525.Az

BƏƏ-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edildi - Fotolar


 

BƏƏ-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edildi - <b style="color:red">Fotolar </b>

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabi şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar təntənəli mərasim keçirilib.

Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə ali qonaq qismində BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Yaqub Yusif Al Husayni, ölkənin hökumət təşkilatlarının yüksək vəzifəli rəsmiləri, şeyxa Fatimə bint Mübarəkin başçılıq etdiyi Ali Qadınlar İttifaqının rəsmi nümayəndələri, səfirlər və diplomatik korpusun digər təmsilçiləri, ictimai və incəsənət xadimləri, beynəlxalq təşkilatlar və KİV nümayəndələri, sahibkarlar, həmçinin Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Azərbaycanın və BƏƏ-nin dövlət himnləri ilə başlayan tədbirdə səfir Daşqın Şikarov açılış nitqilə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, müsəlman Şərqində ilk demokratik respublikanın yaradıldığı zaman qarşıda duran çətinliklər, onların öhdəsindən gəlmək uğrunda o zamanın tarixi şəxsiyyətlərinin keçdiyi keşməkeşli yol, ADR müstəqilliyini itirənədək baş verən hadisələr barədə ətraflı məlumat verib.

Səfir 71 ildən sonra müstəqilliyini bərpa etməyə nail olmuş Azərbaycan Respublikasının müasir inkişaf tarixi barədə də danışaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin və dünyada Azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi naminə göstərdiyi xidmətlərdən, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionda və dünyada müstəqil mövqe qazanması, bütün sahələrdə əldə edilmiş inkişaf barədə ətraflı məlumat verib. Xoş təsadüf nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünün Azərbaycan xalqının dahi lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi və BƏƏ-nin qurucusu Şeyx Zayed əl Nəhyanın 100 illiyi ilə üst üstə düşdüyünü qeyd edib.

Səfir Azərbaycan və BƏƏ arasında əlaqələr barədə də qısa danışaraq bu münasibətlərin İslam Əməkdaşlıq Təşkilatının Mərakeşdə keçirilən tədbiri çərçivəsində Heydər Əliyev və şeyx Zayed Əl Nəhyanın görüşündən sonra yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, dövlətlərarası münasibətlərin inkişafında və möhkəmləndirilməsində ölkələrimizin liderlərinin xüsusi rolunu vurğulayıb.

1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər yaradılandan sonra sürətlə inkişaf edən dostluq əlaqələrinin Azərbaycan və BƏƏ tarixində yeni mühüm səhifə açdığını vurğulayan Daşqın Şikarov, hər iki ölkənin uğurlu inkişaf yolu keçərək regionun mühüm dövlətlərinə çevrildiyini, bu illər ərzində münasibətlərin sürətlə inkişaf etdiyini, rəsmi şəxslərin çoxsaylı görüşləri, qarşılıqlı səfərlərinin həhyata keçirildiyini, müxtəlif tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb.

Səfir, xüsusilə, Azərbaycan prezidentinin 2016-cı ildə BƏƏ-yə, BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdulla Əl Nəhyanın 2017-ci ilin mayında Bakıya rəsmi səfərinin ikitərəfli əlaqələr üçün yeni perspektivlər yaratdığını vurğulayıb, İlham Əliyevin BƏƏ ilə əlaqələrə önəm verdiyini, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın, Şeyxa Fatimə bint Mübarəkin ikitərəfli əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd edib. Erməni işğalına toxunan diplomat İlham Əliyevin rəhbərliyi altında tezliklə işğal altında olan torpaqların azad ediləciyini, novbəti bayramların Şuşada, Laçında qeyd olunacağına Azərbaycan xalqının əmin olduğunu bildirib.

İkitərəfli iqtisadi əlaqələr barədə danışan D.Şikarov Azərbaycan ilə BƏƏ arasında əməkdaşlıq üçün sağlam hüquqi bazanın yaradıldığını, ticarət, sərmayə, turizm və aviasiya sahəsində uğurlu əməkdaşlığın olduğunu, hazırda ölkələrimiz arasında Azərbaycan Hava Yolları, Etihad Hava Yolları, Silk Way, Flydubai və AirArabia aviaşirkətlərinin sərnişin və yük daşınması ilə məşğul olduğunu, birbaşa hava əlaqəsinin iqtisadi və ticarət əlaqələrinə töhfə verdiyini vurğulayıb, həmçinin Azərbaycan məhsullarının BƏƏ bazarında daha çox tanıdılması, yayılması məqsədilə görülən işlər barədə məlumat verib. Səfir BƏƏ ilə əməkdaşlığa verilən xüsusi önəmin nəticəsi olaraq Azərbaycanın xarici ölkələrə göndərdiyi dörd ticarət nümayəndəsindən birinin də BƏƏ-yə təyin ediliyini diqqətə çatdırıb.

Tədbirdə qonaqlar Səbuhi İbayev, Ceyhun Muradov, Rəvanə Qurbanova və Kamal Nuriyevin iştirakı ilə muğam konsert proqramını dinləyib, səfirliyin nəzdində fəaliyyət göstərən Qarabağ İnciləri qrupunun ifasında milli rəqsləri seyr ediblər. Rəsmi hissə başa çatdıqdan sonra Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə şənlik davam edib.

Tədbir çərçivəsində Azərbaycanda istehsal olunan məhsulların və turizm xidmətlərinin sərgisi təşkil edilib, AZAL, SilkWay, Zakher Travel, Qazelli, Azersun, Bağdan, Badamlı və Sirab şirkətlərinin məhsulları nümayiş etdirilib, Azərbaycan çay çeşidlərindən, şirniyyatlarından ibarət süfrə təşkil olunub, Azərbaycan incəsənət və mədəniyyətini təcəssüm etdirən suvenirlərdən, Heydər Əliyev, İlham Əliyev, turistik məkanlar kimi məlumatlar barədə kitab və çap materiallarından, İrs jurnalı, "Əbədi ezamiyyət” sənədli filminin disklərindən hazırlanmış hədiyyələr tədbir iştirakçılarına paylanılıb.

Tədbirdə iştirakçılara Azərbaycan, Ərəb, Avropa mətbəxlərindən yemək, içki və şirniyyatlar təqdim olunub, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Ədəbi ezamiyyət” sənədli filmi, Azərbaycan və BƏƏ arasında rəsmi təmaslar, Azərbaycanın təbiəti, tarixi, görməli yerləri və s. barədə təbliğat videoçarxları nümayiş etdirilib.

BƏƏ-nin xarici işlər nazirinin müavini Yaqub Yusif Al Husayni Azərbaycanla münasibətlərdən danışaraq bu əlaqələrin siyasi, diplomatik, iqtisadi, humanitar və digər sahələrdə dinamik inkişaf etdiyini vurğulayıb.

Yaxın keçmişdə Azərbaycana səfər etdiyini vurğulayan nazir müavini prezident İlham Əliyevlə görüşü barədə danışıb.













 





15.05.2018    çap et  çap et