525.Az

Şəhid Milli qəhrəmanın xanımı beynəlxalq tədbirdə göz yaşlarını saxlaya bilmədi


 

AVROPA PARLAMENTİNİN VİTSE-PREZİDENTİ HEİDİ HAUTALA: "HİSSLƏRİNİZİ ANLAYIRAM, BU HİSSLƏR MƏNƏ DƏ TANIŞDIR"

Şəhid Milli qəhrəmanın xanımı beynəlxalq tədbirdə göz yaşlarını saxlaya bilmədi<b style="color:red"></b>

"Azərbaycan ərazisi olan Şuşanın işğalından 26 il ötür. Neçə illərdir ki, ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həllinə çalışır. Amma heç bir nəticə əldə olunmur. Mən başa düşə bilmirəm ki, işğalçı məlum ola-ola niyə bunu münaqişənin həllini uzatmaq istəyirlər?" 

Bu sözləri şəhid Milli qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı, Xankəndidən millət vəkili seçilən Flora Qasımova dünən Milli Məclisdə keçirilən Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında çıxışı zamanı deyib. Deputat bildirib ki, cinayətkar Ermənistan rəhbərliyi  və separatçırejim işğal altında olan Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma aparır: "Necə olur ki, Azərbaycanda 1 insanın haqqı tapdalanan kimi Avropa təşkilatları xəbər tutur, amma işğalçı bəlli olduğu halda, bu münaqişənin həlli istiqamətində addım atılmır?" F.Qasımova bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin iki yolu var: sülh və müharibə: "Mən qadınam, amma müharibə istəmirəm. Çünki müharibə nəticəsində insanlar həyatını itirir. Niyə 20 ildən çoxdur ki, münaqişənin həlli istiqamətində hər hansı bir addım atılmır? Bizdə belə bir məsələ var "iştah diş altındadır". Onlar Azərbaycanın işğal altında olan ərzailərindəki abidələri özəlləşdirirlər, qəbirləri dağıdırlar. Bu insanlığa yaraşan sifətdirmi? Siz bu söhbətləri çox eşidirsiniz. Bəlkə də öyrəşmisiniz. Bu gün Ermənistan əsgərlərinin anası deyir ki, niyə mənim oğlu başqa ölkənin ərazisində şəhid olur?! Siz əgər sülh istəyirsinisə, əlinizi qaldırın. İşğal nəticəsində, həmçinin, bizə 100 milyardlarla ziyan dəyib. Ən çox da mənəvi ziyan dəyir. Insanlar, qaçqın-məcburi köçkünlər məndən soruşur ki, Flora xanım, İkinci Dünya Müharibəsi cəmi 6 il davam etdi, amma Qarabağ münaqişəsi 30 ildir ki, davam edir, biz nə vaxt bəs öz torpaqlarımza, dədə-baba yurdlarımıza dönəcəyik, işğala nə vaxt son qoyulacaq, ermənilər nə vaxt ərazilərimizi tərk edəcəklər? Onların suallarına cavab yoxdur, cavab verə bilmirik". Sözlərini tamamlayan F.Qasımova göz yaşlarını saxlaya bilməyib.

F.Qasımovaya cavabında isə Avropa Parlamentinin vitse-prezidenti Heidi Hautala bildirib ki, onun hisslərini, nələr keçirdiyini yaxşı başa düşür: "Mən sizi yaxşı başa düşürəm, hisslərinizi anlayıram. Bu hisslər mənə də tanışdır, mənə də yad deyil. Mən də əslində, bu hissləri yaşayan bir insanam. Mənim valideynlərimi də İkinci Dünya müharibəsi zamanı öz doğma yurdlarından zorla çıxarmış, qaçqın vəziyyətinə salmışdılar. Ona görə də hesab edirəm ki, münaqişənin həll yolu var, bu yol da sülhdür. Biz bu istiqamətdə səylərimizi əsirgəməməliyik, davam etdirməliyik".

Kamil HƏMZƏOĞLU

 





09.05.2018    çap et  çap et