525.Az

Çağdaş elmimizin iftixarı - Cəlil Nağıyev yazır


 

Çağdaş elmimizin  iftixarı -<b style="color:red"> Cəlil Nağıyev yazır</b>

Bu günlərdə, konkret olaraq sentyabr ayının 27-də görkəmli Azərbaycan alimi - filologiya elmləri doktoru, professor Əsğər Məmməd oğlu Zeynalovun 70 yaşı tamam olur. Əsğər Zeynalov baza ixtisasına görə fransız dili və ədəbiyyatı mütəxəssisidir. Bu sahə üzrə o, doktorluq dissertasiyası müdafiə etmiş, neçə-neçə sanballı kitab və məqalə yazıb, bu dərin məzmunlu elmi-tədqiqat əsərlərini həm doğma vətənimizdə, həm də bir sıra xarici ölkədə (Fransa, Almaniya, İngiltərə, Hindistan, İsveç) çap etdirib və bu əsərlər həm Azərbaycanın, həm də həmin ölkələrin elmi ictimaiyyəti tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Bu, Əsgər Zeynalovun genişmiqyaslı elmi araşdırmalarının yalnız bir istiqamətidir. O, fransız dili və ədəbiyyatı ilə yanaşı, milli folklorumuzu, klassik və müasir ədəbiyyatımızı da araşdırıb, 1991-ci ildə Azərbaycan bayatıları mövzusunda ("Azərbaycan bayatıları Qafqaz regionunda") namizədlik (fəlsəfə doktoru) dissertasiyasını müdafiə edib (ümumiyyətlə, o, 40 kitabın, 400-ə yaxın elmi-publisist məqalənin müəllifidir).

Bütün bunlarla yanaşı, mən deyərdim ki, Əsgər Zeynalovun elmi-publisist yaradıcılığının zirvəsini onun əzəli torpaqlarımız olan indi Ermənistan adlandırılın Qərbi Azərbaycan - İrəvan xanlığı, Göyçə mahalı, Zəngəzur haqqında, xüsusilə də bu tarixi vətənimizin qədim tarixi, zəngin mədəniyyəti, bu torpaqlardan çıxmış ziyalılar barəsində apardığı dərin tədqiqatlar təşkil edir. Bu sahədə də Əsgər Zeynalov ciddi araşdırmalar aparıb, çox qiymət elmi-publisistik əsərlər yaradıb. Bu əsərlərdən xüsusilə, "İrəvan ziyalıları" (1999), "Hara gedir bu qatar?" (2004), "Orada bir yurd var, uzaqda" (2006), "İrəvan məktəbləri" (2011), "İrəvan xanlığı... gerçəkliyin aydınlığı" (2016) kitablarını göstərmək olar. 

Əsgər Zeynalovun Qərbi Azərbaycanla bağlı olan tədqiqatlarının əlamətdar cəhətlərindən biri də ondan ibarətdir ki, bu mövzu, demək olar ki, tam şəkildə Azərbaycanın bugünkü ictimai-siyasi ovqatı ilə üst-üstə düşür. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgərlərimizin apardığı 44 günlük şərəfli zəfər yürüşü uğurla başa çatdı, Ordumuz misli görünməmiş şücaət göstərdi, 30 ilə yaxın erməni işğalçılarının əsarətində olan Qarabağı xilas etdi. Mədəniyyət mərkəzimiz Şuşa, Yuxarı Qarabağ, xüsusilə Zəngəzurun böyük bir hissəsi indi rahat nəfəs alır. Əsgər Məmməd oğlu Zeynalov doğma el-obasından didərgin düşmüş, başı min bir bəla çəkmiş yüz minlərlə Qərbi azərbaycanlı soydaşlarımızdan biridir. O, Qərbi Azərbaycanın Zəngibasar mahalının Yuxarı Necili kəndində dünyaya göz açıb, orta təhsilini doğma kəndində aldıqdan sonra, Bakıda təhsilini davam etdirib, Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsini bitirib. Professor M.Ə.Seyidovun və professor T.Ə.Əhmədovun rəhbərliyi altında o, "Azərbaycan bayatıları Qafqaz regionunda" adlı filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Əsgər Zeynalov bu dissertasiya işi üzərində çalışarkən Ermənistan Əlyazmalar institutunda - Matenadaran kitabxanasında, Ermənistan Xalq yaradıcılığı Evində, Ermənistan Ədəbiyyat və İncəsənət muzeyində dərin axtarışlar aparıb, erməni mənbələrindən 550-dən artıq erməni əlifbası ilə yazılmış Azərbaycan bayatısını aşkarlayıb, onları elmi-filoloji və nəzəri-metodoloji aspektlərdə araşdıraraq qiymətli nəticələr əldə edib.

