525.Az

Fərid Ələkbərli: dəyərli alim və insan - Paşa Əlioğlu yazır


 

Fərid Ələkbərli: dəyərli alim və insan -<b style="color:red"> Paşa Əlioğlu yazır</b>

Bu il elm aləmində ən böyük itkilərimizdən biri tibb tariximizin tanınmış tədqiqatçısı Fərid Ələkbərlinin itkisi oldu. Ən çox kədərləndirən odur ki, gözəl alim, nəcib insan olan Fərid müəllim yaradıcılığının çiçəklənən, məhsuldar vaxtında dünyasını dəyişdi. O, ömrünün son aylarında ağır xəstə idi və işə gəlmirdi. Xəstələndiyindən xəbərimiz olsa da, bizə elə gəlirdi ki, möcüzə baş verəcək, Fərid müəllim sağalıb işini davam etdirəcək, yeni-yeni əsərləri ilə bizi sevindirəcək. Təəssüf ki, belə olmadı, amansız ölüm bu ilin 7 aprelində onun həyatına son qoydu, bir çox arzuları, planları həyata keçməmiş qaldı.

Təsəlli olan Fərid müəllimin əsərləri, əməlləridir ki, bizimlədir və onları heç kim əlimizdən ala bilməyəcək. Öhdəmizə düşən taleyin bizə verdiyi ömür sürəcində Fəridi və başqa dəyərli şəxsiyyətlərimizi unutmamaqdan, onların xatirəsini ehtiramla yad etməkdən ibarətdir.

Tarix üzrə elmlər doktoru, professor, Azərbaycan Tibb Tarixçiləri Birliyinin prezidenti,  Beynəlxalq Tibb Tarixi Cəmiyyətinin (İSHM) İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi və çapa hazırlanması şöbəsinin müdiri Fərid Urxan oğlu Ələkbərli 1964-cü ilin 3 yanvarında Gəncədə ziyalı ailəsində dünyaya gəlmişdir. 1981-ci ildə Bakı şəhər 134 nömrəli orta ümumtəhsil məktəbini bitirmiş, 1980-1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra Əlyazmalar İnstitutunda işləmiş, ərəb, fars, Azərbaycan dillərində bir sıra tibb əlyazmalarının tədqiqi və tərcüməsi ilə məşğul olmuş, bir sıra yazılı abidələri nəşr etdirmişdir.

1992-ci ildə "Orta əsr (XII-XVIII əsrlər) və müasir Azərbaycan dərman bitkilərinin müqayisəli təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1993-1994-cü illərdə Bakı Futurologiya Universitetində tibb tarixi, botanika və fitoterapiya üzrə mühazirələr oxumuşdur. 1993-1994-cü illərdə, həmçinin, Azərbaycan Respublikası Milli Məclisi nəzdində Sosial Tədqiqatlar

Mərkəzində ekspert vəzifəsində çalışmışdır.

Fərid Ələkbərli 1998-ci ildə "Orta əsr (X-XVIII əsrlər) ərəbyazılı mənbələr Azərbaycanda sağlamlığın qorunması haqqında" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 2003-cü ildə Əlyazmalar İnstitutunun Tərcümə və informasiya şöbəsinin müdiri təyin edilmişdir (hazırda bu şöbə Əlyazmaların və əski çap kitablarının tərcüməsi və çapa hazırlanması şöbəsi adlanır). 2004-cü ildə mənzil qərargahı Parisdə yerləşən Beynəlxalq Tibb Tarixi Cəmiyyətinin (İSHM) İdarə Heyətinin üzvü seçilmişdir. 2004-2005-ci illərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan əlyazmalarının UNESCO-nun Dünya Yaddaşı Proqramına (Memory of the World Programme) daxil edilməsi layihəsi üzərində çalışmışdır. 29 iyul 2005-ci il tarixində ilk dəfə olaraq AMEA Əlyazmalar İnstitunda saxlanan tibbə dair üç orta əsr əlyazması UNESCO-nun Dünya Yaddaşı siyahısına əlavə edildi.

