525.Az

Azərbaycanın hərbi qələbəsi "Qarabağ klanı"nı məhvə aparır - Məqalə


 

Azərbaycanın hərbi qələbəsi "Qarabağ klanı"nı məhvə aparır - <b style="color:red">Məqalə </b>

Ermənistandakı yeni parlament seçkilərində Nikol Paşinyanın başçılıq etdiyi "Vətəndaş müqaviləsi" partiyası qalib gəldi. Bu həm də revanşizm xülyası ilə xalqı aldatmağa çalışan keçmiş prezidentlər Robert Koçaryanın və Serj Sarqsyanın ağır məğlubiyyətə düçar olması idi.

Axırıncıların ümidlərinə görə bu paradoks baş verməməli idi, çünki Ermənistan ordusunun müharibədə darmadağın edilməsindən cəmi yeddi ay keçmişdi. Adətən hökumətə başçılıq edən müharibədəki uğursuzluğun başlıca günahkarı hesab olunur və Paşinyanın quduz rəqibləri onun üstünə ağıla sığan və sığmayan itləri asırdılar.

Müharibədəki məğlubiyyətlərini və Azərbaycanın öz torpaqlarını hərbi yolla, yeni növ döyüşlər aparmaq hesabına azad etməsi faktını hətta erməni politoloq və tarixçi dəllalları da inkar edə bilməzlər. 1990-cı illərin əvvəllərində başlanan Ermənistanın təcavüzü nəticəsində respublikamızın ərazilərinin işğal edilməsi və bu iyrənc siyasətin 30 ilə qədər davam etməsinin baş arxitektorları və həqiqi iştirakçıları  hamıya məlumdur. Onlar azərbaycanlıların və ermənilərin yaxşı tanıdığı, vəhşilikləri, barbarlıq nümunələri ilə  tarixdə az rast gəlinən Qarabağ quldurları Koçaryan və Sarqsyan idi. Dinc azərbaycanlı əhalisinin kütləvi qırğnlarını təşkil edib, ad çıxarmaqla, onlar həm də təcavüzkar Ermənistan ordusunun işğalçılıq fəaliyyətinə bələdçilik etmişdilər. Sonra Koçaryan Qarabağdan Ermənistana sıçrayış edərək, işğal eyforiyasından məst olan xalqın cinayətdən betər olan səhvindən istifadə edərək, həmin dövlətin ali hakimiyyətinə yiyələnmişdi. Ayrılmış müddət başa çatdıqda öz prezident kürsüsünə sədaqətli vəliəhdi kimi bandit yoldaşı Sarqsyanı oturtmuşdu. Buna nail olmaq üçün etiraz edən yerevanlıların qanını axıtmaqdan da çəkinməmişdi. İlk prezident Levon Ter-Petrosyan isə adamların yaddaşının zəifliyinə bel bağlayaraq, indi özünü "sülh göyərçini" kimi qələmə verməyə çalışır, Azərbaycan ərazilərinin işğalı isə məhz bu "quzğunun" hakimiyyəti dövründə, kölgə fazasını keçirən "Qarabağ klanı"nın əl-qol açması nəticəsində baş vermişdi.

Robert Koçaryan təkcə işğal edilmiş əraziləri viran qoymaqla kifayətlənməyib, öz ölkəsini də iqtisadi-siyasi fəlakətlə üzləşdirmişdi. Azərbaycanın 7 rayonunun mərkəzi və yüzlərlə kəndləri görünməmiş şəkildə xaraba qoyulmuşdu. Bunların hamısı "Qarabağ klanı"nın, şəxsən Koçaryan və Sarqsyan cütlüyünün cinayətləridir və onlar siyasət taxçasında gizlənməklə və ya havadarları hesabına məsuliyyətdən qaçmağa çalışsalar da, bunu bacarmayacaqlar, ədalət qılıncı onların başının üstünü tərk etməyəcəkdir. Şekspirin ifadəsiylə deyilsə, onlar öz "skarlet sin"ini - "al-qırmızı günahın"ı dana bilməyəcəklər.

