525.Az

İslam və türk müdrikliyinin qovuşuğunda bilgə insan modeli Nevzat Tarhan


 

İslam və türk müdrikliyinin qovuşuğunda bilgə insan modeli Nevzat Tarhan<b style="color:red"></b>

İnsan cəmiyyəti həm də bir növ kainatı xatırladır. Kainatda daha parlaq və daha böyük ulduzlar ətrafına xırda ulduzları toplayaraq bir sistem yaratdığı və bu sistemi öz orbitində saxladığı kimi, insan cəmiyyətində də belədir. Hər bir tarixi dövrdə, bu və ya digər coğrafiyada lokal bir toplumun və mədəniyyətin daxilində böyük bir mənəvi güc kimi formalaşan və öz ətrafında sistem yaradan görkəmli tarixi şəxsiyyətlər meydana çıxır. Kainatın ontoloji aspekti, yəni varlığı bu sistemi yaradan ulduzlara bağlı olduğu kimi, insan cəmiyyətinin və onun yaratdığı mədəniyyətin də varlığı daha çox mənəvi güc mərkəzinə çevirilən bu insanların ətrafında cəmləşir, bu insanlarla qurulur. Məsələyə mahiyyətcə bu prinsipdən yanaşsaq, görərik ki, bəşər tarixini bütövlükdə toplumun ayrı-ayrı fərdlərinin cəmi deyil, məhz toplumun fövqünə qalxan az-az insanlar yaradır. Onlar da eynən kainatdakı günəş sistemi kimi öz işığı və nuru ilə əsrlərcə böyük bir zaman intervalında bu sistemi işıqlandırır və öz nuruna qərq edir, habelə onun mövcudluğunu hifz edərək saxlaya bilir. Bu gün dünyamızda belə ağır, məsuliyyətli və şərəfli missiyaya çatmış, bu status mərtəbəsini fəth etmiş, öz mənəvi işığı ilə türk dünyasına, habelə bütövlükdə insanlığın ruhani guşələrinə nur saçan belə bilgə şəxsiyyətlərdən biri də  İstanbul Üsküdar Universitetinin təsisçi rektoru, tanınmış psixiatr, professor Nevzat Tarhandır. 1952-ci il iyulun 7-də Türkiyənin Amasya şəhərinin Merzifon ilçəsində dünyaya göz açmış bu elm adamının, hələ uşaqlıq illərindən etibarən çevrəsində, ailəsində gördüyü yüksək mənəvi-əxlaqi dəyərlər onun xarakterinə, mənəvi dünyasına hopmuş, sanki gələcək həyatının ilkin təməllərini yaratmışdır. O, bir neçə dəfə öz müsahibələrində də böyüyüb boya-başa çatdığı Merzifon ilçəsinin onun mənəvi dünyasının formalaşmasında və  yetkinləşməsində böyük yer tutduğunu xüsusi olaraq qeyd edir.

1969-cu ildə Kuleli Hərbi Liseyinin, 1975-ci ildə İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsinin məzunu olan Tarhan, öncə Şimali Kipr Türk Cümhuriyətində  və daha sonra Bursa şəhərində Türk Ordu sıralarında qitə xitmətindən sonra 1982-ci  ildə GATA xəstəxanasında psixiatriya üzrə  mütəxəssis kimi fəaliyyət göstərməyə başlayıb. Bu dönəmdə onun əldə etdiyi zəngin praktiki və nəzəri bilik, habelə hər bir məsələyə şəxsi yaradıcılıq prizmasından yanaşması vərdişi onun mütəxəssis kimi formalaşmasına öz müsbət töhfəsini verib. 1982-ci ildə Nevzat Tarhan artıq toplumda və məxsus olduğu cameədə bir psixiatriya mütəxəssisi kimi tanınırdı. O, bir müddət Ərzincan və Çorlu şəhərlərinin xəstəxanalarında həkimlik fəaliyyətini davam etdirdikdən sonra, 1988-ci ildə  GATA Haydarpaşa Xəstəxanasında assistent, 1990-cı ildən isə dosent vəzifələrində çalışıb və xəstəxananın tibbi klinikasına rəhbərlik edib.  1993-cü ildə  Türk Silahlı Qüvvəllərində polkovnik rütbəsinə qədər yüksələn Tarhan, 1996-cı ildə professor elmi adına layiq görülüb. 2011-ci ildən isə o, özünün şəxsi təşəbbüsü və zəhməti ilə qurmuş olduğu Üsküdar Universitetinin ilk  təsisçi-rektoru olub.

