525.Az

"Nizami işığında..." - Bir tablonun tarixçəsi


 

"Nizami işığında..." - <b style="color:red">Bir tablonun tarixçəsi </b>

...Onunla ötən əsrin 80-ci illərinin ortalarında tanış olmuşdum. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini qurtarmışdı. "Babaların oyunu" adlı tablosu - fərqlənmə diplomuna layiq görülmüşdü.

"Babaların oyunu" adlı o diplom işində rəssam nərd oynayan iki oyunçu babanı, onların oyununa tamaşa edən 6-7 yaşlı bir oğlan uşağının timsalında milli-mənəvi köklərimizə bağlılığı o yaşda uşağın düşüncələri - oyuna heyranlığı ilə təsvir etmişdi və deyim ki, soyadı Hüseynov olan Vaqif ulu kökü ilə - təkyə türkü olması ilə qürur duyurdu. Bizim Şirvan torpağının Təkyə kəndindən olması ilə fəxr edirdi. Və çox təəssübkeş bir oğlan idi. Yerlibazlıqdan uzaq olan Vaqif həmyerliləri olan təkyəliləri kiminsə öz adına çıxmasına dözmürdü. "Sizinki sizin, bizimki bizim..."

Sankt-Peterburqda (Leninqradda) Repin adına məşhur Rəssamlıq Akademiyasında oxudu. Və diplom işi kimi də məhz qürur duyduğu Azərbaycanın dahi şairi - Nizami Gəncəvinin 800 illiyi ilə bağlı o qanlı-qadalı müharibə illərində blokadadakı Leninqrad şəhərində, Ermitajda keçirilən yubiley tədbirini boyaların dili ilə kətana köçürməsi oldu...

Rəssam "Nizami işığında" tablosunu 1987-ci ildə işləsə də, onu yaratmaq barəsində hələ Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib ali təhsil almaq üçün Leninqrada yollananda düşünməyə başlamışdı. Uzun müddət mövzunun bədii ifadəsini daha real göstərməyə kömək ola biləcək materialları toplamışdı.

Əsərdə Nizami Gəncəvinin 1941-ci ildə qeyd edilmiş 800 illik yubiley mərasimi təsvir olunub. 1941-ci ildə SSRİ məkanında Nizami Gəncəvinin 800 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi planı hazırlansa da, Böyük Vətən müharibəsinin başlaması bu planların həyata keçirilməsinə imkan verməmişdi. Şairin yubileyi Peterburqda Rusiya alimlərinin və ədəbiyyatşünaslarının iştirakı ilə keçirilmiş tədbirlə qeyd edilmişdi. Məhz bu tədbir Vaqif Ucatayın "Nizami işığında" əsərinin mövzusu olmuşdu.

Rəssam əsəri işləməmişdən əvvəl təsvir edəcəyi tarixi hadisə ilə bağlı kifayət qədər material toplaya bilmişdi. Bu da ona yubiley mərasimini bütün reallığı ilə göz önündə canlandırmağa imkan verib. Rəssam əvvəlcə tədbirin keçirildiyi yerlə (Ermitaj) tanış olub. Hətta meteoroloji mərkəzindən öyrənib ki, yubiley günü Leninqradda havanın hərarəti müsbət 1 dərəcə olub, gecə saat 1-də isə qar yağmağa başlayıb.

Məlum olub ki, yubiley vaxtilə "məktəbli kabineti" kimi tanınan 160 kvadratmetrlik yerdə baş tutub. Muzeylə üzbəüz yerdə - Neva çayında dayanan "Qütb ulduzu" gəmisi iclas salonunu işıqla təmin edib. Yubiley təntənəsində altı nəfər çıxış edib. Muzeyin direktoru İ.A.Orbeli, şərqşünas alim M.Dyakonov, eləcə də A.İ.Boldıryev, Q.V.Ptitsin, N.Tixonov və başqaları öz çıxışlarında Nizaminin yaradıcılığından danışıblar.

Dyakonov və Ptitsin həm də Nizaminin əsərlərindən etdikləri yeni tərcümələri oxuyublar. Sonda iştirakçılar Nizami dövrünə aid sənət əsərlərindən ibarət sərgiyə də baxıblar. Bütün bu məlumatları əldə etdikdən sonra rəssam əsər üzərində işləməyə başlamış və 1987-ci ildə əsərini tamamlamışdır. Bu əsər eyni zamanda, Vaqif Ucatayın akademiyada diplom işi olub.

İri ölçülü tabloda (208x160 sm) yubiley təntənəsi əks olunsa da, bütünlükdə əsərdə müharibə ruhu, blokada ab-havası duyulur. Yeddi metrlik pəncərələrin müharibə şəraitinə uyğun örtülməsi, yeri gələndə onların qarşısını örtməli olan pərdələrin döyüşə hazır vəziyyətdə asılışı və yubiley iştirakçılarının hərbiləşmiş qiyafələri az qala tamaşaçını rəssamın hansısa gizli yığıncağı görüntüyə gətirdiyi qənaətinə gətirir.

