525.Az

Məktəblilərimiz olimpiadalarda: bilik və əzmkarlıq uğur gətirir


 

Məktəblilərimiz olimpiadalarda: <b style="color:red">bilik və əzmkarlıq uğur gətirir</b>

Son illərdə Təhsil Nazirliyinin istedadlı şagirdlərin üzə çıxarılması, onların bilik və qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində məktəblilərimiz respublika fənn olimpiadalarında, eləcə də beynəlxalq səviyyəli bilik yarışlarında iştirak edir və uğurları ilə təhsilimizə öz töhfələrini verirlər. 

Dünyanı bürümüş pandemiyaya baxmayaraq, məktəblilərimizin onlayn formatda keçirilən beynəlxalq olimpiadalarda qazandığı  medallar ciddi uğurların davamıdır. Martın ortalarında Rusiyada onlayn keçirilmiş Qafqaz Riyaziyyat Olimpiadasının nəticələri şagirdlərimizin olimpiada əzmindən və yüksək potensialından xəbər verir. Bu olimpiadadan şagirdlərimiz  3 qızıl olmaqla 7 medalla olimpiada tariximizin keyfiyyətcə yenilənməsinə nail ola biliblər.

Qaliblərdən biri Fidan Qarayeva, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdidir. 2005-ci ildə Meksikada anadan olub.  Azərbaycana 3 il bundan əvvəl gəlib. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin  IX sinif şagirdidir. 2019 və 2010-cu illərdə Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) bürünc medallara layiq görülüb. 2020-ci ildə Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO) gümüş,  Balkan Riyaziyyat Olimpiadasında (BMO) bürünc, 2021-ci ildə Beynəlxalq Jautikov Olimpiadasında (İZhO) gümüş və nəhayət,  bu ilin martında Qafqaz Riyaziyyat Olimpiadasında qızıl medal qazanıb. O deyir ki, beynəlxalq olimpiadaların ənənəvi qaydada keçirilməsinə daha çox üstünlük versəm də, online formatı da  yüksək səviyyədə təşkil olunur: "Belə ki, imtahan verdiyimiz zalda hər tərəfdə kameralar qoşulur və yerli təşkilatçılar imtahana yerində nəzarət etməklə bərabər, beynəlxalq təşkilat nümayəndələri də imtahanın gedişatını kamera vasitəsi ilə izləyirlər. Buna görə əsl beynəlxalq olimpiada mühiti hiss olunur. Ötən olimpiadaların qaliblərinin, məktəbdə isə Şəmsi müəllimin dərslərində iştirak edirəm. Olimpiadalara fərdi şəkildə də hazırlaşıram.  Növbəti hədəfim aprel ayında keçiriləcək Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla iştirak etməkdir".

Digər qalib  Muhammed Nuriyev də Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdidir. 2005-ci ildə Bakı şəhərində anadan olub.  Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinfində təhsil alır. Dəfələrlə respublika fənn və  bir sıra beynəlxalq olimpiadalarda iştirak edib.  2020-ci ildə Respublika fənn olimpiadasında riyaziyyat  üzrə  bürünc, 2021-ci ildə Jautikov Riyaziyyat Olimpiadasında bürünc və Qafqaz Riyaziyyat Olimpiadasında gümüş medallar əldə edib. Onun sözlərinə görə, olimpiada 2 gün ərzində keçirildi: "Hər gün 4 sual və bu sualları həll etmək üçün 4 saat vaxt verilirdi. Suallar klassik "Rusiya tipli" suallar idi. Mənim üçün olimpiadanın ilk günü 2-ci günə nəzərən daha uğurlu keçdi. Belə ki, ilk gün 22/28 bal, ikinci gün isə 14/28 bal topladım. Gələcəkdə ən yaxın məqsədim Beynəlxalq Riyaziyyat Olimpiadasında layiqincə çıxış etməkdir".

