525.Az

Kamilə Əliyeva: "Minsk qrupu özfəaliyyətlə məşğuldur"


 

Kamilə Əliyeva: "Minsk qrupu özfəaliyyətlə məşğuldur"<b style="color:red"></b>

"Münaqişənin başlamasından 30 il ötsə də, hələ də dünyada sürən ikili standartlar, ədalətsizliklər səbəbindən Qarabağ probleminin həllində müsbətə, irəliyə doğru bir addım atılmayıb".
 
Bu fikirləri "525"ə açıqlamasında millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva deyib. O qeyd edib ki, keçmiş Sovetlər Birliyi rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz mövqeyi, o cümlədən, iki əsrdən çoxdur türk dünyasına düşmən mövqeyində dayanan, türklərə, azərbaycanlılara qənim kəsilən ermənilərin qəsbkarlıq siyasəti səbəbindən başlayan Qarabağ münaqişəsi öz ədalətli və müsbət həllini hələ də gözləməkdədir.

Onun sözlərinə görə, çox təəssüflər olsun ki, nə Sovetlər Birliyinin rəhbərliyi ermənilərin bu təcavüzkarlıq, işğalçılıq siyasətinin qarşısını aldı, nə də həmin imperiya süquta uğrayandan sonra dünya birliyi, beynəlxalq ictimaiyyət və beynəlxalq qurumlar, aparıcı dövlətlər bu konfliktin həllində maraqlı oldu. "Əksinə, 1991-ci ildən, yəni SSRİ-nin dağılması və post-sosialist sistemin çökməsi ilə dünyada yeni müstəqil dövlətlər yaranandan sonra bu münaqişə daha qanlı mərhələsinə daxil oldu.Tarixdə misli-bərabəri olmayan, insanlıq və bəşəriyyət əleyhinə yönələn dəhşətli  Xocalı, Bağanıs Ayrım, Ağdaban soyqırımları və digər qanlı qətliamlar törədildi, bir milyona yaxın insan, Azərbaycan türkü qaçqın və məcburi köçkünlük həyatı yaşamağa məhkum edildi. Nə BMT və onun Təhlükəsizlik Şurası, nə ATƏT və onun Minsk qrupu, nə həmsədrlər institutu, nə də digər təzyiq və təsir imkanları yetərincə olan  beynəlxalq qurumlar münaqişənin dayandırılması, təcavüzkarın geri çəkilməsi, öz yerində oturdulması üçün addım atdı.
 
Düzdür, BMT Təhlükəsizlik Şurası dörd məlum qətnamə qəbul etdi, digər bəzi qurumlar ermənilərin təcavüzkarlığını pisləyən qərar və qətnamələr çıxardı, amma həmin sənədlərin icra olunması istiqamətində heç nə etmədilər. Sadəcə seyirçi mövqe tutmaqla öz işlərini başa çatmış saydılar. ATƏT-in Minsk qrupu və həmsədrlər özfəaliyyətlə, sanki turizm fəaliyyətilə məşğuldurlar. Elə hey gəlirlər, yeyib-içib, gedirlər, ara-sıra dəyəri, effekti olmayan boş bəyanatlar verib, bununla da işlərini bitmiş sayırlar.Bir çox hallarda işğalçı ilə işğala məruz qalanı eyniləşdirir, hətta təcavüzkarı, işğalçını açıq və gizli yollarla yenidən işğala sövq edir, həvəsləndirirlər. Elə son günlər baş verənləri götürək.
 
Ermənistanda qatı cinayətkar xunta rejiminin banilərindən olan Serj Sarkisyan istefaya göndərilsə də, ondan heç də geri qalmayan birisi - Paşinyan "qəfildən" hakimiyyət kürsüsünə - taxtına çıxarıldı.

O, Azərbaycana Ermənistanın, ermənilərin birbaşa günahından başlayan Qarabağ münaqişəsinə fərqli münasibət, yanaşma ortaya qoymadı, əksinə, daha dağıdıcı, daha destruktiv mövqe sərgilədi. Ancaq münaqişənin həllində "vasitəçilik missiyası" ilə məşğul olanlar yenə də hər şeyi görməzdən gəldilər, onun avantürist və bölgədə təhlükəsizliyi ciddi şəkildə təhdid edən çağırışlarına, davranışlarına səssiz qaldılar... Bu isə onu göstərir ki, Qarabağ münaqişəsinin həllində vasitəçilərdən, həmsədrlərdən və digər beynəlxalq qurumlardan nəsə gözləməyə dəyməz. Onlar münaqişəni yola verə-verə gedəcəklər, necə ki, bunu illərdir edirlər.

Bununla yanaşı, Azərbaycan yenə də sülh, danışıqlar prosesinə üstünlük verir. Münaqişənin sülh yolu ilə həllində maraqlıdır və bunu da əməli addımları ilə nümayiş etdirir. Ancaq Azərbaycan münaqişənin həllində hərb variantından istifadə hüququnu özündə saxlayır və bunu istisna etmir. Dövlət başçımız da dəfələrlə bəyan edib ki, Azərbaycan Ermənistanın işğalı ilə heç zaman barışmayacaq, ərazilərindən bir qarış kimsəyə güzəşt etməyəcək və ehtiyac yarandığı zamanda, heç kimdən icazə gözləmədən digər vasitələrlə münaqişənin həlli istiqmətində addımlar atıb, düşməni yerində oturdacaq... Ermənilər, Ermənistan, onların daxili və xarici havadarları bunu anlasalar, dərk etsələr, yaxşı olar, yoxsa sonra onlar üçün çox gec olar", - deyə millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





15.05.2018    çap et  çap et