525.Az

Almatıda Cümhuriyyətin 100, Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans


 

Almatıda Cümhuriyyətin 100, Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans<b style="color:red"></b>

Mayın 17-də Almatı şəhərindəki Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib.

"Azərtac" xəbər verir ki, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Qalimkair Mutanov konfransı açaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin və Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinin universitetdə təşkil edilməsinin əhəmiyyətindən danışıb. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov konfransda geniş məruzə ilə çıxış edib.

Səfir deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur: "Bu gün Azərbaycan dövləti həmin tarixlə qürur duyur. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev indiki müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib. Cümhuriyyətin qısa müddətdə həyata keçirdiyi tədbirlər və qəbul etdiyi qərarlar, atdığı addımlar tariximizdə silinməz iz buraxıb, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirib".

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək konfransın təşkilatçılarına - Əl-Fərabi adına Milli Universitetin rəhbərliyinə, TÜRKSOY-a, Beynəlxalq Türk Akademiyasına və tədbirdə iştirak edən Qazaxıstan rəsmilərinə təşəkkürünü bildirib. Prezidentin köməkçisi deyib ki, bu cür tədbirlər xalqlarımız, dövlətlərimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkələrimiz arasında əlaqələrin inkişafına böyük önəm verirlər: "Bu gün Azərbaycan ilə Qazaxıstan bir çox sahələrdə sıx əməkdaşlıq edir, beynəlxalq qurumlarda bir-birini dəstəkləyirlər. Əminik ki, bu əlaqələr xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək".

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bildirib ki, ötən yüzilliyin əvvəllərində bütün türk dünyasında özünü göstərən milli azadlıq hərəkatı müxtəlif coğrafiyalarda yayılsa da, Azərbaycanda xüsusilə geniş vüsət aldı. Bu il qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi bütün müsəlman Şərqində ulduz kimi doğdu. Cümhuriyyət təkcə Azərbaycanda deyil, bütün türk dünyasında milli düşüncənin oyanması və formalaşmasında vacib rol oynadı. Xarici ölkələrdə diplomatik nümayəndəliklər açıldı.

Darxan Kıdırəli qeyd edib ki, Beynəlxalq Türk Akademiyası bu tarixi hadisənin önəmini, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün imzaladığı Sərəncamı nəzərə alaraq geniş tədbirlər proqramı hazırlayıb. Biz artıq beynəlxalq səviyyədə ilk tədbirimizi reallaşdırmışıq. Aprel ayında Parisdə UNESCO-nun baş qərargahında keçirdiyimiz beynəlxalq forum çərçivəsində Cümhuriyyətin 100 illik yubileyini və onun qurucularından olan Əlimərdan bəy Topçubaşovun 155 illiyini qeyd etdik. Cari ilin iyun ayında Astanada təşkil edəcəyimiz IV Böyük Beynəlxalq Humanitar Forumun bir panelini bütünlüklə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edəcəyik. Bununla yanaşı, ilk dəfə olaraq qazax dilində Cümhuriyyətə aid ensiklopedik xarakterli sənədlər və faktlarla zəngin olan nəfis tərtibatda kitab çapa hazırlanıb.

Qazaxıstan Xalqları Assambleyasının üzvü, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov deyib ki, Azərbaycanla Qazaxıstanı etnik-tarixi köklərdən başqa, son onilliklərin siyasi münasibətlər sistemini müəyyənləşdirən əhəmiyyətli amillər də yaxınlaşdırır. Qazaxıstan-Azərbaycan əlaqələrinin inkişafında və Qazaxıstanın ictimai-siyasi, iqtisadi, mədəni, sosial həyatında azərbaycanlıların mühüm rolu var. Dost və qardaş Qazaxıstanda məskunlaşan 300 mindən çox soydaşımız daim tarixi Vətənimiz olan Azərbaycanda gedən inkişaf proseslərini sevinclə izləyir və iki ölkə arasında münasibətlərin tərəqqisinə töhfələrini verirlər.

Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin professoru Saypulla Sapanov bildirib ki, Azərbaycan və Qazaxıstan xalqlarını daha da yaxından tanımağımız üçün ortaq keçmişdən süzülüb gələn dəyərlərimizi yenidən dərk etməli və onlara sahib çıxmalıyıq. Bu cür tədbirlərin, birgə elmi layihələrin reallaşdırılmasının əhəmiyyəti böyükdür.

Saypulla Sapanov deyib ki, ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında xidmətlərini saymaqla bitməz. Məhz Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən əsası qoyulan sıx dostluq münasibətləri bu gün uğurla davam edir.

Tədbirdə Ümummilli lider Heydər Əliyev haqqında film nümayiş olunub.

Sonra Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Azərbaycan Tarix və Mədəniyyət Mərkəzinin açılışı olub.

Mərkəzdə Azərbaycana aid çoxsaylı siyasi, elmi, mədəni ədəbiyyat toplanıb. Azərbaycanın mədəniyyətini, siyasətini, tarixini əks etdirən tablolar asılıb.

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov mərkəzin açılışına verdiyi dəstəyə görə universitetin rəhbərliyinə təşəkkür edib. Diqqətə çatdırıb ki, bu mərkəz gələcəkdə ölkələrimiz arasında elm, təhsil, mədəniyyət sahələrində əlaqələndirici bir vəsilə olacaq. Əli Həsənov bu mərkəzin xalqlarımızın bir-birini daha yaxşı tanımalarına, elmi biliklərin mübadiləsinə müsbət təsir göstərəcəyini vurğulayıb.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov mərkəzin yaradılması ilə bağlı görülən işlərdən danışıb.

Daha sonra Əl-Fərabi adına Universitetin böyük akt zalında Azərbaycanın dahi dramaturqu Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş xüsusi konfrans keçirilib.

Universitetin rektoru Qalimkair Mutanov, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli konfransda salamlama nitqləri söyləyiblər.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səfər çərçivəsində Qazaxıstanın Almatı şəhər akimi (qubernatoru) Baurjan Baybek ilə görüşüb. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu bildirilib.

Prezidentin köməkçisi deyib ki, müstəqillik illərində Qazaxıstan mühüm nailiyyətlər əldə edərək regionun aparıcı dövlətlərindən birinə çevrilib. Azərbaycanın siyasi sahədə sabit diplomatik münasibətlərinin mövcud olduğu ölkələrdən biri məhz Qazaxıstandır. Azərbaycan-Qazaxıstan əlaqələrinin genişlənməsinə əlverişli şərait yaradan üstünlüklər, eyni zamanda, düşünülmüş siyasət regionun inkişafına təkan verən bir sıra layihələrin reallaşdırılmasını şərtləndirib.

Almatı şəhər hakimi Baurjan Baybek Azərbaycana səfəri zamanı müşahidə etdiyi inkişaf haqqında xoş təəssüratlarını bölüşüb. O, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın müxtəlif sahələrinə toxunub, münasibətlərin strateji xarakter daşıdığını qeyd edib.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin getdikcə möhkəmləndiyi vurğulanıb, ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov görüşdə iştirak edib.

 





22.05.2018    çap et  çap et