Ə.Zeynalovun vətən sevgisi və ürək ağrısı ilə qələmə aldığı "İrəvan ziyalıları" kitabı vətənpərvərlik duyğularının ifadəsi ilə yanaşı, həm də qiymətli məlumatlar mənbəyi kimi də mühüm əhəmiyyət kəsb edir. Ə.Zeynalov ilk dəfə olaraq əslən irəvanlı olan bir sıra çox görkəmli Azərbaycan ziyalıları - alimlər, ictimai-siyasi xadimlər, bəstəkarlar, yazıçılar haqqında çox qiymətli məlumatlar toplayıb, onları maraqlı publisistik səpgidə qələmə alaraq monoqrafik formada çap etdirib. Bu kitabda, o, akademik Mustafa Topçubaşov, professor Əziz Əliyev, akademik Heydər Hüseynov, professor M.Mirbabayev, bəstəkar Səid Rüstəmov, şair Əhməd Cəmil, kinorejissor Hüseyn Seyidzadə və başqaları haqqında ətraflı məlumatlar verib.
Daima vətən eşqilə alışıb-yanan Əsgər Zeynalov, doğulub boya-başa çatdığı Qərbi Azərbaycanı - İrəvan torpaqlarını, Zəngibasar mahalını, sevimli Yuxarı Necili kəndini heç cür unuda bilmir, imkan düşən zaman reallıqda, əsasən isə xəyalında bu yerləri gəzib-dolaşır, ürəyindən qara qanlar axa-axa dərin nostalji hissləri ilə yaşayır. Keçmiş günləri xatirində canlandıran Əsgər müəllim "Hara gedir bu qatar" kitabında yazır: "Sonralar İrəvanı Yerevana çevirdilər. Az qala izi-tozu da qalmadı. Hanı Təpəbaşı, Toxmaqgöl, Şəhər, Qırmızı, Dəmirbulaq, Gedərçay məhəllələri? Bəs başı göylərə ucalan minarəli məscidlər - Göy məscid, Novruzəli məscidi, Günnüklü məscidi, Hüseynəli məscidi, Hacı Bəyim məscidi, Şəhər məscidi, Zal xan məscidi!.."

İrəvan gimnaziyası və Müəllimlər Seminariyası, Uluxanlı Məktəbi haqqında da ətraflı məlumat verən müəllifin fikrincə, Qərbi Azərbaycanın ən etibalı tarixi salnaməsi olan toponimiyası - yer (mahal, şəhər, kənd, dağ, çay, göl və s.) adlarıdır ki, onlar da xalis türk adlarıdır, əsl türk etimologiyasının bariz nümunəsidir. 

Müxtəlif dövrlərdə vətənlərindən didərgin düşən, qaçqınlıq taleyini yaşayan bəzi ziyalılarımız, görkəmli şəxsiyyətlərimiz haqqında söz açan Ə.Zeynalov yazır: "Təxmini hesablamalara görə, Şərqi Azərbaycanda 3 milyondan artıq Qərbi Azərbaycan mənşəli azərbaycanlı yaşayır. Həmin torpaqlardan olan ziyalıların əksəriyyəti bu qaçqınlıq mərhələsini keçmişlər”.