Seçkinin ən mühüm cəhəti erməni xalqının öz bədxahlarını, onu dərin uçuruma sürükləyənləri tanıması və hər cür yağlı vədlərinə, revanşizm barədəki şizofreniya tutmalarına baxmayaraq, onlara arxalarını çevirməsidir. Koçaryan yeni, təxəyyülündə qurduğu qələbə ilə, Şuşanı, Hadrutu qaytarması ilə xalqı aldatmaq, 30 illik məsafədəki geriyə doğru irəliləmək istəyirdi. Bu ideyalar işə yaramadı, yaraya da bilməz. Öz xalqı ona bildirdi ki, artıq müharibədən, qonşularla düşmənçilikdən yorulmuşdur, onların uzun dövr ərzindəki səyləri ilə xalq bütünlüklə taqətdən düşmüşdür. Cinayətkar rəhbər xalqı aldada bilir, lakin eyni çaya iki dəfə girmək mümkün olmur. Yalanlardan, xəyanətdən, aldadıcı işğaldan xalq heç nə qazanmamışdı. Qazanan yalnız bu işə başçılıq edən bir qrup oğru dəstəsi olmuşdu.

Bu cütlük axıtdıqları qanlardan həzz alır, "qılıncla rəqsə" üstünlük verirdilər. Anlamırdılar ki, böyük bəstəkar Aram Xaçaturyan bunu "Qayane" baletini zənginləşdirmək üçün yazmışdır, kiminsə özünü qan içməyə coşdurmaq üçün yazmamışdır. Onu da nəzərə almırdılar ki, bu qığılcımsaçan musiqi parçası əvvəlcə "Kürd rəqsi" adlanmışdı. Teatr səhnəsi ilə hərb teatrı tam başqa-başqa şeylərdir. Qətl səhnədə də baş verdikdə ikrah hissi doğurur, həyatda isə kütləvi qətllərin təşkilatçılarını, baş qatilləri ağır cəza, ümumxalq nifrəti gözləyir.

Seçkini udan Nikol Paşinyanın partiyasıdır və hərbi məğlubiyyətə baxmayaraq, xalq onu siyasi məğlubiyyətə uğratmaq istəmədi, banditlərin onun üzərində qələbə çalmasına və siyasi meyiti üzərində düşmənlərinin ritual rəqsinin baş tutmasına imkan vermədi. Ancaq Paşinyan da erməni millətçisi olaraq qalır. Lakin onun öz rəqiblərindən bir üstünlüyü - reallığı qəbul etməsi, düzgün qiymətləndirməsi, həqiqəti dilinə gətirməkdən çəkinməməsidir. O, "Qarabağ klanı"nı çılpaq faktlarla ifşa etdiyi halda, onun üstünə uydurmalar çirkabı atılırdı. O, müharibədə uduzmuş və məğlubiyyət sənədinə qol çəkməyə məcbur olmuşdu. Çünki generalları əvvəllər ona nə qədər yalan desələr də, son anda əgər məğlubiyyəti etiraf etməsə, Ermənistan ordusunun hökmən məhv olacağı təhlükəsini dilə gətirmişdilər. Tarixdə buna bənzər hadisə olmuşdur. Birinci Dünya müharibəsinin son fazasında, iyul ayında Marna döyüşündəki ağır məğlubiyyətdən sonra Almaniya silahlı qüvvələrinin komandanlığı - Hindenburq və Lyudendorf kayzer II Vilhelmi məcbur etdilər ki, məğlubiyyəti elan etsin, əks təqdirdə alman ordusu məhv olacaq. Ona görə də 11 noyabr 1918-ci ildə Birinci Dünya müharibəsi Antantanın qələbəsi ilə başa çatdı və alman imperiyası tarixdən silindi. Qısa müddətdə mövcud olan Ermənistan “neoimperiyası” da belə taleyi yaşamalı oldu.

Azərbaycan ordusunun da ardıcıl qələbələri erməni generallarını yuxudan ayıltdı və onlar yeganə çıxış yolunu gecikmədən məğlubiyyətin elan edilməsində gördülər və Paşinyan silahlı toqquşmanı dayandırmağı xahiş etməyə, yalvarmağa başladı. Bununla da Ermənistan onu gözləyən daha ağır fəlakətdən xilas edildi.

Paşinyan seçkidəki qələbədən başgicəllənməsinə yol verməməli, Azərbaycan və Türkiyə ilə münasibətləri bütün sahələrdə yoluna qoymalıdır. Bu, onun həmin ölkənin rəhbərlərinə heç də güzəştə getməsi olmayıb, uzun illərdən sonra hökumət başçısının öz xalqına həqiqi xidmət göstərməsi nümunəsi olardı. Tarix yenidən onu sınağa çəkir, yalnız məntiqə söykənsə, yenə uğur qazanacaqdır. Ağılsız hərəkəti isə xalqı əsl faciəyə aparacaqdır, qoy bunu bir an da olsun yaddan çıxarmasın.

22.06.2021

 





24.06.2021    çap et  çap et