525.Az

Paşinyan Ermənistanın düşdüyü xəndəyi dərinləşdirir


 

“İŞĞALÇI ÖLKƏNİN YENİ BAŞ NAZİRİ SƏLƏFLƏRİNİN SİYASƏTİNİ DAVAM ETDİRƏCƏKSƏ, ONU DA EYNİ AQİBƏT GÖZLƏYİR”

<b style="color:red">Paşinyan Ermənistanın düşdüyü xəndəyi dərinləşdirir</b>

Ermənistanın yeni baş naziri Nikol Paşinyan vəzifəsini icra etməyə başlayar-başlamaz siyasətdə təsadüfi adamlardan biri olduğunu ortaya qoyub.

Düşmən ölkənin yeni baş naziri İrəvandakı etiraz aksiyalarında sosial-iqtisadi böhrandan çıxış yolunu Qərbə inteqrasiyada gördüyünü bəyan etsə də, kreslosuna əyləşdikdən sonra əvvəlki çıxışlarından fərqli olaraq Rusiya ilə münasibətlərin daha da genişləndirilməsini vacib hesab etdiyini deyib. Bu o deməkdir ki, Paşinyanın hakimiyyəti dövründə də Ermənistan Rusiyanın vassalı olmaqda davam edəcək. Bu vədinə xilaf çıxan N.Paşinyanın onu baş nazir kürsüsünə qaldıranların etimadını tamamilə itirməmək üçün Dağlıq Qarabağla bağlı boğazdan yuxarı bəyanatlar səsləndirib. Azərbaycan torpaqlarına qanunsuz səfər edən Ermənistanın yeni baş naziri qondarma rejimi “müstəqil dövlət” kimi tanımağa cəsarət edə bilmədiyi halda Azərbaycanla danışıqlara separatçıların sözdə bərabərhüquqlu tərəf kimi iştirakı şərtilə qatılacağını bildirib. Həmçinin, o, Azərbaycanın ünvanına hədələyici və təhrikedici fikirlər də səsləndirib.

Azərbaycan prezidenti İlham Əliyev isə mayın 10-da Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışı zamanı bu sayıqlamalara cavab xarakteri daşıyan çıxışla yadda qalıb. Dövlət başçısı bildirib ki, rəsmi Bakının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır: “Biz güclü ordu qurmuşuq. Orduların gücünü müəyyən edən aparıcı reytinq agentlikləri Azərbaycan Ordusunu 50 güclü ordu sırasında görürlər. Biz bunu bilirik və bizim hərbi gücümüz gündən-günə artır. İki il bundan əvvəl Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib və o torpaqlarda - bizim doğma torpaqlarımızda bu gün Azərbaycan bayrağı dalğalanır. Əminəm ki, gün gələcək və Azərbaycan bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən, Şuşada və Xankəndidə qaldırılacaq”.

Azərbaycan Xarici İşlər Nazirliyi də N.Paşinyanın sayıqlamalarına reaksiya verib.

Əvvəlcə nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ilkin bəyanatları cavabdan daha çox böyük suallar doğurur və anlaşılmır: “Bu nədir? Sadəlövhlükmü, yoxsa mövzu barədə məlumatlı olmamaqmı? Bəlkə də, hamısıdır. Yaşayarıq, görərik”.

H.Hacıyev vurğulayıb ki, əgər Paşinyan da öz sələflərinin siyasətini davam etdirəcəksə, onu da eyni aqibət gözləyir: “Hər halda Azərbaycan prosesin başlanğıcında bəyan etmişdi ki, regionda baş verən hadisələrə ayıq qiymət verən və sağlam düşünən bir qüvvənin hakimiyyətə gələcəyinə ümid edir”.

Eyni zamanda, xarici işlər nazirinin müavini Xələf Xələfov qeyd edib ki, Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsi beynəlxalq hüququn pozulması deməkdir.

N.Paşinyanın işğal altında olan ərazilərə səfər zamanı Azərbaycana ünvanladığı hədələyici fikirləri təəssüflə qarşılayan nazir müavini bildirib ki, Ermənistanın yeni baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə bu cür həyasızcasına səfər etməsi və belə bəyanatlar verməsi danışıqlar prosesinin prinsiplərinə uyğun deyil. O bildirib ki, Ermənistan və Azərbaycan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsi uzun illərdir davam edir: “Bunun davam etməsinin əsas səbəbi ərazilərimizin işğal olunmasıdır. Ermənistan nə qədər ki, işğal etdiyi Azərbaycan ərazilərindən çəkilmir, bu məsələnin həlli uzanır, irəli gedə bilmir. Ümid edirik ki, yeni seçilmiş Ermənistan hakimiyyəti daha konstruktiv mövqe nümayiş etdirəcək, xüsusilə işğal olunmuş ərazilərin azad olunması məsələsində reallığı nəzərə alacaq. Onda danışıqlar prosesini sülh yolu ilə həll olunması prosesini irəli aparmaq olar”.