"İrəvan xanlığı" kitabında Azərbaycanın İrəvan əsilli bir sıra köklü ziyalı nəsli barəsində bugünkü oxucu üçün mühüm əhəmiyyət kəsb edən məlumatlar verilib. Bunlardan, xüsusilə Mirzə Qədim İrəvani, Mirbağırovlar, Mirbabayevlər, Abbas və Cabbar Məmmədzadələr, Qazıyevlər, Abbasqulu xan Erivanskilər, Muğanlınskilər, Topçubaşovlər, Əziz Əliyev, göyçəli Əfəndiyevlər, Fərəcovlar, Axundovlar, gərnibasarlı Seyidovlar (Seyidzadələr), Haqverdiyevlər, Kərimovlar, Bağırzadələr, Yusifovlar nəsli və çoxsaylı görkəmli şəxsiyyətlər - bəstəkar Səid Rüstəmov, akademik Heydər Hüseynov, şair Əhməd Cəmil, professor Gülçöhrə Məmmədova, professor Mirəli Seyidov, xalça ustası Kamil Əliyev, rəssam Cabbar Quliyev və neçə-neçə bu qəbildən olan məşhur ziyalı barəsində çox maraqlı və dəyərli tədqiqatlar öz əksini tapıb.

Əsgər Zeynalovun "İrəvan xanlığı... Gerçəkliyin aydınlığı" kitabı elə bir zəngin mənbə, elə əhatəli nəşrdir ki, onun janrını, istiqamətini konkret müəyyən etmək bir qədər çətindir. Bu kitab həm tarixdir, həm coğrafiyadır, həm sosiologiyadır, həm politologiyadır, həm təbiət elmləri, həm də humanitar elməri əhatə edən mürəkkəb məzmunlu və quruluşlu bir tədqiqat əsəridir. Bir sözlə, bu kitab mövzusuna, quruluşuna görə özünəməxsus bir ensiklopediyadır. Özü də qeyri-standart, özünəməxsus bir ensikdlopediya. Elindən-obasından didərgin düşmüş insanların həyatına, yaradıcılığına, fəaliyyətinə həsr edilmiş bir ensiklopediya. Bu kitab, bu gün xalqımızın ən ağrılı məsələlərindən birinə - ata-baba yurdumuzun bir güşəsi olan, bu gün Ermənistan adlanan Qərbi Azərbaycanın acı taleyinə, onun tarixinə, ziyalılarına, başıbəlalı insanlarına həsr olunmuş abidə sayıla bilər.

Əsgər Zeynalovun bu sahədə apardığı bütün araşdırmalar bir ədəbiyyat professorunun, bir publisistin şəxsən yaşadıqlarının, bütün şüurlu həyatı boyu apardığı müşahidələrin təsviri kimi bu problemin çözülməsi yolunda atılan uğurlu addımdır.

"İrəvan xanlığı... Gerçəkliyin aydınlığı" kitabı Azərbaycanın və bir sıra xarici ölkələrin qabaqcıl elm xadimlərinin diqqətini cəlb edib. Akademik, millət vəkili Nizami Cəfərov, "Respublika" qəzetinin baş redaktoru olmuş mərhum professor Teymur Əhmədov, Sankt-Peterburq İqtisadiyyat və Maliyyə Univesitetinin pofessoru Boris Starkov, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun şöbə müdiri, professor Rudolf İvanov kimi tanınmış elm xadimləri Əsgər Zeynalovun bu mövzuda yazdığı əsərlərinin xüsusi əhəmiyyət kəsb etdiyini göstərmiş, ona yüksək qiymət vermişlər.
Əsgər Zeynalov klassik fransız ədəbiyyatı sahəsində peşəkar səviyyədə məşğul olan alimdir. Bu sahəyə aid "Fransız ədəbiyyatında Şərq" (1996 və təkmilləşmiş variantı, 1999), "Volter yaradıcılığında Şərq" (2001), "Viktor Hüqo" (2001), "Viktor Hüqo və Lui Araqonun şeirlərinin tərcüməsi" (2012), "Fransız ədəbiyyatının milyarderi" (2013), "Hüqo" (2014) və başqa kitabların müəllifidir.

