525.Az

Vyana Təbiət Tarixi Muzeyinin əməkdaşı Şamaxı rəsədxanasında - Fotolar


 

Vyana Təbiət Tarixi Muzeyinin əməkdaşı Şamaxı rəsədxanasında - <b style="color:red">Fotolar</b>

Avstriyanın Vyana Təbiət Tarixi Muzeyinin meteorit kolleksiyası üzrə koordinatoru, Beynəlxalq Meteoritlər Cəmiyyətinin üzvü doktor Ludovic Ferriere AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olub.

Qonağa rəsədxananın tarixi, fəaliyyət istiqamətləri, teleskopları və hazırda yerinə yetirilən elmi-tədqiqat işləri barəsində məlumat verilib, birgə əməkdaşlıq perspektivləri müzakirə eidlib.

Doktor L.Ferriere Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunmuş seminarda da iştirak edib. Rəsədxananın direktor müavini Elçin Babayev qonağı tədbir iştirakçılarına təqdim edərək bildirib ki, səfərin əsas məqsədi rəsədxananın Astronomiya Muzeyində qorunub saxlanılan Yardımlı meteoritinin müasir texnologiyalarla yenidən analizi, həmçinin digər meteoritlərlə bağlı məlumatların zənginləşdirilməsi və dəqiqləşdirilməsidir. 1906-cı ildə tapılmış Kulp meteoritinin ermənilərin iddialarının əksinə olaraq, Azərbaycana məxsusluğunun dəlillərlə sübut edilməsi də planlaşdırılır.

Doktor L.Ferriere “Meteoritlər və onların Yer üzərindəki zərbə kraterləri:biz onlardan nə öyrənirik?” mövzusunda məruzə ilə çıxış edib. O, əvvəlcə dünyanın unikal eksponatlarının saxlanıldığı Vyana Təbiət Tarixi Muzeyi haqqında məlumat verib. Qeyd edib ki, 1876-cı ildə əsası qoyulan Vyana Təbiət Tarixi Muzeyi dünyanın ən çox nadir  kolleksiyası olan muzeylərindən biridir: “Burada müxtəlif elm sahələrinə aid milyonlarla eksponat saxlanılır. Muzeyin minerallar və meteoritlər şöbəsində minlərlə meteorit nümunəsi var”.

Azərbaycan ərazisindən tapılan meteoritlərdən danışan natiq vurğulayıb ki, 1891-ci ildə Ağcabədi rayonu ərazisindən tapılmış Hindarx meteoritinin kiçik hissələri dünyanın bir çox muzeylərində, o cümlədən Vyana Təbiət Tarixi Muzeyində də saxlanılır.

Daha sonra doktor L.Ferriere Yer üzərindəki zərbə kraterləri, onların yayılma arealından, ekspedisiyalardan  bəhs edib.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

 





08.05.2018    çap et  çap et