
 





06.05.2018    çap et  çap et