525.Az

Paşinyan qərbpərəst mövqeyindən imtina edir?


 

RAMİZ ALIYEV: "İŞĞALÇI ÖLKƏDƏ ZƏİF SİYASƏTÇİNİN BAŞ NAZİR OLMASI AZƏRBAYCANIN XEYRİNƏ İŞLƏYƏCƏK"

Paşinyan qərbpərəst mövqeyindən imtina edir?<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Ermənistanın yeni baş naziri Nikol Paşinyan Soçidə Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin başçılarının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Rusiya prezidenti Ermənistanın yeni hökumətinin dövründə Moskva və İrəvan arasında münasibətlərin əvvəlkindən daha yaxşı inkişaf edəcəyinə ümid etdiyi söyləyib, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb.

Hakimiyyətə rəhbər seçilməzdən qabaq Kreml əleyhinə ən sərt şəkildə çıxışlar edən, ölkəsini Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşmağa çağıran Paşinyan indi fərqli mövqe sərgiləyir. Vəzifəsini icra etməyə başlayar-başlamaz əvvəlki - qərbpərəst fikirlərindən imtina edən işğalçı ölkə baş naziri bununla guya Rusiyameylli olduğunu ortaya qoyur.

Paşinyanın bu cür davranışları Kremli razı salsa da, ona etibar etməməli olduqlarını da yaxşı anlayırlar.

Ermənistanın yeni baş naziri sələfi Serj Sarkisyan kimi Rusiya ilə Qərb arasında manevrlərini davam etdirərsə, onu da eyni taleh gözlədiyi çoxlarına bəllidir. Hər halda Paşinyanın hakimiyyətə hansı vədlərlə gəldiyi heç kəsə sirr deyil. Ona görə də, Moskvanın Cənubi Qafqazdakı forpostuna nəzərati gücləndirmək xəttini tutacağı gözləniləndir. Bu xüsusda Rusiyanın atacağı addımlar maraq doğurur.

Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Ramiz Alıyev hesab edir ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan ölkəsini böhrandan çıxara bilməyəcək: "Hətta o, Ermənistanı daha da bataqlığa sürükləyəcək. Ona görə ki, Paşinyan siyasətlə məşğul olmaq əvəzinə təlxəklik edir. Əslində, hər kəs çox gözəl bilir ki, Paşinyan hansı xarici dairələrin dəstəyi ilə baş nazir seçilib".

R.Alıyev qeyd edib ki, Nikol Paşinyan ağıllı siyasətçi olsaydı, bu illər ərzində Ermənistanın böhran vəziyyətinə düşməsinə səbəb olan Dağlıq Qarabağ münaqişəsinin həll yollarını axtarar, Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpa olunması yolunda addımlar atardı: "Bununla Ermənistan blokada vəziyyətindən çıxmaq imkanı əldə edərdi. Ancaq Paşinyan nə etdi? O, tam əksinə, münaqişəni daha da alovlandırmağa çalışır. Halbuki Paşinyan müxalifətdə olanda dəfələrlə Serj Sarkisyanı günahlandıraraq bildirirdi ki, Ermənistan ordusu Azərbaycan ordusundan qat-qat zəifdi. O, Azərbaycanın inkişaf etdiyini, Ermənistanın isə böhrana sürükləndiyini etiraf edirdi. İndi bu Paşinyan özünə kreslo tapan kimi qürrələnməyə başlayıb. Əlbəttə ki, bu adam özü qərar verməyə qadir deyil. O, kimlərin dəstəyi ilə hakimiyyətə gəlibsə, onların sifarişləri ilə də bəyanatlar səsləndirəcək, çıxışlar edəcək".

Politoloqun fikrincə, Ermənistanda Paşinyan kimi zəif bir siyasətçinin baş nazir olması Azərbaycanın xeyrinə işləyəcək.

Ceyhun ABASOV

 





16.05.2018    çap et  çap et