Professor Nevzat Tarhanın istər praktiki peşə fəaliyyəti, istərsə elmi-psixoloji yaradıcılıq fəaliyyəti geniş, çoxşaxəli və rəngarəngdir. Uzun illər böyük səylə, yorulmadan araşdırmalar apardığı psixiatriya və psixologiya elmləri sahəsində o, 170-dən çox elmi məqalənin, 70-dən çox kitabın və digər elmi-publisistik kitablara yazılan neçə-neçə fəsillərin müəllifidir. Yalnız öz pasiyentlərinin deyil, böyük bir intellektual auditoriyanın sevimlisi olan psixiatr-alimin əsərləri türk dilindən başqa dillərə - ingilis, bolqar, İndoneziya, fars və alban dillərinə də tərcümə edilərək həmin ölkələrdə çap olunub, tez zamanda özünə yeni oxucu auditoriyası qazana bilib. Xüsusi fərəh hissi ilə qeyd etmək istəyirəm ki, onun gənclərə ünvanladığı "Kamil İnsan Modeli" və  Türkiyədə ən çox oxucu rəğbəti qazanmış "Qadın psixologiyası" adlı əsərləri Anadolu türkcəsindən Azərbaycan türkcəsinə bu məqalənin müəllifi tərəfindən uyğunlaşdırılıb və ölkəmizdə nəşr olunub.

Nevzat Tarhan insanla bağlı hər cür sualın və problemin həllini araşdırarkən  insana yalnız bir bioloji varlıq kimi yanaşmır. Hərçənd insan ayrılıqda götürdükdə digər canlılar kimi bioloji təbiətə və bioloji struktura malikdir, habelə heyvanlarla eyni instinktiv ehtiyacları-aclığı təmin etmək, təhlükədən qaçmaq, yəni yaşamaq instinkti, artıb-çoxalmaq, yəni cinsi instinktini bölüşür. Bu ehtiyaclar silsiləsi mahiyyətcə rasional deyil, instinktiv, qeyri-iradi xarakter daşıyır. Ancaq müəllif insanla bağlı sosial, mənəvi, psixoloji problemlərin həlli məsələsində insanı bioloji müstəvidən tamamilə ayırır, onu mənəvi müstəviyə gətirir. Bu zaman müəllif insanın daha çox ilahi təbiətindən bəhs edir və onun bu təbiəti ilə bağlı məsələlərə aydınlıq gətirir. Axı insan həm rasional varlıq olaraq ağıla, həm də mənəvi varlıq kimi qəlbə malikdir. Nevzat hocanın çoxsaylı elmi-fəlsəfi söhbətlərinin birindən maraqlı-izahedici bir haşiyəyə çıxım.

O nəql edir ki, pasiyentlərimdən biri mənə dedi ki, hocam, mən bir milyard dollar həcmində biznesimi xüsusi çətinlik çəkmədən idarə etməyi bacarıram, ancaq öz qəlbimi idarə etməkdə çətinliklə üzləşirəm.

Mən güldüm və qayıtdım ki, axı bir şey ki, sənə məxsus deyil, onu necə idarə edə bilərsən? O qəlb sənə Allah-Təala tərəfindən verilmiş bir əmanətdir. O qəlb sənin uca yaradana sığındığın bir evdir, bir məkandır. Sən o qəlbi idarə etməyi düşünməli deyil, orada haqqı axtarıb tapmalısan. O qəlb sənin haqla ünsiyyət məkanın olmalıdır.

