525.Az

Güvənilən ədəbi şəxsiyyət


 

Güvənilən ədəbi şəxsiyyət<b style="color:red"></b>

Əziz və unudulmaz Elçin müəllim!

Sizin şəxsiyyətiniz və çoxyönlü yaradıcılığınız haqqında düşünəndə elə bildim axar-baxarlı uca bir dağın ətəyində dayanmışam. Siz dəryanəfəs bir sənətkarsınız. Yaradıcı əməyinizin miqyası o qədər böyük, əzəmətli və hüdudsuzdur ki, hansı səmtdən yanaşmaqda adam çətinlik çəkir. Siz görkəmli nasir, dramaturq, tənqidçi və kinossenaristsiniz. Sizin “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, lap son illərdə yazdığınız “Baş” romanını, çoxsaylı povest və hekayələrinizi, tənqidi və publisisit məqalə və esselərinizi sevə-sevə oxuyan bir adam kimi həmişə tükənməz yaradıcılıq ehtirasınıza heyran olmuşam.

Sizin kitaba olan sevginiz, nəinki Azərbaycan ədəbiyyatına, dünya ədəbiyyatına bələdliyiniz, yaxşı mənada, qibtə olunacaq qədər genişdir. Bunu “Elçinlə ədəbiyyat söhbəti” kitabını oxuyan hər bir kəs etiraf edər.

Sizin ssenariləriniz əsasında çəkilmiş bədii filmlərə bu gün də məmnunluq hissi ilə baxırıq.

Siz həmişə xeyirxah olmusunuz, hər zaman unudulmuş yazıçılarımızın əsərlərinin çap olunmasına köməklik göstərmisiniz. Hər bir söz adamının qiymətini və dəyərini vaxtında vermisiniz.

Gənc yaşlarınızdan hər bir qələm əhlinin güvəndiyi bir şəxsiyyətsiniz.

Əziz Elçin müəllim! Sizin 75 yaşınız tamam olur! Bu əziz gün münasibəti ilə Sizi ürəkdən təbrik edir, uzun ömür, can sağlığı arzulayıram. Sizi həmişə ədəbiyyatımızın önündə görürük və inanırıq ki, 80-də də, 90-da da belə olacaq!

 





14.05.2018    çap et  çap et