525.Az

Paşinyan Qərblə Rusiya arasında var-gəl edir


 

"ERMƏNİSTAN AVROPA İTTİFAQI İLƏ ƏMƏKDAŞLIQ OYUNUNDA MÜƏYYƏN VƏSAİTLƏR ƏLDƏ EDİB YENİDƏN MOSKVANIN YANINA QAYIDA BİLƏR"

<b style="color:red">Paşinyan Qərblə Rusiya arasında var-gəl edir</b>

Ermənistanın yeni baş naziri Nikol Paşinyan Qərblə Rusiya arasında var-gəl etməkdədir. Bu dəfə o, Soçidə Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin başçılarının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Rusiya prezidenti Ermənistanın yeni hökumətinin dövründə Moskva və İrəvan arasında münasibətlərin əvvəlkindən daha yaxşı inkişaf edəcəyinə ümid etdiyini söyləyib, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb.

Hakimiyyətə rəhbər seçilməzdən qabaq Kreml əleyhinə ən sərt şəkildə çıxışlar edən, ölkəsini Avrasiya İqtisadi İttifaqından uzaqlaşmağa səsləyən Paşinyan indi əvvəlki fikirlərindən tamamən imtina edir. Vəzifəsini icra etməyə başlayar-başlamaz siyasətdə təsadüfi adamlardan biri olduğunu ortaya qoyan yeni baş nazir bununla Rusiyaya meyilli kurs həyata keçirəcəyinə dair siqnallar verməkdədir. Ancaq Kreml bir dəfə ona xəyanət etmiş erməninin eyhamlarına sadəlövhcəsinə inanan deyil. Ona görə də, öz forpostunda vəziyyəti nəzarətdən çıxarmamaq üçün Rusiyanın atacağı addımlar maraq doğurur. Hər halda dərin zəkaya sahib olmayan Paşinyanın hakimiyyəti dövründə də Ermənistan Rusiyanın vassalı olmaqda davam edəcək.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verməyib, çünki orada sözün əsl mənasında hakimiyyət yoxdur: "Daha dəqiqi Ermənistanı oradakı hakimiyyət idarə etmir, hakimiyyətdəkiləri yönəldənlər idarə edir".

S.Alıyev bildirib ki, Nikol Paşinyanın Serj Sarkisyanın yerində əyləşməsi hələlik işğalçı rejimin yox, fərdlərin dəyişməsi kimi qiymətləndirilə bilər.

Deputatın sözlərinə görə, Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib ki, artıq daha ləyaqətli siyasət yeridəcəklər: "Demək, özləri də indiyədək ləyaqətsiz siyasət yeritdiklərinin fərqindədirlər".

S.Alıyev hesab edir ki, Ermənistanın ləyaqətli siyasət yürütməsi üçün ilk növbədə dövlət kimi müstəqil olmalıdır, hər hansı güc mərkəzi ondan geosiyasi alət kimi faydalanmamalıdır: "Düşmən ölkədə isə yaxın və orta perspektivdə bunların heç biri mümkün deyil".

Politoloq Fikrət Sadıqov isə qeyd edib ki, Nikol Paşinyan çox ziddiyyətli şəxsdir və onun heç bir siyasi təcrübəsi yoxdur. O, SİA-ya bildirib ki, Paşinyanın indiyədək fəaliyyəti müxalifətə rəhbərlik etmək, insanları hakimiyyətə qarşı ayağa qaldırmaqdan ibarət olub: "Bütün bunlar, əlbəttə ki, dövləti inkişaf etdirmək və ölkələrlə münasibətlər qurmaq üçün kifayət deyil".

Politoloqun sözlərinə görə, Paşinyanın bundan sonra Azərbaycanla Dağlıq Qarabağ münaqişəsi kimi mürəkkəb problemin ətrafında müzakirə və danışıqlar aparması sual altındadır: "Yeni baş nazir Dağlıq Qarabağla bağlı sərt, reallığa uyğun olmayan bəyanatlar verir. Paşinyanın münaqişə ilə bağlı danışıqlarda Dağlıq Qarabağın qurum kimi iştirak etməsi ilə bağlı səsləndirdiyi fikirlər onun bir sıra sənədlərdən xəbərsiz olduğunu göstərir".