F.Ələkbərli 2004-cü ildə həmkarları ilə birlikdə Azərbaycan Tibb Tarixçiləri Birliyini yaratdı və bu birliyin ilk prezidenti seçildi. O, 2005-ci ilin 1-2 fevralında  Heydər Əliyev Fondunun yardımı ilə "Azərbaycan Tibb Elminin Tarixi Problemləri" mövzusunda I Respublika Konfransını təşkil etmişdir. Bu tədbir Azərbaycanda tibb tarixinə aid ilk beynəlxalq konfrans idi.

2011-2013-cü illərdə Vatikan arxivlərində araşdırmalar apararaq Azərbaycan tarixinə dair çoxsaylı sənədlər aşkar etmiş və onların surətlərini Bakıya gətirmişdir. O, Vatikan Apostol Kitabxanasında və Vatikan Məxfi Arxivlərində uzunmüddətli araşdırmalar aparan ilk Azərbaycan alimi olmuşdur. Alimin bu araşdırmaları 2014-cü ildə "Elm və təhsil" nəşriyyatında işıq üzü görmüş "Vatikan arxivlərində saxlanan Azərbaycana aid əlyazmalar" adlı kitabında əksini tapmışdır. Qeyd edək ki, alimin Vatikanda əldə etdiyi sənədlər arasında Azərbaycan hökmdarlarının (Elxanilər, Səfəvilər, Əfşarlar, Qacarlar və d.) Roma papası ilə diplomatik yazışmaları vardır. Bundan başqa, Vatikan kilsəsinin Azərbaycanda apardığı dini fəaliyyətə dair  sənədlər də diqqəti cəlb edir. Aşkar edilən materiallar əsasən italyan, latın, fransız, ərəb, fars, türk, monqol dillərindədir. Vatikandan gətirilmiş əlyazma surətləri içində Nizami, Nəsimi, Füzuli, Şəbüstəri, Sührəverdi və başqa Azərbaycan klassiklərinin, eləcə də indiyədək haqqında məlumatımız olmayan müəlliflərin əsərləri vardır.

Fərid Ələkbərli 200-dən artıq elmi və elmi-kütləvi əsərin, o cümlədən, 23 kitab və kitabçanın müəllifidir. Tədqiqatçı ona qədər naməlum qalan bir sıra tibb əlyazmalarını aşkar etmiş, onları tədqiqata cəlb etmişdir. Belə əsərlərdən Kəmaləddin Kaşaninin "Ərvahül-əcsad" (XIV əsr), Mürtəzaqulu Şamlunun "Xirqə" (XVII əsr), Əbülhəsən Marağayinin "Müalicəti-münfəridə" (XVIII) və s. adlarını çəkmək olar.

F.Ələkbərli tibb və əczaçılıq üzrə X-XVIII əsrlərə aid yazılı abidələri üzərində apardığı tədqiqatlar nəticəsində ilk dəfə olaraq bu mənbələrdə təsvir edilmiş 724 növ dərman bitkisini müəyyən etmiş və araşdırmışdır. Onların siyasını hazırlamışdır, müəyyən etmişdir ki, bu bitkilərdən ancaq 254-ü müasir tibdə istifadə olunmaqdadır. Alim tərəfindən orta əsrlərdə istifadə olunan 150 növ heyvan və 115 növ mineral mənşəli, 866 növ mürəkkəb dərman nüsxələri tədqiq edilmiş, onların tərkibi və orta əsr tibbində istifadə üsulları müəyyənləşdirilmişdir.

Alim Azərbaycanda dietologiyanın və şərabçılığın tarixinə dair kitablar yazmışdır. O, Azərbaycanda ilk orta əsr əczaçılıq terminləri lüğətini tərtib etmişdir.