X.Xələfov əlavə edib ki, separatçı Dağlıq Qarabağ rejiminin danışıqlarda tərəf kimi iştirakını təklif etmək düzgün deyil: “Artıq danışıqlar formatı təsdiqlənib. ATƏT çərçivəsində format bəyan olunub. Danışıqlarda münaqişə tərəfi kimi Ermənistan və Azərbaycan, vasitəçi kimi Fransa, ABŞ və Rusiya iştirak edir. Biz inanırıq ki danışıqlar bu formatda da davam etdirilməlidir. Torpaqlarımızın tezliklə işğaldan azad olunması bir nömrəli məsələ kimi danışıqların mövzusu olacaq. Əvvəllər də belə cəhdlər olub. Lakin bu, real deyil, cəfəngiyatdır, danışıqlar prosesinə uyğun gəlmir. Dağlıq Qarabağ işğal olunmuş Azərbaycan ərazisidir və müzakirə predmeti deyil. Gündəlikdə olan vacib məsələlərdən biri də məcburi köçkünlərin işğal olunmuş torpaqlara qayıtmasıdır”.

Siyasətdə təcrübəsi olmayan, yalnız publikaya hesablanmış fikirlər səsləndirməkdən uzağa gedə bilməyən N.Paşinyan uzun illərdir Dağlıq Qarabağ münaqişəsinə görə Türkiyə ilə sərhədləri bağlanan Ermənistanın Ankarayla barışıq əldə etməsi üçün həyasızcasına şərtlər irəli sürüb. O, iki ölkə arasında münasibətlərin qurulması üçün Türkiyənin nəinki heç bir ön şərtini qəbul etməyəcəklərini, hətta münasibətlər qurulsa da, “Böyük Ermənistan” xülyasına uyğun sözdə problemli məsələlərin üzərinə gedəcəklərini bəyan edib. Yəni N.Paşinyan uydurma “erməni qoyqırımı” iddialarını davam etdirmək niyyətindədir.

Bu cür “siyasət”lə Paşinyanın heç də uzağa gedə bilməyəcəyi, Ermənistanın düşdüyü xəndəyi daha da genişləndirəcəyi hər kəsə aydındır.

Məsələ ilə bağlı fikirərini bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli qeyd edib ki, tipik erməni dığası Paşinyanın Qarabağ mövzusunda radikal çıxışları daxili ictimai rəyə hesablanıb: “O, Qarabağ klanına qarşı etiraz dalğası üzərində baş nazir postuna sahiblənib. Amma bu klan Ermənistanda hələ də söz sahibidir, ciddi maliyyə resurslarına malikdir. Klanı parçalamadan, Qarabağ ermənilərinin dəstəyini almadan, ən azı neytrallığını təmin etmədən Paşinyan və qrupu üçün qısamüddətli hakimiyyət dönəmində və seçkilərdə nəticə əldə etmək mümkün olmayacaq. Bu baxımdan da Qarabağ məsələsində özünü Sarkisyandan daha radikal göstərir. Dağlıq Qarabağın ayrıca subyekt kimi danışıqlar prosesinə cəlb edilməsi barədə bəyanatların da əsasında bu amil dayanır. Çünki Qarabağ klanının təmsilçiləri - Koçaryan və Sarkisyan bunu bacarmayıblar. Paşinyan da onların bacarmadıqları müstəvidən çıxış edərək dividend qazanmağa cəhd göstərir”.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndiyə səfəri zamanı Azərbaycan dövlətinin ünvanına söylədiklərinə görə cavab verməli olacaq. O SİA-ya bildirib ki, Paşinyanın bu səfəri Dağlıq Qarabağ münaqişəsi üçün müsbət heç nə vəd etmir.

Q.Hüseynli qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq üçün Paşinyan normal siyasət yürütməyə başlamalıdır: “Əks halda, son sözü Azərbaycan ordusu demək məcburiyyətində qalacaq”

Politoloq vurğulayıb ki, Paşinyan bölgəni müharibəyə sövq edə bilər: “Hazırda danışıqlar prosesi dalana dirənib. Bundan başqa, yeni baş nazir də bu haqda danışmır və irəli sürdüyü şərtlərlə danışıqlar prosesindən imtina etdiyini göstərir. Paşinyan bildirir ki, danışıqlar prosesində Dağlıq Qarabağ da iştirak etməlidir. Belə olan halda, danışıqlar prosesi heçə enmiş olur”.

Ceyhun ABASOV

 





12.05.2018    çap et  çap et