525.Az

Bolqarıstanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi - Fotolar


 

Bolqarıstanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi - <b style="color:red">Fotolar</b>

Bolqarıstanın Ruen şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Azərbaycanın Bolqarıstandakı Səfirliyindən verilən məlumata görə, gecənin açılışında çıxış edən səfir Nigar Qurbanova cümhuriyyətin yaradılmasını xalqımızın tarixində mühüm hadisə olduğunu deyib.  Səfir cəmi 23 ay yaşamasına baxmayaraq, AXC-nin qısa müddətdə həyata keçirdiyi çoxsaylı tədbirlər barədə məlumat verib, cümhuriyyətin xalqımızın tarixində, milli dövlətçilik ənənələrimizin bərpasında oynadığı böyük rolundan danışıb.

N.Qurbanova ölkə başçısının AXC ilə bağlı fikirlərinə istinad edərək Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. AXC dövründə əsası qoyulan demokratik ənənələrin bu gün də davam etdiyini qeyd edən səfir xalqımızın yalnız qədim tarixə və demokratik ənənələrə deyil, həmçinin, zəngin mədəniyyət, ədəbiyyat, incəsənət və musiqiyə malik olduğunu, 145 illik milli teatr, 120 illik kinematoqrafiya və 110 illik opera tariximizin bunu sübut etdiyini bildirib.

AXC-nin süqutundan 71 il sonra, 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edərək dünya birliyinə müstəqil dövlət kimi qoşulduğunu deyən səfir müstəqilliyimizin ilk illərinin çox ağır bir zamana təsadüf etməsi, ölkəmizin Ermənistanın hərbi təcavüzə məruz qaldığını, ərazilərimizin 20 faizinin işğal olunduğunu və 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini qeyd edib. Bütün bu çətinliklərə baxmayaraq son 25 il ərzində Azərbaycanın çox uğurlu bir inkişaf yolunu keçərək qlobal və regional proseslərə böyük töhfə verən ölkəyə çevrildiyini vurğulayan N.Qurbanova bu uğurlu siyasətin əsasını ümummilli lider Heydər Əliyevin qoyduğunu və prezident İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyini deyib.

Daha sonra Azərbaycan-Bolqarıstan münasibətlərinə toxunan səfir ötən il ölkələrimiz arasında diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini, strateji tərəfdaş olan ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu söyləyib.

Daha sonra Ruen bələdiyyəsinin meri İsmail Osman, şəhər icma şurasının sədri Əşrəf Əşrəf, Bolqarıstanın Xalq Məclisinin deputatı, Bolqarıstan-Azərbaycan dostluq qrupunun üzvü Sevim Əli, Avropa Parlamentinin Bolqarıstandan olan deputatı, Avropa naminə Liberalların və Demokratların Alyansı Qrupunun (ALDE) vitse-prezidenti İlhan Küçük çıxış edərək burada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi kimi əlamətdar tarixi hadisənin qeyd olunmasını yüksək qiymətləndirib, ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən, mədəni sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd ediblər. Azərbaycan-Bolqarıstan arasında münasibətlərin inkişafından məmnunluq ifadə edən natiqlər bu əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə, xüsusilə Bakı-Sofiya birbaşa hava əlaqəsinin bu prosesə əlavə töhfə verəcəyinə ümidlərini bildiriblər.

Sonda “Əli və Nino” filmi nümayiş olunub. 

C.ABASOV

 





08.05.2018    çap et  çap et