Toğrul Abbasov da Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi: -  2005-ci il iyulun 6-da anadan olub.  Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdidir. Bu günə kimi 11 beynəlxalq olimpiadada iştirak edib. 3 qızıl, 3 gümüş, 3 bürünc və 2 həvəsləndirici mükafat qazanıb. T.Abbasov deyir ki, olimpiadaya əsasən fərdi qaydada hazırlaşırdıq. Həftənin şənbə və bazar günləri Stanford Universitetinin doktorant məzunu  Cəfər Cəfərovla dərslər təşkil edilir və bunun da bizə böyük dəstəyi olur: "Bu olimpiadada 2-ci iştirakımdır.  Ötən il aşağı yaş qrupunda, bu il  isə yuxarı yaş qrupunda qızıl medal qazandım. Hədəfim Beynəlxalq Riyaziyyat Olimpiadasından (İMO) yüksək nəticə qazanmaq və dünyanın  qabaqcıl universitetlərindən birində ali  təhsilimi davam etdirməkdir".

 

Digər olimpiada qalibi Cəlil Hüseynov da  Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdidir. 2006-cı ildə Bakı şəhərində anadan olub.  Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdidir.  Aşağı siniflərdə oxuyarkən bir neçə müsabiqənin qalibi olub.  VII  sinifdən Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində təşkil olunmuş dərslərdə iştirak edir. Ötən il Respublika fənn olimpiadası və Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında bürünc medallar qazanıb. O qeyd edib ki, bu il 12-17 mart tarixlərində keçirilən Qafqaz Riyaziyyat Olimpiadasından ölkəmiz adına qızıl medal qazanıb: "Olimpiadanın çox şəffaf keçdiyini düşünürəm. Bu olimpiadada iştirakımın əvvəlki olimpiadalardan əsas fərqi onda idi ki, torpaqlarımız işğaldan azad edilmişdi və mən qalib ölkənin vətəndaşı kimi olimpiadada iştirak edirdim.  Ona görə də mən bu qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm.

Ən əsas hədəfim bundan sonra iştirak edəcəyim bütün olimpiadalarda uğurlu nəticə əldə etmək, xüsusən də qızıl medal qazanmaq və dünyanın qabaqcıl universitetlərində təhsil almaqdır".

Amin Cəfərzadə də Fizika, riyaziyyat və informatika təmayüllü  liseyin X sinif şagirdidir. Gənc istedad ilk dəfə VI sinifdə  riyaziyyat  üzrə Respublika fənn olimpiadasına qoşulub və  bürünc medal qazanıb.  Daha sonra təhsilini Fizika, riyaziyyat və  informatika təmayüllü  liseydə davam etdirməyə və ciddi  şəkildə olimpiadaya hazırlaşmağa  başlayıb: "2019-cu ildə 23-cü Junior Balkan Olimpiadasında bürünc,  həmin il keçirilən respublika fənn olimpiadasında gümüş, 2020-ci ildə isə V  Qafqaz Olimpiadasında bürünc medallara layiq görüldüm. Eyni ildə Respublika fənn olimpiadasından qızıl,  24-cü Yunior Balkan Olimpiadasından gümüş medallar qazandım.  2021-ci ildə Jautikov və  Metropolis olimpiadalarında iştirak etdim və hər ikisində gümüş medal aldım. Bu il isə Qafqaz Olimpiadasından bürünc medal qazandım. Olimpiada ciddi hazırlıq tələb edir, mən gün ərzində 6-7 saat riyaziyyatla məşğul oluram. Bundan əlavə,  bizə xüsusi müəllimlər dərs keçir.  Olimpiada yüksək səviyyədə  və online  keçirildi. Gələcəkdə məktəbi bitirdikdən sonra xaricdə təhsil almağı düşünürəm, çünki qazandığım medallar mənə dünyanın ən tanınmış universitetlərində yüksək təqaüdlə oxumağa imkan yaradır".