Fərid Ələkbərli kitab və məqalələrini Azərbaycan, rus, ingilis, alman və italyan dillərində yazıb nəşr etdirirdi, Azərbaycanı, onun zəngin mədəniyyətini, tarixini geniş miqyasda təbliğ edirdi. Onun Heydər Əliyev Fondunun köməyi ilə həyata keçirdiyi bir sıra layihələr (Azərbaycanda tibb tarixinə dair ilk beynəlxalq konfransın keçirilməsi, Vatikan Apostal Kitabxanasında Məxfi Arxivlərində Azərbaycan yazılı abidələrinin, tariximizə aid sənədlərin araşdırılması və s.) tarixi, mədəni, elmi keçmişimizin öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Alim Azərbaycanda tibb tarixi və qədim əlyazmalar haqqında ingilis dilində ilk kitabın müəllifidir. 2013-cü ildə Nyu-Yorkda "Marquand Books" nəşriyyatı tərəfindən "Memories of Baku" ("Bakı xatirələri") kitabı nəşr edilmişdir. Kitabın Bakının ən qədim zamanlardan XX əsrin əvvələrinə qədərki tarixindən bəhs edən fəslinin müəllifi Fərid Ələkbərlidir. Fərid müəllimin Azərbaycan əlyazmalarına dair kitabları alman, italyan dillərində də nəşr olunmuşdur.

Fərid Ələkbərli bir sıra nəşrlərin, o cümlədən, Bolqarıstanda  çap edilən "Asklepios" Beynəlxalq Tibb Tarixi Jurnalının və ABŞ-da nəşr edilən "Azerbaijan İnternational", "Biomedicine İnternational", "İnternational Journal of History and Philosophy of Medicine" jurnallarının redaksiya heyətinin üzvü olmuşdur.

Fərid Ələkbərli Azərbaycan Milli Ensiklopediyasının xüsusi cildində yer alan Azərbaycanda ən qədim zamanlardan XX əsrin əvvəllərinə qədərki dövrdə biliklərin tarixi haqqında bölümün müəllifidir.

Fərid müəllimin çoxsaylı əsərləri içində bir neçəsinin adını çəkək: "Şərq təbabəti və milli xörəklərimiz". Ön söz, tərtib və tərcümə, lüğət və çapa hazırlanma Fərid Ələkbərlinindi. Bakı, Elm, 1994; "Oxrana zdorovğə v sredievekvoy (X-XVIII vv.) Azerbaidjana", Vaku, İrşad, 1999; "Şərqdə ailə və nikah", Bakı, Tural, 2001; "Orta əsr əczaçılıq terminləri lüğəti". Bakı, Mütərcim, 2002; "Şərq təbabətinin min bir sirri". Cild 1-2. Bakı: "Elgün", 2013; Vatikan arxivlərində saxlanan Azərbaycana aid əlyazmalar. Bakı: Elm və təhsil, 2014.

Fərid Ələkbərlinin uşaqlar üçün yazdığı elmi-kütləvi hekayələri Azərbaycanda, Rusiya və ABŞ-da nəşr edilmişdir.

Onun əsərlərinin siyahısı çox genişdir. F.Ələkbərli Azərbaycan gerçəkliyinin dünyaya çatdırılmasında, düşmənlərimizə layiq cavab verilməsində də fəal idi. Gözəl alim olduğu kimi, xalqını, doğma yurdunu sevən əsl vətənpərvər idi. Heyif ki, yaradıcılığının ən kamil, məhsuldar çağında ölüm onu sıralarımızdan aparırdı. Fərid müəllimin təvazökar bir insan, əsl ziyalı, səmimi bir dost, qayğıkeş iş yoldaşı olması ayrıca bir mövzudur. Bütün bunları qələmə almaq, haqqında söz demək borcumuzdur. Ən azı ona görə ki, gündən-günə sürətlə dəyişən dünyamıza yeni gənc alimlər nəsli gəlir, torpaqları işğaldan yeni azad edilmiş Azərbaycan gələcəyə inamla baxır. Belə bir dövrdə elmin daşlı-kəsəkli yolları ilə addımlayacaq gənclərimizə tarix elmləri doktoru, professor Fərid Ələkbərli örnəyi çox lazım olacaq.
 

 





08.09.2021    çap et  çap et