Tablonun mərkəzi fiquru Nizaminin molbertdə qoyulmuş portreti (hələ o vaxt Nizaminin rəssam Q. Xalıqov tərəfindən yaradılmış (1940) obrazı ictimailəşmədiyindən V.Ucatay görüntüyə əyanilik gətirmək üçün kompozisiyaya şairin miniatür üslubunda çəkilmiş həmin portretini daxil edib) önündə çıxış edən I.A.Orbelidir.

Portretin qarşısında oturan məşhur alim I.Y.Kraçkovskidir. Rəssam ön planda onlardan əlavə başı sarıqlı M.Dyakonovu (onu yaralı olsa da, məruzəçi kimi cəbhədən geri çağırmışdılar), eləcə də Q.Ptitsin, N.Tixonov, A.Boldıryev, İ.Lurye və başqalarını təsvir etmişdir.

V. Ucatayın rəyasət heyətindəki bir stulu boş saxlaması da rəmzidir. Rəssam həmin yeri Azərbaycandan gələn qonaq üçün saxlayıb, amma müharibə vəziyyətinə görə o qonaq burada yoxdur.

Əsərdə tətbiq edilən uğurlu işıq - kölgə həlli kiçik salona toplaşanların böyük Nizami ruhuna köklənmiş yaşantılarını təsirli və yaddaqalan biçimdə göstərməyə imkan verib.

 

Qələm dostum, şair-publisist Oktay Abbas "Ürəyi Azərbaycanla döyünən rəssam" adlı essesində ("Sözün yaddaşı", Bakı - 2019) hələ 2006-cı ildə "Avropa" nəşriyyatında "Rəssam Vaqif Ucatay" adlı kitabdan iqtibas gətirərək yazır ki, o günlərdən illər keçib. Vaqifin diplom işi kimi araya-ərsəyə gətirdiyi həm rəssamlıq, həm də qətiyyətlə demək olar ki, ədəbiyytımızın tarixi və ədəbiyyatşünaslıq baxımından olduqca dəyərli "Nizaminin işığında" (1987) əsəri N.Gəncəvi adına Ədəbiyyat Muzeyində saxlanır. İlk baxışda adi görünən cümlə. Amma bu cümləni deyə bilmək hüququnu qazanana qədər Vaqifin qarşılaşdığı çətinliklərlə, maneələrlə tanış olanda onun sənətə vurğunluğu, Azərbaycana böyük məhəbbəti barədə təsəvvür əldə etmək olur. Diplom mövzusunun təsdiqi altı ay yubadılır. Vaqif diplom mövzusunun təsdiqindən sonra axtarışlara başlayır. İlk gümanı bu olur ki, mövzu ilə bağlı faktları öyrənməkdə ona şərqşünaslar kömək edə bilərlər. Odur ki, Leninqrad Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə yollanır. Yaxınlaşdığı ilk adama məqsədini bildirəndə ondan bu sözləri eşidir: "Axır ki bir nəfər tapıldı". Sonra onu Nizami yubileyinin iştirakçısı olmuş Aleksandr Nikolayeviç Boldrevin yanına aparır. Xeyli söhbətdən sonra Vaqifə diplom işinin uğurlu alınması üçün daha nələri öyrənməklə bağlı məsləhətlər verir. Son sözü bu olur ki, həmin məşhur yubileylə bağlı ən tutarlı məlumatlar, faktlar sizin öz yerlinizdədir. Sonra onu universitetdə işləyən Əfrasiyab Vəkilovun yanına gətirir. Əfrasiyab müəllim ona xeyli məlumat, o cümlədən, yubileyin dəvətnaməsini, yubiley iştirakçılarının siyahısını verdi. Əfrasiyab müəllim həmin dövrdə cəbhədə döyüşdüyündən özü yubileydə iştirak edə bilməmişdi. Amma sonralar maraqlanmış, yubiley iştirakçıları ilə şəxsən görüşmüş, xeyli elmi məlumat toplamışdı. Onun məlumatları, verdiyi sənədlər həm diplom işinin hazırlanması, həm də bütövlükdə yubileylə bağlı faktların dəqiqləşdirilməsi baxımından faydalı oldu.

Vaqifin axtarışları bəhrəsini verdi. Doğrudur, diplom müdafiəsində də mane olmaq istəyənlər tapıldı. Ermitajın direktoru, bu işdə Vaqifə böyük köməklik göstərmiş akademik Orbeli də diplom müdafiəsində iştirak etdi. Müdafiədən sonra o əsəri sərgi eksponatı qismində deyil, işçi otaqlardan birində saxlanmaq üçün almaq istədiyini bildirdi. Vaqifin "istəmirəm" cavabına təəccübünü gizlətmədi. Əsəri Azərbaycana aparmaq istədiyini eşidəndə əlini onun çiynimə vurub fikrini təqdir etdiyini bildirdi.

