525.Az

Tramp Mərkəzi Asiya istiqamətində incə siyasət həyata keçirir


 

ELXAN ŞAHİNOĞLU: “ABŞ-ın QAZAXISTAN VƏ ÖZBƏKİSTANLA SIX ƏLAQƏLƏRİ AZƏRBAYCANIN DA XEYRİNƏDİR”

Tramp Mərkəzi Asiya istiqamətində incə siyasət həyata keçirir<b style="color:red"></b>

“ABŞ prezidenti Donald Tramp müxtəlif mövzularda sərt və bəzən yanlış hesab etdiyimiz açıqlamalar və qərarlar verərkən Mərkəzi Asiya istiqamətində incə siyasət həyata keçirir”.

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Tramp bu ilin yanvar ayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevi, may ayında isə Özbəkistan prezidenti Şövkət Mirziyeyevi Ağ Evə dəvət edib: “Trampla Nazarbayevin görüşünün yekunu olaraq ABŞ Əfqanıstana silah və sursatın daşınmasında Qazaxıstan ərazisindən də istifadə etməyə başlayıb. Digər tərəfdən, ABŞ Qazaxıstanın Xəzər dənizindəki iki limanından da istifadə edir”.

E.Şahinoğlu qeyd edib ki, Ağ Ev Qazaxıstanın ardınca Özbəkistanla da strateji tərəfdaşlıq qurmağa çalışır: “Həm Astana, həm də Daşkənd Amerika ilə bu əməkdaşlığa hazırdırlar. Çünki həm Astana, həm də Daşkənd qonşuları Çin və Rusiyadan asılı olmaq istəmirlər, xarici və təhlükəsizlik siyasətində başqa qütblərlə əməkdaşlığa da üstünlük verməyə həvəslidirlər. Bu, hər iki dövlətin təbii haqqıdır. Çünki bu vaxta qədər heç bir dövlət Rusiya ilə strateji müttəfiqlikdən qazanmayıb. Rusiyaya tərəfdaşlar deyil, forpost dövlətlər lazımdır. Bunu Astana və Daşkənd də anladıqlarından Vaşinqtonla sıx təmaslara hazırdırlar”.

Politoloqun sözlərinə görə, bundan sonra Pentaqon Qazaxıstanla yanaşı, Özbəkistan ərazisindən də öz məqsədləri üçün istifadə edəcək.

Mərkəz sədri hesab edir ki, ABŞ-ın Qazaxıstan və Özbəkistanla sıx əlaqələri Azərbaycanın da xeyrinədir: “Çünki biz də xarici və təhlükəsizlik siyasətində yalnız bir dövlətə üstünlük vermək istəmirik. Rusiya öz perimetri boyu Qərbin tərəfdaşlarını sıxışdırmağa çalışır. Ancaq bölgədə Amerika ilə tərəfdaşlıq edən dövlətlərin sayı artdıqca Rusiyanın bütün perimetr boyunca qonşularının hamısına təzyiq etmək imkanları azalacaq, resursları yetməyəcək”.

Qərblə Azərbaycanın münasibətlərinə də toxunan E.Şahinoğlu bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərimin başçılıq etdiyi Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib: “Prezidentlə görüşdə Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin mövcud durumu müzakirə olunub. İlham Əliyev o fikirdədir ki, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər uğurla inkişaf edir. İlham Əliyev bunu deyərkən iki arqumentə əsaslanır. Birincisi, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır. Buna nümunə olaraq TAP (Trans Adriatik Projesi) boru xəttini də göstərmək olar. İkinci arqument isə odur ki, Azərbaycan Avropa İttifaqına üzv dövlətlərinin üçdə biri ilə artıq strateji tərəfdaşlıq sənədi imzalayıb və ya qəbul edib. Buna baxmayaraq, Azərbaycan hələ də Avropa İttifaqı ilə strateji əməkdaşlıq sazişini imzalamayıb. Bu sənədin üzərində çalışmalar yekunlaşmayıb”.

Mərkəz sədri qeyd edib ki, Avropa İttifaqının nümayəndə heyəti müxtəlif rəsmilərlə də görüşlər keçirib və bütün görüşlərdə eyni fikir vurğulanıb: “Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün prioritet məsələlərdən biridir”.

Ermənistandakı vəziyət barədə də fikirlərini bildirən E.Şahinoğlu deyib ki, Nikol Paşinyan cini şüşədən çıxardıb, onu yenidən şüşəyə salmaq çətin olacaq: “Özü mitinq yolu ilə Serj Sarkisyanı devirib baş nazir olub. İndi başqaları da mitinqlərə çıxır, küçə yürüşləri keçirirlər. Hərənin fərqli dərdi var, biri gecikən maaşlarını tələb edir, digər qrup həbsdəki tərəfdarlarının azad olunmasını istəyir. İrəvan merini istefaya məcbur etmək istəyən qrup da var. Bir sözlə, aləm dəyib bir-birinə. Paşinyan sosial şəbəkədə yazıb ki, etiraz aksiyalarını dayandırın. Niyə dayandırmalıdırlar ki? Sənə olar, başqasına olmaz? Bu hələ başlanğıcdır”.

Ceyhun ABASOV

 





19.05.2018    çap et  çap et