525.Az

Əmək və Sosial Münasibətlər Akademiyasında Cümhuriyyətin 100 illiyi qeyd olundu


 

Əmək və Sosial Münasibətlər Akademiyasında Cümhuriyyətin 100 illiyi qeyd olundu<b style="color:red"></b>

Dünən Əmək və Sosial Münasibətlər Akademiyasında "Azərbaycan Xalq Cümhuriyyəti - tariximizin şanlı səhifəsi" mövzusunda respublika konfransı keçirilib.

Akademiyadan verilən məlumata görə, konfrans Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunub.

Tədbirdə çıxış edən ali məktəbin rektoru, professor Hüseyn Qaraşov AXC-nin yaranmasının 100 illiyinin qeyd edilməsi haqqında prezident İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyətindən, Şərqin ilk demokratik respublikasının ictimai-siyasi və diplomatik fəaliyyətindən danışıb. O, cümhuriyətin mövcud olduğu 23 ay ərzində ölkədə aparılan islahatlar, o cümlədən, hüquq və azadlıqların təmin edilməsi, etnik, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlara malik olması sahəsində əldə edilən uğurlar barədə məlumat verib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Kamran İsmayılov isə "Azərbaycançılıq və Azərbaycan Cümhuriyyəti" mövzusunda çıxış edərək Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və başqalarının xalqın azadlığı uğrunda mübarizəsini geniş təhlil edib. Tarixçi alimin sözlərinə görə, mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan AXC bütün ölkə vətəndaşlarına eyni hüquqlar verib, sinfi bərabərsizliyi ortadan qaldırıb, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirib.

AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərli "Milli maarifçilikdən milli istiqlala gedən yol: Azərbaycan Cümhuriyyəti" adlı məruzəsində bildirib ki, maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırlayıb. O qeyd edib ki, Abbasqulu ağa Bakıxanovun "Gülüstani-irəm"lə başlayan milli tarixçilik yolunu daha sonra Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Cəmaləddin Əfqani və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstəriblər.

F.Ələkbərlinin sözlərinə görə, Zərdabinin və Əfqaninin ortaya qoyduğu türklük, islamlıq və çağdaşlıq yolunu Məhəmməd Əmin Rəsulzadə uğurla davam etdirərək cümhuriyyətin milli ideyası kimi reallaşdıra bilib.

Tədbirdə AXC-nin fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib.

C.ABASOV

 





16.05.2018    çap et  çap et