525.Az

"Yazıçı" bu dəfə Nizami Gəncəvidən söz açır


 

"Yazıçı" bu dəfə Nizami Gəncəvidən söz açır<b style="color:red"></b>

"Oğuz eli" qəzetinin "Yazıçı" buraxılışının bu il üçün ilk sayı Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr olunub.

Buraxılışın ilk səhifəsində Azərbaycan Demokratik Cümhuriyyətinin banisi, Nizami Gəncəvi yaradıcılığının geniş və sanballı araşdırıcısı Məhəmməd Əmin Rəsulzadənin "Nizamidə Türklük" məqaləsi verilib.

"Hər kəlməni, hər şeirini bir top kimi atdın, Sevda yuxusundan bizi vaxtında oyatdın" misraları Səməd Vurğunun dahi şairimizə həsr etdiyi "Nizami" adlı şeirindəndir.

Dərginin səhifələrində Nizami Gəncəvi haqqında məşhur şərqşünaslardan E.Bertels, A.E.Krımski, eləcə də görkəmli Azərbaycan alimləri M. Rəfili, M. Cəfər, H. Araslı, Rüstəm Əliyev,  Mirzə İbrahimov, Yaşar Qarayev, Xalq yazıçıları Anar və Elçin, alimlərdən N. Araslı, Ə.Ağayev,  Q.Əliyev, İ.Həbibbəyli, T.Kərimli, Z.Quluzadə, A.Ü.Binnətova, Z.Allahverdiyevanın məqalələrindən ixtisarla verilmiş parçalarda dahi şairin yaradıcılığında hər zaman yeni-aktual olan ideya, bəşəri dəyərlər öz əksini tapıb.

Akademik Z.Səfərovanın "Nizami Gəncəvinin və Üzeyir Hacıbəyovun musiqili qəzəlləri", sənətşünas Z.Əliyevin "Nizami poeziyası təsviri sənətdə" məqalələri və bununla bağlı səhifələrdə əks olunmuş rəssam, tişə ustalarının əsərləri buraxılışa xüsusi dəyər gətirib.

Məşhur söz və fikir ustadlarından S.Təbrizi, V.Dəstgerdi, Höte, Şibli Nemani, Rudolf  Qelpne, M.F. Axundzadə, M.Ə. Sabir, F. Köçərlinin yığcam deyimləri də Nizami Gəncəvinin qüdrətindən, azmanlığından xəbər verir.

X.Telmanoğlu, A.Nəbi, F.Uğurlu, F.Hüseynin mütəfəkkir şairimiz barədə yazdıqları da dərgidə çap olunub. Nizami Gəncəvi haqqında yazılmış kitabların siyahısının buraxılışda çap olunması, böyük şairimizin gələcək araşdırıcıları üçün vaxta-zamana qənaət baxımından dəyərli töhfədir.

Buraxılışın tərtibçisi və redaktoru şair Azər Abdulladır.

 





11.05.2018    çap et  çap et