Hər xalqın qəlbində
ən doğma yer həm də
qəlbi qeybə köklənən,
haqq aşiqi deyilən,
haqqın dediyini deyən
doğru şairlərindi,
o şairlərin gözlərindəki işıq
ilahi göylərindi...
ilahinin işığıdı
o şairlərin şeirlərindəki işıq.
şeirlərdəki işıq
tarixə işıq salır,
torpağa işıq salır,
vətənə işıq salır.
gözəl şairlər ölmür -
insanların qəlbində,
göyün üzündə qalır.
qəlbini haqqa kökləyib
dərdimizdən, sevdamızdan,
yer üzünün qayğısından yaza-yaza
qəlbimizdə,
göyümüzün üzündədi
Rəsul Rza.
Rəsulun şeiri
qısa sətirlərdə, sadə sözlərdə
ilk baxışdan
yazılması asan görünən şeirlərdə
bu qədər sehr hardan, nədən?
soruşdu bunu çoxları
biri-birindən.
bəziləri də bu sadəlik arxasındakı
sirli aləmləri görə bilmədən:
- bunlar şeir deyil ki!
deyib, qeyzlə
çıxdılar hövsələdən...
...əslində Rəsulu dilləndirən,
qələminin ucunu
şeirlə gülləndirən
yüz illərdi boy verən
şeir qaydaları, şeir qəlibləri,
şeir ölçüləri deyil ki...
o şeir deyilənə
kainatın nizamından,
ahəngindən,
qeybin sirrindən,
qəlbin atəşindən
ahəng, sirr verən nurdu.
qəlbi o nura köklənənlər görür
Rəsulun şeirlərindəki sirri...
köklənməyənlərə də ha anlat
olmayacaq bir xeyri...
...təkcə sözlərlə
şeir yazmırdı Rəsul,
əməliylə yazırdı...
vətəninin, yer üzünün
vurğunuydu Rəsul...
kainatdan alırdı qüdrətini...
kiminsə kölgəsinə sığınmadı,
öz nurunu öz içində boğmadı...
Allahdan aşağı,
öz arxası özüydü...
əməliydi, sözüydü...
ona görə dövranda
seçilirdi hamıdan....
suallar
...hərdən evlərinin yanından axan
çaydan soruşardı suallarını,
hərdən çiçəkləyən ağaclar üstə
sirli ay işığı dilə gəlirdi...
hərdən də Göyçayın meydanlarında
köklü çinarlarla söhbət eyləyirdi...
insanı zirvələrə səsləyir
qəlbdən gələn suallar...
boy atdıqca, yaş artıqca
dəyişir suallar....
kahkəşanlardan
kahkəşanlar doğulanda,
qəlb o eşqdən yoğrulanda,
arı çiçəklərdən bal toplayan tək
hər yerdə, hər sözdə
doğmalıq axtarır qəlb.
gözə görünəndən, görünməyəndən,
mənaların dərinliyindən
yeni mənalar çıxarır qəlb...
Rəsul ömrü
...tarix gəlib XX əsrinin
ortasını haxladı...
SSRİ adlı
dolambaclar dünyasının
işgəncə toru, köləlik qurğusu
silkələndi, laxladı...
qırx illik dəmir sərhədlər,
dəmir yumruqlar, nahaq güllələr
azda olsa
əl saxladı...
tufandan sonrakı ilıq günəşin
sehri ilə
ümidləndi ürəklər...
yağmurdan sonra boy verən
çəmənlik kimi boy atırdı
bütün SSRİ...
