525.Az

Almatıda Zəlimxan Yaqubun xatirə gecəsi keçirildi


 

Almatıda Zəlimxan Yaqubun xatirə gecəsi keçirildi <b style="color:red"></b>

Mayın 3-də Qazaxıstanın Almatı şəhərindəki filarmoniyada Dünya Axıska Türkləri Birliyinin təşkilatçılığı ilə Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş gecə keçirilib.

Dünya Axıska Türkləri Birliyinin başqanı Ziyaetdin Kassanov Zəlimxan Yaqubun təkcə Azərbaycanda deyil, böyük türk dünyasının hər yerində sevildiyini, böyük söz ustadı kimi milyonların sevgisini qazandığını vurğulayıb. O qeyd edib ki, rəhbərlik etdiyi təşkilat tərəfindən düzənlənən bu tədbir sonuncu olmayacaq, yaxın zamanlarda Türkiyədə və digər türk dövlətlərində də Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikasının Almatıdakı konsulu Ramil Rzayev, Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin sədri, Qazaxıstan Xalqları Assambleyası Şurasının üzvü Əbülfəz Müslümoğlu, Türkiyənin Almatıdakı konsulu Rza Kagan Yılmaz, eləcə də Qazaxıstanın görkəmli alimləri çıxış edərək Zəlimxan Yaqubla bağlı ürək sözlərini söyləyib, belə tədbirlərin böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Tədbirdə Azərbaycandan da böyük nümayəndə heyəti qatılıb. Millət vəkili Adil Əliyev, Azərbaycan Aşıqlar Birliyinin katibi, Zəlimxan Yaqub irsinin araşdırıcısı Musa Nəbioğlu, "Kəpənəkçi" Xeyriyyə Cəmiyyətinin sədri Azər Göyüşov və Xalq şairinin oğlu Bəhlul Yaqublu çıxış edərək Azərbaycanın böyük söz ustadının xatirəsinin qardaş Qazaxıstanda da əziz tutulduğundan məmnunluqlarını ifadə edib, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Zəlimxan Yaqubun sağlığında çəkilmiş filmlərdən parçalar nümayiş etdirilib, bədii qiraət ustaları şairin şeirlərini səsləndirib,  Qazaxıstanın incəsənət ustaları ilə yanaşı, türkiyəli  gənc sənətçilər,  Azərbaycandan gəlmiş aşıq Cahangir Quliyev və müğənni Xəlil Qaraçöp, gürcüstanlı aşıq Nargilə Mehdiyeva və digər sənət adamları onun sözlərinə bəstələnmiş musiqilər sələndiriblər.

Tədbir iştirakçılarına, həmçinin, Zəlimxan Yaqubun Dünya Axıska Türkləri Birliyi və Qazaxıstan Türk Milli Mərkəzinin başqanı Ziyaetdin Kassanovun sponsorluğu ilə Almatıda bu günlərdə nəfis tərtibatla nəşr olunmuş "Borçalının bir tərəfi Axıska" adlı kitabı da təqdim olunub. Rövşən Məmmədoğlunun redaktorluğu ilə işıq üzü görmüş kitabda şairin yaradıcılığından seçmələr oxuculara Azərbaycan və rus dillərində təqdim olunur.

 





08.05.2018    çap et  çap et