"Hüqo" kitabına daxil edilən bütün bölmələr yeni məlumatlar və maraqlı faktlarla zəngindir. Bu kitabda yer alan "Hüqo İslam dinini qəbul etmişdirmi?" ritorik sual başlığı ilə verilmiş bölmə isə həm gözlənilməzliyi, həm də əhəmiyyətliliyi baxımından xüsüsi əhəmiyyət kəsb edir.
Hüqonun dini inancı və dünyagörüşü məsələsi də onun yaradıcılığı ilə sıx bağlı olub. Məlum olduğu kimi, hələ 1859-cu ildə yazıçının "Əsrlərin əfsanəsi" adlı bir kitabı işıq üzü görmüşdür. Buraya şairin islam dini, bu dinin peyğəmbəri Məhəmməd peyğəmbər mövzusunda çox qiymətli üç poetik əsəri - "Hicrətin doqquz ili", "Məhəmməd" və "Sidr ağacı" daxil edilib. Bu kitab şairin yüz illik yubileyindən - 1902-ci ildən sonra düz yüz il ərzində, 2002-ci ilə qədər heç bir yerdə çap olunmayıb.

Məsələ burasındadır ki, son vaxtlara qədər nə fransız, nə rus, nə də digər xalqların hüqoşünasları "Əsrlərin əfsanəsi" kitabının adını dönə-dönə çəksələr də, bu kitaba daxil olan bir mövzudan bəhs etməyiblər. Bu, Viktor Hüqonun islam dininə münasibəti məsələsidir. Son dərəcə mübahisəli məsələ olan bu problemlə əsaslı şəkildə məşğul olan Əsgər Zeynalov fransız dilində nəşr olunmuş elmi mənbələrə istinadən belə bir qənaətə gəlir ki, həqiqətən də görkəmli fransız romantiki Viktor Hüqo müsəlman olmuş, hətta özünə müsəlman adı da götürmüşdü. Ə.Zeynalov fransız dilində aşkar etdiyi bir mənbədən delə bir parça verir: "Şairlərin ən parlağı Hüqo müsəlman idi. Heç kəs bilmirdi ki, məşhur Hüqo müsəlman idi... Şübhəsiz ki, onun müsəlman olduğunu mediada (mətbuatda) demək olmurdu... Bu təkrarsız poemaların müəllifi Hüqo inam yolunu (canad) təsdiq edərək bildirmişdir ki, "Allah təkdir, onun heç bir şəriki yoxdur, Məhəmməd onun elçisidir. 1881-ci ilin sentyabr ayının 6-da onun göndərdiyi (şübhəsiz ki, Tanrı nəzərdə tutulur - Ə.Z.) Şeyx İbrahim dö Tlemcen əlcəzairli Parisdə onun otağında (Hüqonu otağında - Ə.Z) olmuş və bunun nəticəsində fransız ədibi Əbu Bəkr Hüqo adını qəbul etmişdi. Şeyx İbrahim Parisə Hüqonu yanına gələrkən ona bir canamaz (sayyada - Ə.Z.) gətirmişdi. O, 1885-ci ildə bir müsəlman kimi dünyasını dəyişmişdir".

Əsgər Zeynalov böyük yaradıcılıq potensialına, tükənməz enerjiyə malik olan, yaradıcılıq eşqi ilə alışıb-yanan bir ziyalı, alim və müəllimldir. Əsgər müəllimi yubileyi münasibətilə təbrik edir, ona uzun ömür və gələcək yaradıcılığında uğurlar arzulayıram.  

Cəlil Nağıyev,

Professor

 





18.09.2021    çap et  çap et