525.Az

Mübariz Qurbanlı Gürcüstandan olan din xadimləri ilə görüşüb


 

Mübariz Qurbanlı Gürcüstandan olan din xadimləri ilə görüşüb<b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyətini qəbul edib.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Görüş zamanı DQİDK sədri geniş tərkibli nümayəndə heyətinin Azərbaycana səfərinin ilk dəfə təşkil olunmasını məmnuniyyətlə vurğulayıb. O, Azərbaycan səfirliyinə və səfərin ərsəyə gəlməsində əməyi olan bütün qurumlara təşəkkür bildirib.

Son dövrdə müvafiq sahədə müşahidə edilən Gürcüstanla münasibətlərin inkişaf tempindən məmnunluq ifadə edən M.Qurbanlı digər istiqamətlərdə olduğu kimi, din sahəsində də qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq əlaqələrindən bəhs edib. O, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadzenin ötən il Azərbaycana etdiyi səfəri həmin əlaqələrin canlanmasına təkan verən amil kimi qiymətləndirib.

Müsbət dinamikanın davam etdirilməsi məqsədilə komitə sədri qarşılıqlı birgə tədbirlərin keçirilməsi təklifini irəli sürüb.

Nümayəndə heyətinin üzvləri - Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri Əli Əliyev, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, BGMİ-nin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov, Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov qəbula görə təşəkkür ifadə edərək, səfərin təşkilinə görə səfirliyə minnətdarlıq bildirib, işğaldan azad olunan ərazilərə səfəri böyük həyəcanla gözlədiklərini vurğulayıblar.

Din xadimləri Azərbaycan torpaqlarının işğaldan azad olunmasını qürurla qarşıladıqlarını, şəhidlərimizin ruhuna dualar oxuduqlarını diqqətə çatdırıblar.

Bununla əlaqədar M.Qurbanlı işğal olunmuş ərazilərimizin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgərlərimizin və qazilərimizin canı və qanı bahasına azad olunduğunu qeyd edib. O, azad olunmuş torpaqlarımızın, işğal dövründə orada viran edilmiş, dağıdılıb təhqir edilmiş dini ocaqlar və müqəddəs yerlərin əyani şəkildə görməsinin vacibliyinə diqqət çəkib və bu həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasının əhəmiyyətini önə çəkib.

Görüşün sonunda nümayəndə heyətinin üzvləri DQİDK sədrinə xatirə hədiyyələri təqdim ediblər.

Qeyd edək ki, Gürcüstan din xadimlərinin Azərbaycana səfəri ölkəmizin Gürcüstandakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir. Mayın 23-dək davam edəcək səfər çərçivəsində din xadimləri Bakı, Gəncə ilə yanaşı, Füzuli, Ağdam və Şuşa şəhərlərini də ziyarət edəcəklər.

 





19.05.2022    çap et  çap et