525.Az

Ərtoğrul Cavid irsinin təntənəsi


 

Ərtoğrul Cavid irsinin təntənəsi<b style="color:red"></b>

Bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans zalında Cavidlər ailəsinin anım törəninə toplaşdıq. Onların əziz xatirəsi hər zaman olduğu kimi, yenə də dərin hüzn və ehtiramla yad edildi. Mütəfəkkir şair, görkəmli dramaturq Hüseyn Cavid və onun istedadlı oğlu musiqişünas, bəstəkar və rəssam Ərtoğrul Cavidin Azərbaycan mədəniyyətində misilsiz xidmətlərindən geniş şəkildə danışıldı.

"Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid" adlı 12 cilddən ibarət nəşr toplusunun və "Sözləri Hüseyn Cavidindir" adlı, Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət not məcmuəsinin təqdimat mərasimi keçirildi. Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyası və Hüseyn Cavidin Ev-muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbir Ərtoğrul Cavidin anadan olmasının 100 illiyinə həsr edilmişdi. Ərtoğrul Cavidin 100 illik yubileyi münasibətilə işıq üzü görən "Musiqi əsərləri" adlı kitabda bəstəkarın müəllifi olduğu 40-a yaxın musiqi əsəri yer alıb. Kitab AMEA Hüseyn Cavidin ev-muzeyində qorunub saxlanılan əlyazmalar əsasında tərtib edilib.

Təqdimat mərasimini açılış sözü ilə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, UNESCO-nun "Sülh artisti" Firəngiz Əlizadə açaraq bildirdi: "Ərtoğrul Cavid gənc olmağına rəğmən qısa ömür ərzində çox təqdirəlayiq, dəyərli işlər görüb. Əgər ömür müsaidə etsə idi, onun yazıb-yaratmaq dönəmi qəddar rejim dövrünə təsadüf etməsəydi, daha çox yaşayıb-yaradardı. Azərbaycan mədəniyyətinə gözəl sənət əsərləri bəxş edərdi, musiqi tariximizdə bəlkə də qızıl hərflərlə yazılan bir tarix yaradardı. Xüsusilə qeyd etmək lazımdır ki, dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli heç nədən çəkinmədən ona hər zaman öz dəstəyini açıq şəkildə nümayiş etdirib. O, Üzeyir Hacıbəylinin rəhbərliyi və təklifi ilə Azərbaycan dastanlarını, folklorunu toplayıb, aşıq yaradıcılığını tədqiq edib. Ərtoğrul Cavid 24 il yaşasa da, çoxşaxəli və zəngin fəaliyyəti ilə tanınıb. Ötən əsrin 20-30-cu illərinin ictimai-siyasi mühiti, Cavidlər ailəsinin yaşadığı sarsıntı bu qısa ömrü bir az da azaltmışdı. Məyusedici hadisələrin təsiri nəticəsində həyatını doyunca yaşaya bilməyən Ərtoğrul Cavid hər şeyə rəğmən təhsil alıb, yazıb-yaradıb, bütün dahilər kimi, necə deyərlər, yaşamağa tələsib. Bu çalışqanlığın, zəhmətkeşliyin bəhrəsidir ki, fiziki həyatı qısa olsa belə, Ərtoğrul Cavidin yaradıcılıq, sənət həyatı uzun olub. O, görkəmli şairimiz, dramaturq və mütəfəkkir Hüseyn Cavidin oğlu olmasına baxmayaraq, heç zaman atasının şöhrəti arxasından boy verməyib, öz istedadının hesabına hörmət və rəğbət qazanıb".

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik katibi, Füzuli adına Əlyazmalar İnstitunun direktoru, akademik Teymur Kərimli də öz çıxışında bu tədbirin əlamətdar bir hadisə olduğunu vurğuladı: "Bu dəyərli musiqi ocağında bir araya gəlməyimiz onu göstərir ki, dünya şöhrəli bəstəkarımız Firəngiz xanım Əlizadə klassik irsimizə böyük qayğı ilə yanaşır. Bugünkü  tədbir Firəngiz xanımın da qeyd etdiyi kimi, təkcə Ərtoğrul Cavidə deyil, həm də Hüseyn Cavidə həsr olunub. Onların böyük istedadı gendən süzülüb və heç də təsadüf deyildir". T.Kərimli dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin Ərtoğrul Cavidə olan dəstəyindən və Ulu öndərimiz Heydər Əliyevin, dövlət başçımız cənab İlham Əliyevin Cavidlər ailəsinə böyük diqqətindən də ətraflı söz açdı.

Bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanov çıxışında bildirdi ki, Ərtoğrul Cavid haqqında danışmaq həm asandır, həm də çətin. Onun yaradıcılıq fəaliyyətinin cəmi 20 yaşlarına qədər olan dövrü əhatə etməyi insanı çox kədərləndirir. Daha sonra Ərtoğrul Cavid ağır xəstəliyə tutulur. Ərtoğrulun xalq mahnılarını və rəqsləri pianoda mükəmməl ifa etməyinə hər zaman qibtə edərdim. Fikrət Əmirovun Ərtoğrul Cavid barəsində fikirlərini də sizinlə bölüşmək istəyirəm. O söyləmişdi ki, Ərtoğrul Cavidin əlyazmasına nəzər yetirdim və gördüm, əgər Ərtoğrul  yaşasaydı, korifey sənətkarlar sırasında olacaqdı".

Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, Sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə xanım Həsənova çıxışına "Sözləri Hüseyn Cavidindir" kitabından söz açaraq başladı. Daha sonra Hüseyn Cavid irsinə dair araşdırmaları ilə bağlı dinləyicilərə dolğun məlumat çatdırdı. Görkəmli şair-dramaturq Hüseyn Cavidin musiqi xadimləri ilə olan səmimi dostluğundan, əməkdaşlığından danışdı. "Cavidşünaslıq" haqda araşdırmaları, uğurlu təhlili və yanaşma tərzi ilə diqqət çəkdi.

Hüseyn Cavidin Ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, Filologiya üzrə elmlər doktoru, professor Gülbəniz Babaxanlı nəşr olunan kitabların bu cür yüksək səviyyədə təqdim olunmasına görə təşəkkürünü bildirdi. Və bu kitabdan öncə məhz "Sözləri Hüseyn Cavidindir" adlı diskin də ərsəyə gəlməyindən danışdı. "Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid" 12 cilddən ibarət kitabların hər bir cildi haqqında ayrıca ətraflı məlumat verdi. Dinləyicilərin diqqətinə çatdırdı ki, muzey öncəki illərdə "Balaman məktəbi" dərsliyi və Ərtoğrul Cavid", "Ərtoğrul Cavidin nota köçürdüyü xalq mahnıları" və "Ərtoğrul Cavidin məqalələr toplusu" adlı nəşrlər ərsəyə gətirib.

Tədbir musiqi nömrələri ilə davam etdi. "Piano üçün variasiyalar (9 variasiya)", "Piano üçün prelüdlər: "Çal, oyna", "Aşıqsayağı" pianoçu Fəqan Həsənli tərəfindən səsləndirildi. Bəstəkar Elnarə xanım Dadaşovanın "Mənim Tanrım" (sözləri Hüseyn Cavidindir) əsərinin audioyazısı təqdim edildi. Sonda isə bəstəkar Nazim Quliyevin "Ellər, ay ellər" (sözləri Hüseyn Cavidindir) əsərinin ifası nümayiş olundu.

Bir daha qeyd etməyi borc bilirəm ki, Ulu öndər Heydər Əliyev həm Hüseyn Cavidin, həm də Ərtoğrul Cavidin yaradıcılığına böyük önəm verib. 1937-ci il repressiyasının qurbanı olan, ağır sürgün həyatı yaşayan Hüseyn Cavidin nəşi dahi rəhbərin şəxsi təşəbbüsü və göstərişi ilə uzaq Sibirdən Azərbaycana gətirilib və doğulduğu Naxçıvan torpağında dəfn edilib. Məzarı üzərində məqbərə ucaldılıb. Hüseyn Cavidin cənazəsinin qürbətdən, həyat yoldaşı Müşkünaz xanımın nəşinin Bakıdan, oğlu Ərtoğrulun nəşinin isə Naxçıvan şəhər qəbiristanlığından gətirilib Hüseyn Cavidin məqbərəsində bir yerdə dəfn olunması Ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindəndir.

Ərtoğrul Cavidin yaradıcılıqda atdığı addımlar zamanında Üzeyir bəy Hacıbəyli tərəfindən yüksək dəyərləndirilib. O, sevimli tələbəsinin istedadını görüb və ona tükənməz yaradıcılıq həvəsi bəxş edib. Ərtoğrul Cavid isə bu etimadı doğruldaraq qısa ömrünə bir-birindən gözəl sənət əsərləri sığdıra bilib. Həyatın çətin sınağından üzüağ çıxıb. Mənəvi sarsıntılara məruz qalsa da, ruhdan düşməyib. Həyat ulduzu çox erkən sönməsəydi, onun yaradıcılığı daha da zəngin və çoxşaxəli olardı.

Musiqi və söz ruhun səsidir, bir vəhdətdir. Hüseyn Cavidi və oğlu Ərtoğrul Cavidi ağrı-acılı hisslərlə andıq. Belə bir ovqatla əhatələnmiş tədbir mənim də həyat və yaradıcılığımdan təsirsiz ötüşmədi.

Qeyd etmək istərdim ki, yaradıcılıq fəaliyyətimin bir bölümünü musiqi, digər bölümünü isə poeziya təşkil edir. Məhz belə bir gündə iki əlamətdar hadisənin şahidi olmaq əvəzsiz duyğudur. Azərbaycan Bəstəkarlar İttifaqına və Yazıçılar Birliyinə üzv qəbul olunmaq mənə həm şərəf, həm də məsuliyyət duyğusu yaşatdı. Bununla bağlı hər iki qurumun rəhbərliyinə dərin minnətdarlığımı ifadə edirəm.

 





26.12.2019    çap et  çap et