...o zaman
yetim, baş gözü al qan
bir uşaq günüdəydi
Azərbaycan...
o vədə yaşının
müdrik vaxtına çatmışdı
Rəsul Rza.
tarixin dəyirmanından
mətin, məğrur
alnıaçıq çıxmışdı Rəsul Rza.
qəlbi, ağlı, əməli, iradəsiylə
elin gözündə
ağsaqqallıq məqamına qalxmışdı
Rəsul Rza...
o illərdə yer üzü
təlatümdən sonrakı dənizə bənzəyirdi,
SSRİ dəki ölkələr, Azərbaycan
qaranlıqda yol axtaran gəmiydi sanki.
o zaman Rəsul Rza
buluddan süzülən ay kimiydi...
sel kimi axır dövran!
buludlardan aşağı,
dağın, daşın, ağacların,
adamların üstündən,
adamların beynindən, qəlbindən
sel kimi axır dövran -
kimini axar sualara qatıb
çöp kimi oynadır dövran,
kimi də dayanır işıq seli kimi -
ha kükrəsin, ha coşsun dövran
əlindən bir şey gəlmir...
lll
...qəlbindəki nur
can atırdı yayılmağa,
xalqa fəda olmağa...
amma dövran tor qururdu
vətən! deyən kimsənin
kəlləsindən vurmağa...
qəlbindəki nur çağırırdı onu
özünü qorumağa.
Sabirin, Mirzə Cəlilin
ağrısı keçirdi qəlbindən,
bu ağrılar ürkə-ürkə boy verirdi
Rəsulun sözlərindən...
görüb iblisin
ipək altındakı ilanlarını,
yan-yana düzüb
dövranın yalanlarını
ah çəkirdi:
"qınamayın İsgəndəri,
yaman olur anlamaq dərdi..."
o zaman tez-tez Yunanıstanda
eramızdan altı əsr əvvəl yaşamış
kölə-filosof
Ezop hay verirdi
Rəsulun fəryadına...
beləcə tez-tez,
zalımların zülmü altda inləyən
uzaq uzaq xalqlardan yazdı...
xəzri küləyinin dalğa-dalğa
qum gə tirdiyi, məğmun elədiyi
bağlardan yazdı...
xırda balıqları udan
qoca timsahdan yazdı...
qəlbində titrək-titrək
göz verəndə
əsrin əvvəlində may günü
"bir kərə yüksələn"
hava rəngli, günəş rəngli,
zəmi rəngli bayraq,
yarandı "azadlıq" adlı şeiri:
"...günəşli bir gündə,
qəzəbli bir ölkənin üstündən
endirildi ölüm kölgəli bayraq.
qollarını geniş-geniş açdı insan.
qucaqlaşdı hava, günəş, torpaq".
sözü sözlə bəzəyib,
sözü sözlə gözəyib
otuz iki yaşında belə
"vətən" şeirində
bənövşəli, nərgizli, moruqlu,
qayaları cüyür izli,
çoban bayatılı,
düzləri ceyran izli,
atları gümüş yəhərli,
torpağı daşı
qəzəb oduyla yanan vətəninin
hilalından danışırdı,
göy dağlarından,
al günəşindən,
dənizlərin yaşılından,
vətənin azad göylərində
ucalacaq
öz bayrağından danışırdı...
ayrı-ayrı eyhamlarla
yüz-yüz belə şeir yazdı...
amma Ezop dili bilənlər
bildi ki, Rəsul
nədən yazdı, kimdən yazdı...
təkcə Ezop dilində yox,
hərdən əldə
sərt qırmancı, acı-acı
duman tək vətənə çökən
cəhalətdən, hərislikdən,
rüşvətxordan,
paxıldan, yerlibazdan, yaltaqdan...
kolxozun planını
körpələrin canından əziz tutan
nahaq batan qandan yazdı...
neçə-neçə qəlb qanadan
milli dərddən, qəmdən yazdı...
hərdən
qəhrəmanlıqdan, sevgidən,
körpələrin sabahına qayğıyla
neçə bilgidən yazdı...
bütün yer üzünə qayğıyla,
bütün insanlara sayğıyla
uzaq uzaq səfərlərdən,
uzaq ellərdəki
yaxın, uzaq dərdlərdən yazdı...
...vətənin qəlbi nurlu övladları
nur alırdı, anlayırdı,
duyurdu Rəsulu...
fikirlərini yayırdı,
qoruyurdu Rəsulu...
dövranın dolanbaclarını
anladırdı xalqa,
sübh mehi
çinar yarpaqlarını
oyatdığı tək
oyadırdı xalqı...
vətənində dövranın
çırağına dönürdü,
o vətənin, vətəni onun
işığına bürünürdü...