525.Az

Böyüklüyün qiyməti - Şahnaz Şahindən esse


 

Böyüklüyün qiyməti - <b style="color:red"> Şahnaz Şahindən esse</b>

Vinston Çörçillə görə, insanın böyüklüyü onun öz fikirlərinə cavabdehlik daşıması ilə ölçülür. Mənə görə də, hər işdə keyfiyyət birincidir. Ev işlərindən tutmuş, ta yazı-pozuya qədər. Söz səbəti aşıb-daşan vaxtı yazmaq fürsəti olmayanda ürəyimdə özümlə o qədər danışıram, bir də xəbər tuturam ki, nəfəs almaq yadımdan çıxıb!.. Boğulma anında dərin bir tənəffüs canımı qurtarır. Balıq kimi ağzımı açıb-yumub söz nəhrinə baş vururam...

İndi gecənin bu saatında içdiyim antistress çay da kömək eləmir. Atalara Allah rəhmət eləsin, yüz fikir bir borcu ödəməsə də, başdan eləmək də olmur axı. Başın çölünə aid olsa, açıb qoyarsan bir yana. Fikir birbaşa beyindən vücuda yayılmağa başlayır, ilk impulsu da elə biçarə ürəyi tutur!.. Robin Şarma da məsləhət görür ki, hər gecə on dəqiqə qaranlıq otaqda tək oturub beyni boşaltmaq lazımdır. Çünki o da telefon, bilgisayar kimi bir şeydir, doldusa, işləməyəcək. Amma demək asandır, çətini yerinə yetirməkdir...

Bilirəm, narahatlıq insanın enerji balansını pozur, həyat eşqini tükəndirir. Amma qarşısını ala bilirikmi?.. Çinlilər çox operativ millətdir, hər bir ixtiranın "poddelka"sını ilk çıxaran və buna görə yaxşı da qazanc əldə edən onlardır. Bir az da uzaqgörən tərpənib insanı əks etdirən "üç güzgü"nün olduğunu öyrəniblər. Birinci güzgü sənin, ikinci başqalarının, üçüncü isə həqiqətin gözləriylə göstərir səni. Gərək o qədər obyektiv, qətiyyətli, özünə qarşı tələbkar olasan ki, ikinci və üçüncü güzgülərə üz çevirə biləsən...

Peyğəmbərimiz söyləyib ki, vaxt gələcək insanlar ac qurda dönəcəklər, qurd olmayanı yeyib aradan götürəcəklər. Xırda, cılız adamların böyük işlərə baş qoşub həm özlərini, həm də başqalarını zərbəyə tuş etdiklərini görəndə, qeyri-ixtiyari sağ əlimi üzümə aparıb salavat zikr edirəm sevgili peyğəmbərimizə... Böyüklər bir fikir də miras qoyublar bizə, "yalanla çay keçilər, amma geri qayıtmaq olmaz". Hündür mərtəbəli binalar tikən, fəqət təməlinə yalan qoyan şirkət rəhbəri bu sadə deyimdən bixəbər olub görünür. Yoxsa indi başı əllərdə, əlləri dizində, özü də mötəbər qurumların qapısında boynubükük qalmazdı...

Dünya çox kiçilib, vaxt vardı indi bir çoxunun sabah naharını bir, axşamı bambaşqa şəhərdə yeyə bildiyi ölkələr nağıl kimi gələrdi bizə. Kiçildikcə adamları da dəyişib dünyanın, maraqları, düşüncələri, münasibətləri də cılızlaşıb sanki. Maddi axtarış həvəsi beyinləri elə zəbt edib ki, bunun üçün aldatmaq, yalan, xəyanət də öz formasını dəyişib, sanki "plastik əməliyyat" keçirərək yenilənib. Dələduzluq da bahalı, təmiz və səliqəli geyinmiş, cibindən iki ali məktəbin diplomu çıxan, mötəbər qurumlarda çalışmış, ad-sanı olan adamların işinə çevrilib. Bir sözlə, fərasət meydanıdır, aldadıram, bacar aldanma...

Düzgün insanı indi gündüz vaxtı, Diogen demiş, çıraqla axtarmalısan. Evdə uşaqlara da hər kəsə inanmamaq, etibar etməmək aşılanır. Yaxşı, adam ömrü boyu şübhə içindəmi yaşamalıdır!?. Olmur, atam balası, vallah olmur...  

Bu həyatda hər şeyin taleyi var, lap belə cansız əşyasından tutmuş ali varlıq dediyimiz insana qədər. Yazıçı, şair çoxlu sayda bir-birindən gözəl əsərlər yarada bilər, amma bəxt quşu birinin başına qonacaq. Bir şeir, lap kiçik bir hekayə onu qaldırıb qoyacaq göyün üzünə!.. Oxucunu da haçan dindirsən, həmin o qırmızı zolağa düşən, bəxti açılan əsəri xatırlayacaq...

İnsanlar da eynən oxşar taleləri yaşayır, bəzən hər barmağında min hikmət gəzdirən, böyük-kiçik yeri bilən, danışanda dilindən dürr tökülən, bir elin dayağı olan adam lazım olduğu zirvəyə yüksələ bilmir. Təbii ki, onun boş qalan yerinə tamamilə fərqli bir başqası sahib çıxır. Bilmirsən buna qismət deyəsən, yoxsa haqsızlıq?!.

Həyatda yaxşılığın daha tez unudulduğu kimə sirdir ki?.. Əlbəttə, bəzi istisnalar burada da var. Bu məqamda qəlbimdən bir səs gəlir, kaş yaxşılığı edən unuda, yaxşılıq görən heç unutmaya... Və beləliklə, cəmiyyətdə əbədiyyən ilahi tarazlıq pozulmaya... Fransız yazıçı və filosofu Deni Didro da pisləri cəzalandırmağın ən mükəmməl yolunu yaxşıları mükafatlandırmaqda görürdü. Elə ikinci və üçüncü güzgüyə yön çevirə bilməyin yolu da buradan - böyüklükdən keçir, unutmayaq!..

 

 





23.06.2022    çap et  çap et