525.Az

Xeyirxah addım - Münasibət


 

Xeyirxah addım - <b style="color:red">Münasibət</b>

Mən dünyada üç böyük qapı tanıyıram. Biri yerlə göyün arası, bu əsrarəngiz dünyanın ulduzlara, Aya, qalaktikalara açılan qapıdır.

Bu qapı bizim Vətən övladlarımızın, qüdrətli  ölkəmizə açdıqları Vətən qapısıdır. O, qapı genişdir, hüdudsuzdur. O, qapıdan çıxıb, ayağımız tutduqca dünyanı dolaşırıq. İkinci müqəddəs qapı, mənə elə gəlir ki, doğulduğumuz,  böyüyüb, boy atdığımız  əvəzsiz kəndimizin qapısıdır. Üçüncü qapı isə, bizim özümüzün həyata açılan, ayaq tutub yeriyən, bizi  doğma ana kimi bəsləyən doğma evimizin qapısıdır. O, qapı bizim qolumuzdan tutub, qaynar həyata atıb, bizə yaşamaq tərzini öyrədib.  Bağça-bağlar, gözəllik, min bir nemət verib.

Bu günlərdə doğma Salmanbəyli kəndində vaxtilə toz-torpağının içində kiçik həyat gördüyüm, minbir nemətindən bəhrələnib, böyüdüyüm yurdumun qapısını döydüm. Gözəl bir parkla rastlaşdım. Doğrusu, elə ilk andan sevindim. Burada kənd övladlarından 4 nəfərinin əli ilə gül-çiçəkli istirahət guşəsi, müxtəlif ağaclar, çayxana, kəndin ahıl və cavanlarının oturub dincəldiyi oturacaqlar, yaşıllıqlar adamı cəlb edir. Parkın yaradıcıları kəndin öz övladlarıdır. Həsənov İsmixan Məhəmməd oğlu, Əsgərov Əli Həmzə oğlu, Bünyadov Füzuli Soltan oğlu. Layihənin müəllifi və memarı Bünyadov Kamil Əlaslan oğludur.  Bu gənclər Türkiyədə, Orta Asiyada, Gürcüstanda, Rusiyada cəsarətlə çalışıb, əldə etdikləri az-çox qazanclarından istifadə edib, bu parkın yaradılmasına nail olublar. Bu dörd kənd sakini vətənpərvər, xeyirxah, həyata ayıq gözlə baxan kənd oğullarıdır. İlk təşəbbüs, eşitdiyimə görə, Həsənov İsmixan Məhəmməd oğlundan gəlib. Amma o birilərinin də əməyi az olmayıb.

Park Şuşa döyüşlərində həlak olmuş Samir Mikayıllının adına xatirə olaraq salınıb.  Samir 4 il Türkiyədə hərbi təhsil alıb. Şuşa qalasından qalxdığı yerdən yoldaşlarından ayrı düşüb. Kəndir sallayıblar, lakin kəndirdən tutub qalxmayıb. Deyib ki, mənim orada yoldaşlarım qalıb. O, 4 gün ac-susuz qaldıqdan sonra orada da həlak olub.

Kənddən, müharibəyə 40 nəfərdən artıq vətənpərvər oğlan səfərbər olunub. Onlar müxtəlif döyüş nöqtələrində - Tovuzdan Qubadlıya qədər mübariz döyüş yolu keçiblər. Bir neçəsi ağır yara alıb.

Kəndin bir neçə övladı həm İkinci Dünya müharibəsində, həm də Qarabağ müharibəsində böyük igidlik göstəriblər. Məsələn, Əlinağı Bünyadov İkinci Dünya müharibəsinin qəhrəmanıdır. Əlfi Məmmədov, Xaləddin Quliyev  Birinci Qarabağ müharibəsinin, kapitan Samir Mikayıllı isə İkinci Qarabağ müharibəsi şəhidləridir...

Park, elə  böyük olmasa da, rayonda kənd parkı kimi nümunəvi bir istirahət yeridir.  Parkda iki nəfər şəhid qəhrəmanımızın büstü ucaldılıb. Başda Əlinağı Bünyadov olmaqla iki nəfər şəhidin şəkili qara mərmər üzərində həkk olunub.

Parkda qalib Azərbaycanın və qardaş Türkiyənin bayraqları yüksəlir. Parkın ərazisi başdan-başa hasara alınıb, iki yerdən qapısı var. 360 kvadratmetr  əraziyə tamet döşənib, 840  kvadratmetr əraziyə qazon otu əkilib,  200-dən çox dekorativ ağac gətirilib, çöl və içəri hissəsidə əkilib, 500 metr uzunluğunda su xətti çəkilib. Bizim doğma kəndimizi bu gün tanımaq çox çətindir. Parkın içərisində gözəl bir mənzərə diqqətimizi çəkdi. 1957-ci ildən çəkilib yarımçıq qalmış kənd yoluna asfalt döşənir.

Onu da deyim ki, İsmixan Həsənovun maliyyə yardımı ilə kəndin qəbiristanlığı da yüksək səviyyədə sahmana salınıb.

Var olsun kəndimizin oğulları! Həm parka, qəbiristanlığa, həm də kəndarası yolların salınmasına əvəzsiz xidmətlər göstəriblər. Onlara kəndimizin bütün əhalisi adından minnətdarlığımı bildirirəm. Nə qədər kəndimiz var, bir o qədər onun parkı da, onun gözəlliyi də ürəkləri oxşayacaq, yaddaşlara həkk olunacaq.

Ənvər ƏHMƏD
Şair, Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin sədri

 





24.06.2021    çap et  çap et