525.Az

“Cümhuriyyətin qurucuları” kitabının təqdimat mərasimi keçirildi - Foto


 

TƏDQİQAT ƏSƏRİ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN QURUCULARI OLAN 59 SİYASİ XADİMİN XATİRƏSİNƏ HƏSR EDİLİB

“Cümhuriyyətin qurucuları” kitabının təqdimat mərasimi keçirildi - <b style="color:red">Foto </b>

Dünən Rəsmi Qəbullar Sarayında (Səadət sarayı) “BP Azərbaycan” şirkəti görkəmli tarixçi, professor Nəsiman Yaqublunun “Cümhuriyyətin qurucuları” kitabının təqdimat mərasimini keçirib.

Tədbirdə çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, Şərqdə ilk demokratik respublikanın qurucuları olan 59 nəfərin xatirəsinə həsr edilmiş bu sanballı tədqiqat əsəri BP-nin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə hədiyyəsidir: “Cəmi 23 ay mövcudluğunu qoruya bilən Şərqin ilk və ən demokratik respublikası Azərbaycan xalqının milli qürur mənbələrindən biridir. Cümhuriyyət qurucularının xalqın tarixinə verdiyi töhfələr əvəzsizdir. Onlar iki ilə yaxın dövr ərzində çox böyük işlər görüblər. Bu işlərin sırasında Ana dilinin dövlət dili elan edilməsi, qadınlara seçki hüququnun verilməsi, milli ordunun qurulması, təhsilin milliləşdirilməsini qeyd etmək olar. Azərbaycan Xalq Cümhuriyyəti qarşısına qoyduğu bütün məqsədlərə tam nail olmadan süqut etsə də, xalqın azadlıq ruhunu oyada bilib”.

B.Aslanbəylinin sözlərinə görə, BP fəxr edir ki, istiqlal mübarizəsi aparmış bu 59 şəxsiyyətin xatirəsinə həsr edilmiş tədqiqat işinə və kitabın nəşrinə dəstək verib: “Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkəti ölkənin zəngin mədəni irsini və milli dəyərlərini təbliğ edən təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyib. Azərbaycanın ilk demokratik respublikası əsl milli dəyərdir və BP şirkəti olaraq biz cümhuriyyətin 100 illiyinin bayram edilməsinə qoşulmaqdan və xalqın qürur hissini paylaşmaqdan şərəf duyuruq”.

BP-nin vitse-prezidenti bildirib ki, bu kitab Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Almaniya və Polşanın arxivlərində uzun müddət aparılmış geniş tədqiqatın nəticələrini əks etdirir: “Kitabda tarixi məlumatlar, faktlar və 59 nəfər cümhuriyyət qurucusunun həyatından götürülmüş məqamlar, həmçinin, onların hökumət və dövlət rəhbərləri kimi faciəli şəkildə sona çatmış qısa fəaliyyətləri haqqında məlumatlar öz əksini tapıb”.

B.Aslanbəyli daha sonra məlumat verib ki, təmsil etdiyi BP şirkəti dünyanın ən böyük neft və qaz təchizatçılarından biridir: “Şirkətin fəaliyyəti əsas enerji mənbələrinin təhlükəsiz işlənməsi və hasilatını əhatə edir. BP 26 ildir ki, Azərbaycanda neft və qaz yataqlarının geoloji-kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələri təhlükəsiz və etibarlı şəkildə idarə edir. İndiyədək BP öz tərəfdaşları ilə birlikdə Azərbaycandakı layihələrə 70 milyard dollardan artıq sərmayə qoyub, on minlərlə iş yeri açmaqla və geniş sosial sərmayə fəaliyyətlərinə qatılmaqla yerli icmalara faydalar gətirib. BP şirkətində 3000 nəfərə yaxın Azərbaycan vətəndaşı çalışır”.

BP-nin vitse-prezidenti əlavə edib ki, ölkənin zəngin mədəni irsinin inkişafına və təbliğinə dəstək BP-nin sosial sərmayələr fəaliyyətinin prioritet istiqamətlərindən biridir: “Azərbaycanın uzunmüddətli və etibarlı neft-qaz tərəfdaşı kimi ötən 26 il ərzində BP yerli potensialın yaradılması, təhsil, icmaların, yerli sahibkarlığın, idman potensialının inkişafı və bir sıra digər sahələrə sərmayələr qoymaqla ölkəyə dəstək verib. BP-nin bu fəaliyyəti ölkənin güclü gələcəyinin qurulmasına sərmayədir”.

Kitabın müəllifi N.Yaqublu qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları haqda tədqiqat işi hazırlayarkən təkcə arxiv materiallarından istifadə etməyib, eyni zamanda, həmin tarixi şəxsiyyətlərin ailə üzvləri ilə görüşərək məlumatlar əldə edib: “59 qurucu şəxsiyyət haqda məlumatlarda bir çox hallarda qeyri-dəqiqliklər olduğu üçün bu prosesi həyata keçirmək çətin idi. Çünki cümhuriyyət xadimlərinin əksəriyyəti təqib olunub, bəziləri güllələnərək öldürülüb. Buna görə, həmin şəxsiyyətlərin nə vaxt vəfat etdiyini dəqiqləşdirmək üçün onların məzar daşlarına baxmaq zərurəti yaranmışdı. Hətta bəzi cümhuriyyət qurucularının ailə üzvləri 1921-ci ildə onların qətlə yetirildiyini düşünürdülər. Ancaq arxiv sənədləri sübut edib ki, həmin insanlar keçən əsrin 30-cu illərində mühacir həyatı yaşayıblar”.

N.Yaqublu bildirib ki, kitabda cümhuriyət qurucularının nə qədər vətənpərvər, millətsevər olması 3 məqamda özünü göstərir: “Birincisi, həmin şəxsiyyətlərin fəaliyyəti, həyata keçirilən islahatlar, ikincisi, parlament çıxışları, sərəncamlar, üçüncüsü isə cümhuriyyətin süqutundan sonrakı fəaliyyətləri, məktublaşmalar Azərbaycanın bu siyasi xadimlərinin vətən, dövlət, xalq üçün böyük işlər gördüyünü sübut edir. Biz həmin şəxsiyyətlərin həyatlarındakı xoş məqamlardan danışsaq da, həm özlərinin, həm də ailə üzvlərinin həyatları çox ağır, faciəvi keçib”.

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə və Fətəli xan Xoyski hökümətində ilk səhiyyə naziri olan, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilən Xudadat bəy Rəfibəylinin nəvəsi, Xalq yazıçısı Anar çıxış edərək Şərqdə ilk dəfə demokratik respublika quran siyasi xadimlərin həyat və fəaliyyətinə həsr olunmuş bu kitabı cümhuriyyətin 100 illiyinə verilmiş böyük töhfə kimi qiymətləndiriblər.

Qeyd edək ki, “BP Azərbaycan” şirkətinin sponsorluğu ilə Azərbaycan Xalq Cümhuriyyətinin son gününü və faciəvi süqutunu təsvir edən “Sonuncu iclas” adlı sənədli film çəkilib. Ekran işinin may ayının sonlarında təqdim olunması nəzərdə tutulub.

Ceyhun ABASOV

 





12.05.2018    çap et  çap et