Nevzat Tarhanın çoxsaylı televiziya və qəzet-jurnal müsahibələrində, həmçinin, elmi konfranslarında dini-teoloji aspektdən verdiyi belə izahlar və sosial-mənəvi məsələlərə yanaşma prinsipləri günümüzün bir çox sosial problemlərinin həlli üçün son dərəcə inandırıcı səslənir və öz auditoriyasındakı hər bir fərdə həyatını düzənləmək yolunda yeni həyat düsturları təqdim edir. Son dövrlər cəmiyyətin özəyi hesab olunan ailə institutunda ciddi problemlərin mövcud olduğu bir dövrdə,  özgələşmənin, tənhalığın, intiharların və buna bənzər bir çox sosial-psixoloji problemlərin artdığı dönəmdə bu bəlaların səbəblərini müəllif pozitiv elmdə tamamilə yeni bir yanaşma olan rasional-teoloji aspektdən olduqca inandırıcı və təkzibedilməz dəlillərlə əsaslandırır. O göstərir ki, "20-ci əsrdə elm və rasionallıq Allahı insanın əlindən aldı" və nəticədə ruhumuzda onun yeri boş qaldı. Ruhumuzda boş qalan bu məkanı böyük sürətlə həzz zəbt etdi, zövqü-səfa, alkoqol, narkotiklərə meyl ələ keçirdi. Nəticədə baş verənləri qlobal miqyasda hər gün müşahidə edirik; insan çətin anında, streslər içində olanda, problemlərin caynağında çabalayanda pənah apardığı sığınacağını - Allaha inamı və onun simasında öz mənəvi ehtişamını itirdi. Beləliklə, öz ilahi sığınacağını itirən insan, hətta, çox da ağır olmayan bir problemlə üzləşdikdə artıq tənha olduğunu dərk etdi və belə ağır ruhi vəziyyətdə seçə biləcəyi yeganə bir yol, intihar yolu qaldı.

Psixiatr alim özünün elmi-pedaqoji fəaliyyətində pozitiv elmin çağdaş inkişaf tələblərini nəzərə almağa çalışır, türk gənclərinin yüksək ixtisaslı kadr kimi hazırlanması işinə böyük əmək sərf edir. Zənnimcə, bunun nəticəsidir ki,  təsisçisi olduğu Üsküdar Üniversiteti qısa zaman kəsiyində  müasir  dövrün yeni  təhsil paradiqmasına cavab verən,  həmçinin, yüksək insani dəyərlər  əsasında formalaşmış bir ali təhsil müəssisəsinə çevrilib. Öz sahəsində dünya miqyasında tanınmış çoxsaylı professor-müəllim heyəti ilə Türkiyə ali təhsil sisteminin inkişafında özünəməxsus rolu olan bu təhsil ocağında bu gün 46 ixtisas üzrə bakalavr, 29 ixtisas üzrə magistr, 12  ixtisas üzrə doktorant hazırlığı aparılır. Universitetin qısa zamanda belə böyük uğurlar əldə etməsində Nevzat Hocanın əməyi əvəzsizdir.

Nevzat Tarhanın bir alim, bir psixiatr, bir pedaqoq və nəhayət bir insan olaraq bütün müstəvilərdə öz missiyasını daha kamil səviyyədə yerinə yetirmək enerjisi sanki bitib-tükənmir. Bu baxımdan onun həkimlik fəaliyyəti ilə pedaqoji fəaliyyəti bir-birini olduqca uğurlu şəkildə tamamlayır. Günümüzdə İstanbulda onun qurucusu olduğu Üsküdar Üniversiteti NP Beyin Xəstəxanası xüsusilə insan beyni sahəsində apardığı elmi tədqiqatlar və əməliyyatlara görə dünyanın ən qabaqcıl səhiyyə müəssisələrindən biri hesab olunur.

Nevzat hocanın Azərbaycana göstərdiyi xüsusi diqqətini də qeyd etməyi vacib bilirəm. Üsküdar Universitetində Azərbaycana həsr olunmuş əksər elmi-praktik konfranslarda bilavasitə iştirak edən Nevzat hoca ölkəmizə olan sevgisini və dəstəyini  hər vasitəylə ifadə etməyə çalışır. Həmçinin, ölkəmizdə təşkil olunan böyük elmi konfranslara dəvət olunan elm adamı vaxt tapdıqca bu tədbirlərdə həm canlı, həm də onlayn formada iştirak edir.

Ömrünü türk millətinin mənəvi inkişafına və maariflənməsinə, fundamental elmi axtarışlara həsr etmiş vətənpərvər ziyalını əlamətdar yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, türk elminin inkişafı yolunda yeni uğurlar arzulayırıq.

Asif MÜRSƏLOĞLU,

Azərbaycan Universiteti, filosof

 





16.07.2022    çap et  çap et