Olimpiada qalibi Elçin Musazadə də 2 nömrəli Texniki-Humanitar liseyin şagirdidir. 2005-ci il fevralın 14-də anadan olub. 2  nömrəli texniki humanitar liseyin X sinif şagirdidir. Son Qafqaz Olimpiadasında  gümüş medala layiq görülüb.  Onun dediyinə görə, olimpiadalara hazırlıq üçün çoxlu mənbələrdən (başqa ölkələrin yerli və beynəlxalq olimpiadaların) suallarını işləyərək hazırlaşıb: "Olimpiada hazırlığında  Cəfər Cəfərovun   dərsləri də bizə kömək etdi.  Məncə, olimpiada  yaxşı keçdi, qızıl medalı  3 bal ilə qaçırdım. 7-ci sual həll edə  biləcəyim sual idi, amma mümkün olmadı. Hədəfim belə səhvlərə yol vermədən daha yaxşı nəticə əldə etməkdir. Hazırda ən böyük hədəfim Beynəlxalq Riyaziyyat Olimpiadasından (İnternational Mathematical Olympiad)  ölkəmizə ilk dəfə qızıl medal gətirməkdir. Daha sonra SAT  və IELTS imtahanlarında yaxşı bal yığıb top 20 universitetlərdən birinə təqaüdlə qəbul olmaqdır".

Digər qalib Yusif Qasımov isə  220 nömrəli məktəb-liseyin şagirdidir. 16 avqust 2004-cü ildə anadan olub. 220 nömrəli məktəb-liseyin  XI  sinif şagirdidir.  İlk dəfə olimpiadaya VI  sinifdə təhsil alarkən "Təhsil ağlın simasıdır" adlı olimpiadada  birincilik qazanaraq başlayıb. O deyir ki, VIII sinifdən olimpiada ilə  fəal məşğul olmağa başladım. Respublika fənn olimpiadalarında bürünc, gümüş və qızıl medallara layiq görülüb: "İki dəfə yeniyetmələrin, bir dəfə isə gənclərin Balkan Riyaziyyat Olimpiadasında iştirak edərək bürünc və gümüş medallar qazanmışam. İki ən nüfuzlu Asiya və Dünya Riyaziyyat Olimpiadalarında  həvəsləndirici  mükafatlar, bir sıra regional olimpiadalarda müxtəlif  əyarlı medallar əldə etmişəm. Son uğurum Qafqaz Riyaziyyat Olimpiadasıdır. Mənə dəstək olan müəllimlərimə və bütün insanlara öz dərin minnətdarlığımı bildirirəm".

Fidan Cəfərli, Türkiyə Dəyanət Vəqfi   Bakı   Türk   Liseyinin    şagirdidir.  2006-cı il oktyabrın 27-də Bakıda anadan olub. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin IX sinif şagirdidir.  VI sinifdə  IV Məktəblilərarası Fənn Müsabiqəsində riyaziyyat fənni üzrə qızıl medal aldıqdan sonra respublika olimpiada komandasına qəbul olunub.  Növbəti ildə fizika fənni üzrə qızıl medala layiq görülüb: "VIII sinifdə Respublika fənn olimpiadasında bürünc medal aldım və beynəlxalq olimpiadalara hazırlığım bundan sonra başladı. Qafqaz Riyaziyyat Olimpiadası iştirak etdiyim ilk beynəlxalq olimpiada idi və bu olimpiadada həvəsləndirici sertifikata layiq görüldüm.  Son 3 ildə dərslərimi olimpiada sinifləri üçün təyin olunmuş bir neçə fərqli müəllimdən almışam. Olimpiadalarda yer tutmaq üçün ən önəmli olanı öz üzərində bacara bildiyin qədər çox çalışmaqdır.  Gələcəkdə universitet seçimi ilə bağlı dəqiq qərarım hələ olmasa da, təhsilimi ya riyaziyyat, ya da kompüter elmləri üzrə davam etdirmək istəyirəm. Riyazi biliklərin bu sahələrin əsasını təşkil etdiyini düşünürəm. Lakin xəyalımdakı universitetlə bağlı ən böyük istəyim rəqabətli bir mühitin olmasıdır.  Fikrimcə, insan üçün irəliyə yol açan rəqabət aparacağı insanlarla bir mühitdə olmasıdır".

Sevinc QARAYEVA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





04.04.2021    çap et  çap et