525.Az

“Bölgədə terrorla mübarizənin qərarlı şəkildə davam edəcəyinə inanıram”


 

“Bölgədə terrorla mübarizənin qərarlı şəkildə davam edəcəyinə inanıram”<b style="color:red"></b>

“525-ci qəzet”in Türkiyə müxbiri İstanbuldakı Yeni Yüzyıl Univesiteti kommunikasiya fakültəsinin dekan müavini, istefada olan polkovnik, beynəlxalq məsələlər üzrə doktor Nizar Aslandan müsahibə alıb.
 
Müsahibəni oxuculara təqdim edirik.
  

- Türk ordusunun uğurla həyata keçirdiyi “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarından sonra yaranmış vəziyyəti necə qiymətləndirirsiniz?

- PYD/YPG terror təşkilatı Suriyanın Şimali-Qərb bölgələrindən Türkiyənin Cənub bölgələrindəki bəzi vilayətlərini təhdid edirdi. Türk ordusu terror təşkilatlarına qarşı uğurlu əməliyyatlar keçirdi. Bilirsiniz ki, bu cür əməliyyatların siyasi və hərbi ayağı vardır. Hərbi sahədə uğur qazanmaq üçün siyasi iqtidar sərrast qərarlar qəbul etməlidir. Bu gün Türkiyədə hər şey seçkiyə indeksləndiyinə görə, siyasi iqtidarın bu işlərlə məşğul olmağa vaxtı yoxdur. Bu halda heç kim nə “Zeytun budağı”, nə də Mənbiçin terrorçulardan təmizlənməsi üçün planlaşdırılan əməliyyatlar barədə danışa bilir. Hal-hazırda bölgədə ABŞ, Rusiya, Türkiyə və İran tərəfindən oynanan bir şahmat oyunu vardır. Hansı ölkə daha yaxşı həmlə etsə, təşəbbüs bir müddətə onun əlinə keçir. Bu günə qədər Türkiyə düzgün qərarlar qəbul etmişdir. Erkən seçki qərarı hesab edirəm antiterror məsələsini arxa plana keçirdi. Digər tərəfdən “Zeytun budağı” əməliyyatından sonra prezident Ərdoğanın antiterror fəaliyyəti barədə nədənsə xoş sözlər az deyilir, bunun böyük nöqsan olduğunu düşünürəm. Seçkinin nəticəsi bilinənə kimi olan müddət ərzində ABŞ, Rusiya və İran da boş dayanmayaraq, onların lehinə olan fürsətlərdən istifadə etməyə çalışacaqlar. Bu məsələlərə dair Türkyənin həmlə planları 24 iyundan sonraya qalacaqdır. 24 iyundakı seçkidən ölkəmiz üçün faydalı olacaq nəticələrin çıxmasını diləyirəm, əks-təqdirdə indiyə qədər görülən uğurlu işlərin çox da fayda verməyəcəyini düşünürəm.

- Son həftələrdə bölgədə İsrail ilə İran arasında cərəyan edən proseslər bir anda ABŞ-ın İrana qarşı çox sərt qərarlarını özü ilə gətirib-gəldi. Suriya məsələsində İsrail proseslərin harasındadır?

- İsrail həmişə bu proseslərin mərkəzində olub. Ancaq həmişə əksər planlarını ABŞ vasitəsiylə həyata keçirir, çünki orada yəhudi lobbisi çox güclüdür, o lobbisinin sayəsində ABŞ Konqresindən keçirə bilməyəcəyi heç bir qərar layihəsi yoxdur. İsrail özü müsəlman dünyasının reaksiyası ilə üz-üzə qalmaq yerinə ABŞ-ın gücündən istifadə edərək özü pərdə arxasında qalır. Yaranmış boşluqdan istifadə etməyə çalışan İsrail özünün əsas planı olan “Böyük İsrail”dövlətinə tərəf addım-addım irəliləyir. Öz planını həyata keçirmək üçün İsrail hər cür fürsətdən istifadə edəcək. Məni ən çox narahat edən məsələ - bütün bu proseslərin seçki dövründə cərəyan etməsidir. ABŞ bizə Mənbiçə görə gah söz verir, gah da deyir ki, oradan çıxmayacağıq. Hal-hazırda Rusiya səssiz vəziyyətdə gözləyir, İran da səssizdir, ABŞ birbaşa İranı hədəfə aldı, İsrail isə öz məqsədinə çatmaq üçün meydana çıxan hər fürsətdən istifadə edəcəkdir.

- Türkiyə baxımından narahatlıq doğuran başqa bir məsələ də Suriyadakı “cihadçı qüvvələr”in sərhədin o tərəfindəki bölgələrə yerləşdirilməsidir. Bu məsələ gələcəkdə Türkiyənin nə dərəcədə başını ağrıda bilərmi?

- Doğrudur, fundamentalist qüvvələr, xüsusilə, Hatay, Qaziantəp, Şanlıurfa vilayətlərinin ön tərəfindəki bölgələrə yerləşirlər. Əcnəbi qüvvələrin onlardan bizim əleyhimizə istifadə etmələri ehtimalı çox böyükdür. O terror təşkilatları bəzi əcnəbi ölkələrin əl buyruqçuları kimi qurulub. Onların yarada biləcəkləri narahatlıqlar indidən yaxşı analiz edilməsə, gələcəkdə Türkiyə üçün böyük təhdidlər yaranacaqdır. Bunu indidən yaxşı analiz edərək beynəlxalq arenada düzgün həmlələr etməli və vəziyyəti öz lehimizə dəyişdirməliyik.

- Suriya ordusu PYD/YPG terror təşkilatını bombalayandan sonra bölgədəki ABŞ hərbi qüvvələri Suriya ordusunu bombaladı. ABŞ PYD/YPG terroruna açıq şəkildə dəstəyini nümayiş etdirir?

- Türkiyə Suriyanın Şimali-Qərbində terror təşkilatına ağır zərbələr endirərək uğurlu əməliyyatlar apardı. Gələcəkdə Fərat çayının Şərq sahilindəki terrorçu strukturlara qarşı da əməliyyatlar aparılacaqmı? Təkrar edirəm, hər şey 24 iyundakı seçkidən çıxacaq nəticələrdən çox asılıdır. Türkiyənin terrora qarşı hərbi əməliyyatlarının 24 iyundan sonra daha qərarlı şəkildə davam edəcəyinə inanıram.

Aydın AĞAZADƏ
“525-ci qəzet”in Türkiyə müxbiri

 





11.05.2018    çap et  çap et