525.Az

Heydər Əliyevin 95, Cümhuriyyətin 100 illiyi Belqradda qeyd edildi


 

Heydər Əliyevin 95, Cümhuriyyətin 100 illiyi Belqradda qeyd edildi <b style="color:red"></b>

Mayın 10-da Belqradda Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyinin və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə həyata keçirilən silsilə tədbirlərin davamı olaraq Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev, Azərbaycanın əməkdar artisti, soprano Afaq Abbasova və Azərbaycanın əməkdar artisti, Akademik Opera və Balet Teatrınını dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə Belqrad Dövlət Opera və Balet Teatrının simfonik orkestrinin iştirakı ilə təntənəli gecə təşkil edilib.

Əvvəlcə Belqraddakı Taşmaydan parkında Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə əklillər qoyulub.

Mərasimdə çıxış edən Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov ümummilli lider, görkəmli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən danışıb. Səfir bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd olunduğunu bildirərək, bunu Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsi adlandırıb, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili elan edilməsi ilə bağlı sərəncamının mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadə mədəniyyətin xalqlar, dövlətlər arasında ən etibarlı körpü olduğunu, dünyada ən incə siyasətin mədəniyyətin dili ilə ifadə edildiyini bildirib. Z.Əlizadə rəhbəri olduğu mərkəzin fəaliyyətindən bəhs edərək, Azərbaycan mədəniyyətinin Serbiyada təbliğində, Azərbaycan-Serbiya mədəni əlaqələrinin inkişaf etdirilməsindəki rolundan danışıb.

Serbiyanın Mədəniyyət və İnformasiya nazirinin müavini Asya Draça Muntean və Milli Teatrının direktoru Deyan Saviç öz çıxışlarında ölkələrimiz arasında təşəkkül tapmış hərtərəfli sıx əməkdaşlığın nəticəsində Azərbaycan dövlətinin dəstəyi ilə Belqrad şəhərindəki Taşmaydan parkında görkəmli siyasi xadim Heydər Əliyev və görkəmli serb yazıçısı Milorad Paviçin heykəllərinin, Novi Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün, dünya şöhrətli serb alimi Nikola Teslanın Bakı şəhərində heykəlinin ucaldılmasının, habelə Belqrad şəhərində “Bayraklı Cami” məscidi, Novi Sad şəhərində “Müqəddəs Petka” kilsəsi, Novi Pazar şəhərində isə Mədəniyyət Evinin bərpa, təmir və inşa edilməsinin xalqlarımızın ortaq dəyərlərə malik olduğunun, onların daha da yaxınlaşmasının, mədəni və tarixi abidələrə verilən dəyərin təzahürü olduğunu qeyd ediblər.

Daha sonra tədbirdə Serbiya Milli Opera Teatrının orkestri və Azərbaycanın əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Vaqif Adığözəlov, Həsən Rzayev, Səid Rüstəmov, Cüzeppe Verdi, Jorj Bize, Franz Lehar, Vittoria Monti və Peter Kristiç kimi tanınmış Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Konsert proqramında iştirak edən Serbiyanın tanınmış ifaçıları, soprano Yasmina Trumbetaş, bariton Aleksandr Samratoviç, pianoçu Mina Ristiçin çıxışları böyük maraqla qarşılanıb. İki ölkəni təmsil edən soprano Afaq Abbasova və Yasmina Trumbetaşın birgə çıxışı gecəyə xüsusi rəng qatıb. Professor, tarzən Ramiz Quliyevin ifası isə gecənin ən əlamətdar hadisələrindən birinə çevrilib.

Konsert Serbiya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb və ölkə mətbuatında geniş işıqlandırılıb. Tədbirdə Serbiya ictimaiyyətinin tanınmış nümayəndələri, diplomatik korpusun rəhbərləri və görkəmli mədəniyyət xadimləri iştirak ediblər.

 





12.05.2018    çap et  çap et