525.Az

ABŞ-ın Qüdslə bağlı addımı etirazla qarşılanır


 

"AMERİKANIN QÜDSDƏ BİR PARÇA TORPAĞA SAHİB OLMAQ İSTƏYİ 60 İNSANIN ÖLÜMÜ İLƏ NƏTİCƏLƏNDİ"

ABŞ-ın Qüdslə bağlı addımı etirazla qarşılanır<b style="color:red"></b>

ABŞ-ın İsrailin Təl-Əvivdəki Səfirliyini Qüdsə (Yerusəlim) köçürməsinə etiraz edən fələstinlilərə qarşı silahdan istifadə olunması kütləvi insan ölümünə səbəb olub.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Amerikanın Qüdsdə bir parça torpağa sahib olmaq istəyi birinci gün 60 insanın ölümü ilə nəticələndi: "Kimsə deyə bilər ki, onsuz da diplomatik konsulluğun binasına vurulan rəmzi lövhənin necə adlanmasının elə bir əhəmiyyəti yox idi. Əsas məsələ, Ağ Ev rəhbərinin İsrail dövlətinin paytaxtına verdiyi dəqiq ünvanın bundan sonra 100 illik müharibələrin məhək daşına çevrilməsidir. Onsuz da müsəlmanların başına dolaşdığı Qara daşın müqəddəsliyi qarşısında indi yeni bir Ağ daş da siyasi pərvanələrin siyahısına əlavə olunur".

Deputat qeyd edib ki, nə seçkilərə gedən Türkiyə liderlərinin Fələstin dərdi, nə nüvəsiz İranın etirazları qanlı toqquşmalarda məhv olan insanların faciəsinin qarşını alır: "Ola bilər "Alliluya" sədaları ilə Tanrıdan yəhudi uşaqlarına sülh və əminamanlıq arzulayan afroamerikalı müğənni onların içərisində olduğu qəsrdən on kilometlərlə uzaqlıqda sapand daşı ilə nüvə silahına güc gələcəyini düşünən ərəb balalarına heç pislik edilməsini istəmir. Hələ üstəlik, Mossad srağa- gün südəmər körpəni oraya yönəldən və çadra arxasında gizlənən Həmas qruplarının necə ustalıqla antiisrail bürüncəyi geyindiyini də tutarlı sübutlarla ortaya qoyur. Lakin qüvvələr nisbətinin bərabər olmadığı gün kimi aydındır".

Z.Oruc bildirib ki, alovlu tribunalar siyasətə və mənfəət vuruşmalarına yarayır, daxili istehlaka və hisslərin sümürgənliyinə xidmət edir, amma ölümləri durdurmur: "Bir neçə on illik ərzində yəhudi dünyası ilə savaş aparanlar gedib müqəddəs yerlərdə gizlənib və qədim bir torpaqda müharibə ocağını qalamaqdadırlar. Halbuki İsrailin bütün İslam dünyası ilə düşmən olmaq istədiyini deyənlərin bir çoxu on illər ərzində öz xalqlarını usanmadan istismar edirlər".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, ABŞ prezidenti Donald Tramp prezident seçkisindən əvvəl verdiyi bütün vədləri addım-addım yerinə yetirir: "Adətən prezident seçilməyənə qədər çox vəd verən olub, ancaq Ağ Evə köçdükdən sonra soyuq başla hərəkət edərək ehtiyatlı qərarlar qəbul ediblər. Tramp onlardan deyil, dediyini edir, ancaq onun qorxunc vədlərini yerinə yetirməsi beynəlxalq aləmə baha başa gəlir. Demişdi ki, İranla nüvə anlaşmasından çıxacaq, çıxdı. Demişdi ki, Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq və Amerika səfirliyini bu şəhərə köçürəcək, tanıdı və köçürdü".

