Bu gün Azərbaycanda demokratik inkişaf, dünya arenasına inteqrasiya prosesi sürətlə gedir.
Müstəqilliyimizi ikinci dəfə qazandıqdan bu günədək ölkəmiz iqtisadi inkişafa və həyatın bütün sahələrində olduğu kimi insan və vətəndaş azadlıqları, vətəndaşların hüquq və azadlıqlarının təmin olması, demokratik bir cəmiyyət formalaşıdırlması istiqamətində ciddi uğurlar əldə edib. Azərbaycan müxtəlif beynəlxalq təşkilatların rəhbərliyində təmsil olunmaqdadır. Bu proses bu gün də davam etdirilir.
Demokratiyanın əsas atributlarından biri də azad, ədalətli və şəffaf seçkilərdən keçir. 2013-cü il Azərbaycan üçün çox mühüm seçki ilidir. Bu il ölkəmizdə prezident seçkiləri keçiriləcək. Seçkilərin demokratik keçirilməsi, şəffaflığı isə vətəndaşların seçkidə fəal iştirak etməsi, seçki haqqında mükəmməl məlumatlara malik olmaları, seçki prosesində nə etməli olduqları, bir sözlə bu sahədə maariflənməli olmalarından keçir.
Buna görə də əhalinin, xüsusən də gənclərin seçkiyə getməsi üçün onlar arasında maarifləndirmə işlərinin aparılması vacibdir. Bu xüsusi ilə rayon yerlərində daha vacibdir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən keçirilən “Ağdam rayonunda gənc seçicilərin maarifləndirilməsi və aktivliyinin yüksəldilməsi” layihəsi Ağdam rayonunun hazırda dövlətimizin nəzarətində olan 23 faiz ərazisində yaşayan gənc seçicilərin, xüsusən ilk dəfə səsvermə prosesində iştirak edəcək gənclərin maarifləndirilməsinə yönəlib.
“Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin sədri Amil Cavadov bildirib ki, bu layihə birbaşa rayon ərazisində yaşayan 500 nəfər ilk dəfə səsvermə hüququ qazanmış gənci əhatə edir. Layihə çərçivəsində gənc seçicilərə seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydalar, seçkidə müşahidəçi kimi iştirak etmək hüququ, müşahidəçilərin hüquq və vəzifələri ilə bağlı xüsusi təlimçilər tərəfindən təlimlər keçirilib.
Layihənin həyata keçirilməsi üçün hazırlanan maarifləndirici materiallar həm birbaşa layihədə iştirak edən gənclərə, həm də layihəyə qatılmayan digər gənc seçicilərə paylanılıb.
çap et