525.Az

"Türk Şurası Azərbaycana öz dəstəyini göstərdi"


 

"Türk Şurası Azərbaycana öz dəstəyini göstərdi"<b style="color:red"></b>

“44 günlük Zəfər müharibəsində Türk Şurası və Türk Şurasına üzv dövlətlər Azərbaycana öz dəstəyini göstərib”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi xatırladıb ki, Prezident İlham Əliyev Türk Şurasına üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığa Azərbaycanın öz səylərini əsirgəməyəcəyini vurğulayıb:

“Ölkələrimiz arasında media və televiziya sahəsində əməkdaşlığın qurulması ilə bağlı qeydlər bundan əvvəl keçirilən görüşlərdə də vurğulanıb. Bu gün Bakı şəhərində bizim sayca 3-cü görüşümüz keçirilir. Dünən bir sıra sənədlər ətrafında müfəssəl müzakirələr aparılıb. Bu toplantımızda Macarıstan nümayəndə heyəti fəal şəkildə təmsil olunur. Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın layihələri artıq qəbul edilib. Pandemiyaya baxmayaraq, Türk Şurası öz çevikliyini göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Zirvə Görüşü bizim pandemiyaya ilə mübarizədə bizim çevikliyimizi göstərdi. Digər təşkilatlar hələ pandemiyaya uyğunlaşma dövrünü keçir”.

“Türk Şurasına üzv dövlətlərin hər birinə qarşı manipulyativ informasiya müharibəsi aparılır. Biz dünya media müstəvisində öz sözümüzü deməyi bacarmalıyıq”.

Prezidentin köməkçisi qeyd edib ki, əsas amacımız əsl həqiqəti, əsl reallıqları olduğu kimi dünyaya çatdırmaqdır:

“Şair və yazıçıların əsərlərindən ibarət birgə nəşrlərin hazırlanması da mümkündür. Bu işlərin daha da effektiv şəkildə aparılması üçün katibliklə müzakirələr apardıq. Katibliyin media koordinasiya kooperativliyinin yaradılması ilə bağlı təşəbbüsü var. Bunu dəstəkləyirik. Eyni zamanda, gənc jurnalistlər üçün qarşılıqlı səfərlərin təşkilini düşünürük. Sosial media platformalarında ölkələrimizə qarşı aparılan kampaniyaların qarşısının alınması üçün addımlarımızı birləşdirməyi düşünürük. Qardaş Türkiyənin bu sahədə çox yaxşı təcrübələri var. Bununla bağlı qanunvericiliyə də müvafiq dəyişikliklər edilib. Bu sahədə də səylərimizi birləşdirməliyik”.

“Türk Şurası çərçivəsində enerji, nəqliyyat və digər sahələrdə işçi qrupları yaradılıb, bununla bağlı informasiya təminatı da unudulmamalıdır”.

Hikmət Hacıyev deyib ki, hər bir fəaliyyətin informasiya təminatının yaradılması vacibdir:

“44 günlük müharibə zamanı Azərbaycana qarşı hibrid müharibə aparılırdı. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Türkiyə mediası mühüm rol oynayıb. Azərbaycan və Türkiyə arasında media platforması yaradılıb. Türk Şurası çərçivəsində də media platformasının yaradılmasına ehtiyac var. Müxtəlif media forumları da təşkil oluna bilər. Səylərimizi səfərbər etməli və dünya media müstəvisində sözümüzü deməyi bacarmalıyıq. Güc birlikdədir, əsas məqsəd həqiqətlərimizi birlikdə dünyaya çatdırmaqdır”.

 





10.04.2021    çap et  çap et