E.Şahinoğlu qeyd edib ki, Amerikanın yaxın tarixində çox səhvləri olub, ancaq indi etdiklərinin nəticəsi daha ağır olacaq: "Buna baxmayaraq, Donald Tramp ölkə daxilində reytinqini artırıb. Demək, Amerika cəmiyyəti okeanın o tərəfindən bu tərəfinə baxarkən özü üçün təhlükə görmür".

Qeyd edək ki, dünyanın ayrı-ayrı dövlətləri ABŞ və İsrailə öz etirazlarını bildirir, dinc fələstinlilərə qarşı zor gücündən istifadə olunması qəti şəkildə pislənir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfirliyinin Qüdsə köçürülməsi qərarını uğursuz adlandıraraq, bildirib ki, paytaxtı Şərqi Qüds olan müstəqil, hegemon bir Fələstin dövlətinin qurulmasının bölgədə sülh və barışığın bərpası üçün yeganə yoldur: "Beynəlxalq hüququ çeynəyən, BMT qərarlarına zidd olan bu qərarı rədd edirik. ABŞ son addımı ilə problemin həllini yox, problemin bir parçası olmağı seçərək Yaxın Şərqdə vasitəçi rolunu itirib. Beynəlxalq ictimaiyyət tez bir zamanda Fələstin xalqına yönəlmiş bu addımları dayandırmaq üçün hərəkətə keçməlidir".

İran xarici işlər naziri Cavad Zərif isə "Twitter" səhifəsində ABŞ səfirliyinin Qüdsə qeyri-qanuni köçürüldüyünü qeyd edib və bunu biyabırçılıq adlandırıb.

İran parlamentinin sədri Əli Laricani isə bəyan edib ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsi Yaxın Şərqdəki gərginliyi daha da alovlandıracaq. O qeyd edib ki, ABŞ-ın İranın nüvə proqramı ilə bağlı sazişdən çıxması və səfirliyin Qüdsə köçürülməsi kimi qərarlar regionda və dünyada təzyiqi artıracaq. Laricani müsəlman dövlətləri Trampa qarşı ciddi addımlar atmağa çağırıb.

Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yoşihide Suga da ABŞ səfirliyinin Qüdsə köçürülməsinin Yaxın Şərqdəki gərginliyi artıracağına dair narahatlığını ifadə edib. O bildirib ki, Yaponiya bu qərarın Yaxın Şərqdə sülh prosesini daha da çətinləşdirəcəyini düşünür.

Fələstin dövlətinin lideri Mahmud Abbasın köməkçisi Saeb Erekat da Donald Trampın bu qərarını kəskin tənqid edib və bildirib ki, ABŞ hökuməti yalanlar üzərində qurulub.

Tramp komandasının keyfiyyətsiz olduğunu deyən S.Erekat qeyd edib ki, Vaşinqton artıq bölgədəki sülh prosesinin təminatçı kimi çıxış edə bilməz: "Tramp administrasiyası problemin bir parçası oldu. Dünya gerçək liderlərə ehtiyac duyur".

Rusiyalı diplomat Mixail Boqdanov da Trampın bu qərarını qınayaraq İsrail-Fələstin gərginliyinin daha da güclənəcəyini deyib. O, ABŞ-ı Qəzza zolağında baş verən hadisələrə görə günahlandırıb və ABŞ səfirliyinin köçürülməsinin fələstinlilərlə israillilər arasında böyük miqyaslı qarşıdurmalara səbəb ola biləcəyini bildirib.

Avropa ölkələrinin xarici işlər nazirləri də ABŞ-ın bu qərarını ağılsız və regionda gərginliyi artıran səbəb adlandırıb.

BMT baş katibi Antonio Quterreş isə Qəzza zolağında insan ölümləri ilə bağlı narahatlığını ifadə edib.

Livanın baş naziri Saad Hariri ABŞ-ın bu addımını bölgədə sülhə doğru addımlar üçün bütün qapıları bağlayan təxribat adlandırıb.

Ceyhun ABASOV

 





16.05.2018    çap et  çap et