Akademikin təəccübünə səbəb adi bir tələbənin bu cür ələdüşməz təklifdən (əsərin Ermitaj üçün alınmasından) imtina etməsiydi. Akademiki təəccübləndirən həm də bu idi: o, dəqiq bilirdi ki, müdafiəyə təqdim olunmuş əsər mövcud təlimatlara görə Rəssamlıq Akademiyasında saxlanılmalıdır və onu Bakıya aparmaq istəyi real deyil.

Bəlkə də elə bunun nəticəsidir ki, Vaqifin hələ tələbə ikən akademik İ.A.Orbeliyə dediyi sözü heç vaxt yadından çıxmır, onu reallaşdırmaq üçün uzun illər fürsət axtarır. Nəhayət, dostu, sənətşünas Ziyadxan Əliyevlə söhbətləşəndən sonra o dövrdə R.Mustafayev adına İncəsənət Muzeyinin direktoru işləyən Əməkdar incəsənət xadimi Kazım Kazımzadəyə müraciət edir. Bu müraciəti məmnuniyyətlə dinləyən K.Kazımzadə yubandırmadan İ.Y.Repin adına Rəssamlıq Akademiyasının rəhbərliyinə "Nizaminin işığında" əsərinin Azərbaycana verilməsi xahişi ilə məktub hazırlatdırır. Şəxsi vəsaiti hesabına Leninqrada yollanan Vaqif məktubun köməyilə, istisna hal kimi, əsəri Azərbaycana gətirməyə müvəffəq olur. İndi həmin əsər N.Gəncəvi adına Ədəbiyyat Muzeyində saxlanılır.

***

Doğma Qarabağımızın erməni qəsbkarları tərəfindən işğalı Vaqifin sağalmaz, ovunmaz yarası idi. Ötən əsrin bəşəriyyət tarixində ən böyük qanlı faciələrindən olan Xocalı soyqrımı ilə bağlı onun yaratdığı tablo həm də sənətkarın çağırışı idi. "Bu qan yerdə qalmamalıdır!" Gün-güzəranın ağır vaxtlarında heç bir sifarişlə iş görməyən Vaqif Dəvəçi (indiki Şabran) şəhidləri haqqında kitab hazırlandığını biləndə dərhal şəhidlərimizin müqəddəs ruhuna ehtiram kimi kitabın üz qabığının rəsmini çəkib bizə çatdırdı.

Vaqif uzun müddət başımızı aldatan atəşkəs dövründə dəfələrlə cəbhə xəttində, o zaman igid əsgərlərimizin xain düşmənlə üzbəüz qaldığı təmas xəttində olmuş, hər an Ali Baş Komandanın döyüş əmri ilə hücuma keçməyə hazır olan Vətən əsgərlərinin şəhidliyə hazır çöhrələrini, düşmənə nifrətlə dolu odlu gözlərini rəsmlərinə köçürmüşdü, müqəddəsliyə, əbədi ucalığa yüksəltmişdi.

Bəlkə də Vaqif Ucatayın (yeri gəlmişkən, yada salaq ki, soyadı Hüseynov olan Vaqif Ucataya təxəllüsünü sufi folosofumuz, mərhum Asif Ata verib) ən möhtəşəm tablosu 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizə həsr edilən əsəri olacaqdı. Bəlkə də Vaqifin üzrəyindən keçən, dilindən düşməyən (hərçənd ki, heç bir sənətkar yaratdığı bir əsərini digərindən üstün tutmur...) tablosu işğaldan azad olunmuş Şuşamızda tarixi Xarıbülbül Festivalını boyaların qüdrəti ilə kətana köçürülməsi olacaqdı. Axı o festival da Nizaminin Leninqradda keçirilən o tarixi yubileyi qədər tarixi idi...

Vaqif Qələbə xəbərinin sevinci ilə qısa bir müddət yaşadı. Bəlkə də ürəyində, möhtəşəm Qələbə xəbərindən sonra neçə-neçə rəssam xəyalları qurmuşdu.

Bəlkə də... Bəlkə də "Xarıbülbül" Festivalını rənglərin dili ilə "Nizami işığında" tablosu kimi tariximizin sənət yaddaşına köçürəcəkdi. Yəqin ki, indi soyadından da ucalıqda olan Vaqif o tablonu ruhu ilə kətana köçürür.

Rəssamlıq Akademiyasına gələcəyin fırça ustalarına sənətin sirlərini öyrədirdi.

Yaradıcılıq arzuları sənətkar təxəyyülünə bəlkə də sığmırdı.

Ancaq... Ancaq vaxtsız əcəl qəfil gəldi. 

 





06.07.2021    çap et  çap et