F.Sadıqov onu da qeyd edib ki, əgər Paşinyan baş nazirlik fəaliyyətini davam etmək istəyirsə, o zaman ölkənin həm daxili, həm də xarici siyasətindən xəbərdar olmalıdır: "Paşinyanın xəbəri yoxdur ki, 1990-cı illərin əvvəlində ATƏT-in Minsk qrupu yarananda orada tərəf kimi Azərbaycanla Ermənistanın adı çəkilir. Heç bir sənəddə Dağlıq Qarabağın ayrıca qurum kimi danışıqlarda iştirak etməsi əks olunmur. Əgər Paşinyan bunun əksini istəyirsə, o zaman erməni icması, azərbaycanlı icması ilə danışıqlar aparmalıdır. O, münaqişənin həlli ilə bağlı istiqamətləri bilməlidir. Paşinyanın təcrübəsiz olması ilə yanaşı, savadı da hiss olunmur. Onun müxtəlif dilləri bilməsi heç də onun savadının göstəricisi deyil".

Politoloq deyib ki, Paşinyanın münaqişə ilə bağlı sərt bəyanatları Ermənistanın maraqlarına uyğun deyil: "Əgər o, düşmən ölkədə yoxsulluq, miqrasiya, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasına qarşı mübarizə aparmaq istəyirsə, o zaman siyasi kursunu dəyişməlidir. Bu cür bəyanatlar, belə siyasətlə onlar heç nəyə nail ola bilməyəcəklər".

F.Sadıqov bildirib ki, Paşinyan Azərbaycanın gücünü görmək istəyirsə, o zaman öz siyasətini davam etdirsin: "Ermənistan tərəfinin məsələnin həllində sağlam düşüncəyə malik olması əsas şərtlərdəndir. Əks halda, işğalçı ölkənin hazırkı vəziyyətdən çıxmaq şansı sıfıra enir".

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə hesab edir ki, Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri və orada ölkəmizə qarşı əsassız ittihamlar səsləndirməsi Ermənistanda olan hakimiyyət böhranının göstəricisidir: "Çünki orada ciddi gərginlik mövcuddur. Paşinyan başıpozuq bir siyasət yeridir".

Onun sözlərinə görə, ümumiyyətlə normal bir rəhbər o cür hərəkət etməyi özünə rəva bilməzdi: "Paşinyanın Azərbaycana qarşı şərtlər irəli sürməsi normal qarşılana bilməz. Başqa ölkələrdə hökumət başçısı bunu özünə rəva görməzdi. Bu, səviyyəsizlikdən xəbər verir. Digər tərəfdən, bu, ermənilərin Azərbaycana, Qarabağa olan münasibətinin göstəricisidir. Ümumiyyətlə fərqi yoxdur erməni ermənidir və Azərbaycana qarşı ədalətsiz mövqedədir. Özlərinin işğal faktını heç bir halda etiraf etmək istəmirlər və ona müxtəlif don geyindirməyə çalışırlar". Qat sədri bildirib ki, rəsmi Bakının Ermənistandan hansısa müsbət addım gözləməyinə dəyməz: "Onların qarşısına Azərbaycan ancaq güc, qüvvə ilə çıxmalıdır. Paşinyan qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. Onun gəldiyi helikopter Azərbaycan tərəfindən vurulmalı idi. Əgər ermənilər bu cür həyasızlıq edirlərsə, onların qarşısında güc göstərmək lazımdır".

Siyasi şərhçi Arzu Nağıyev isə qeyd edib ki, Nikol Paşinyan bir müddət öncə Rusiya, Avropa Birliyi, İran və Gürcüstan səfirləri ilə görüşmüşdü: "O, həm Qərbə, həm də region ölkələrinə meyillilik nümayiş etdirməklə balansı qorumağa çalışır. Bəzi müşahidəçilər şübhə etmir ki, Nikol həm də Rusiyanın iradəsinə uyğun hərəkət edir. Çünki sanksiyalarla üz-üzə qalan Rusiya Ermənistan adlı yükdən xilas olmaq üçün onu müəyyən müddət sərbəst buraxmağı faydalı sayır".

A.Nağıyevin sözlərinə görə, Ermənistan Avropa İttifaqı ilə əməkdaşlıq oyununda müəyyən vəsaitlər əldə edib yenidən Rusiyanın yanına qayıda bilər: "Ötən il Ermənistanın NATO təlimlərində iştirakı Putinlə razılaşdırılmışdı, lakin sonuncu təlimə qatılmaqla bağlı qərar son anda ləğv edildi. Sarkisyan Soçidə Putinlə görüşən zaman. Çox güman ki, bu dəfə də Ermənistandakı proseslər Rusiyanın dirijorluğu ilə cərəyan edir və Paşinyanın ilk xarici səfərini Rusiyaya etməsi də bundan xəbər verir. Əks təqdirdə, Paşinyanı aradan götürmək Rusiya üçün çox asan idi".

Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfərinə toxunan siyasi şərhçi hesab edir ki, Ermənistanın yeni baş naziri bununla ona satqın damğası vuranlarına cavab verməyə çalışdı: "Məlumdur ki, bütün Ermənistan rəhbərləri ilk olaraq işğal olunmuş Dağlıq Qarabağa üz tuturlar və bununla da iqtidara gəlmək üçün hansı kartdan istifadə edildiyini göstərirlər. Deməli, Paşinyanın da hələlik kursu dəyişmək istəyi yoxdur".

A.Nağıyev bildirib ki, korrupsiya ilə mübarizə adı altında başlanılan inqilablar Rusiya ilə kifayətlənmədən, Qərbə doğru addımlar atmaqdan ibarətdir: "Hələ ki, bu, Ermənistanda baş vermir. Paşinyan nə qədər başa salmağa çalışsa da ki, korrupsiyanın kökündə Sarkisyan və onun klanı durur, əsas məsələ məhz geosiyasi, daha doğrusu, Dağlıq Qarabağ məsələsinin həll edilməməsidir. Bu, Ermənistan üçün ən böyük problemdir, bunu artıq bütün vətəndaşlar dərk edir. Paşinyan bunu başa salmaq üçün böyük imkana malikdir. O da bilir ki, Dağlıq Qarabağ məsələsi həll edilməyə qədər Ermənistan səfalət içində olacaq və daima Rusiyadan asılı vəziyyətdə qalacaq. Lakin bunun əksinə olaraq, Paşinyan variant kimi kursun dəyişməyəcəyini göstərməyə çalışır. O çalışacaq ki, lider olduğunu sübuta yetirsin, yeni parlament seçkiləri keçirməyə nail olsun. Ancaq bununla Ermənistan vətəndaşlarının iqtisadi vəziyyəti düzəlməyəcək, əksinə, o, öz hörmətini itirib gözdən düşəcək, vətəndaş isə yenə kasıblıq və səfalət içində qalacaq. Çünki Dağlıq Qarabağ münaqişəsi həll edilmir".

Siyasi ekspert Bəhruz Quliyev də hesab edir ki, Paşinyan qeyri-ciddi siyasətçidir. O, "Trend"ə bildirib ki, ümumiyyətlə, Ermənistanın bünövrəsi əyri qoyulub və bu cür davam edərsə, heç vaxt inkişafda, tərəqqidə olan dünyaya inteqrasiya edə bilməyəcək: "Biz bir reallığın şahidləriyik ki, uzun illərdir "dənizdən-dənizə" adlı utopik düşüncə kontekstində xəyallar quran erməni ictimaiyyəti və onların liderləri həmin "siyasət"in güdazına gedərək dünyadan təcrid olunmuş vəziyyətdə qalıblar: "İstər Paşinyan, istərsə də Ermənistanın əvvəlki rəhbərləri düşmən ölkənin uçuruma doğru yuvarlanaraq məhvə sürüklənməsində pay sahibləridirlər. Hər kəs Serj Sarkisyanı devirən Nikol Paşinyanın normal fikirlərlə çıxış edəcəyini gözləyirdi. Lakin o, öz naşılığını, küçə siyasətçisi olduğunu dərhal ucuz bəyanatları ilə nümayiş etdirdi. Bu gün regionda lider dövlət olaraq qiymətləndirilən, ən güclü ordular sırasında yer alan, beynəlxalq terrorla mübarizəyə xüsusi töhfələrini verən, regional və beynəlxalq layihələrdə təşəbbüskar, eləcə də iştirakçı ölkə kimi dəyərləndirilən Azərbaycan dövlətinə qarşı səviyyəsiz mövqeyini ortaya qoymuş Paşinyan hələ də anlamır ki, onun ölkəsi məhz belə uğursuz siyasətlər, yöndəmsiz bəyanatlar nəticəsində təcrid olunmuş vəziyyətə düşüb".

B.Quliyev qeyd edib ki, N.Paşinyanın istər Rusiyaya, istərsə də Qərbə doğru meyillənməsi Ermənistana heç nə verməyəcək: "Ermənistan bir dövlət olaraq artıq öz müstəqilliyini itirib".

Ceyhun ABASOV

 





15.05.2018    çap et  çap et