525.Az

Uşaqların zərərli informasiyadan qorunması müzakirəyə çıxarıldı


 

Uşaqların zərərli informasiyadan qorunması müzakirəyə çıxarıldı<b style="color:red"></b>

Milli Məclisin (MM) Ailə, qadın və uşaq komitəsinin dünən keçirilən iclasında yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihə barədə adıçəkilən komitənin sədri Aqiyə Naxçıvanlı məlumat verib.

Komitə sədri  bildirib ki, qanun layihəsi MM-ə Prezident İlham Əliyevin imzası ilə daxil olub. O, qeyd edib ki, sənədlə Azərbaycanda uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyənləşib:  "Parlament layihəni qəbul edərsə, 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək, çünki bu qanun tam işlək hala gətirilməlidir".

Qanun layihəsinə görə, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir. Uşaqlar arasında yayılması qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı bu qanunda müəyyən edilmiş qaydalara riayət etməyə borcludur. Qanun layihəsinin 12-ci (Uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər) maddəsinə əsasən, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilmir. Əks halda həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol verilir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhəddindən 150 metrdən az olan məsafədə yayılmasına yol verilmir.

Sənəddə teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər də müəyyən olunub. Həmçinin, informasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması onun istehsalçıları tərəfindən həmin məhsulun Azərbaycan Respublikasının ərazisində dövriyyəsindən əvvəl müstəqil şəkildə həyata keçirilir. İnformasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz. Bununla yanaşı, informasiya məhsulunun mədəni-kütləvi tədbirlər vasitəsilə yayılması, onun aid edildiyi yaş kateqoriyasına dair işarənin tədbirin keçirilməsi barədə afişaların və digər elanların, həmçinin, onu ziyarət etmək hüququ verən biletlərin, dəvətnamələrin və digər sənədlərin üzərində yerləşdirmək yolu ilə həyata keçirilir. Bir neçə hissədən ibarət olan və müxtəlif yaş kateqoriyalarına aid edilən informasiya məhsulunun nümayişi həmin informasiya məhsulunda əks olunan, daha yuxarı yaş kateqoriyasına aid informasiya məhsulunun işarəsi ilə işarələnməklə həyata keçirilir.

Qanun layihəsinin 8-ci (İnformasiya məhsulunun işarələnməsinin xüsusiyyətləri) maddəsində isə qeyd olunur ki, mətbu nəşrlərin yaş kateqoriyasına görə işarəsi aydın seçilən şəkildə və mətbu nəşrin adının şriftinə uyğunlaşdırılmış qaydada nəşrin birinci və ya titul səhifəsində yerləşdirilir. İnformasiya məhsulunun yayımçıları televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə xəbərdarlığa dair mətnin yerləşdirilməsini təmin etməyə borcludur. Audiovizual informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsi onun nümayişindən əvvəl və hər reklam fasiləsindən sonra üç dəqiqə müddətində ekranın künc hissəsində göstərilir. İnformasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsi aşağıda göstərilənlərin beş faizindən az olmayan sahəsini tutmalıdır.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

 





16.05.2018    çap et  çap et