(Əvvəli ötən sayımızda)
1991-ci ilin yanvar ayında "Ədəbiyyat qəzeti"ndə Qanlı Yanvar şəhidlərinin xatirəsinə həsr etdiyim "Gizlənpaç" adlı hekayəmin dərcindən sonra qələmi bir növ yerə qoydum. Ağır, çətin, ölkəmizin tarixində sınaqlarla dolu gərgin illər idi. Necə deyərlər, "döyüş meydanında kəklik ovlamağın" vaxtı deyildi. O illərdə publisistikaya üz tutdum. Birinci Qarabağ müharibəsində erməni qəsbkarlarına qarşı döyüşlərdə həlak olan Şabran (keçmiş Dəvəçi), Siyəzən şəhidləri haqqında, istər Şabran, istər Siyəzən bölgələrinin tarixi keçmişi, folkloru, etnoqrafiyası ilə bağlı kitablar yazdım. Nəhayət, ötən əsrin sonlarında yenidən nəsrə qayıdıb iki-üç qısa hekayəmi, oxucusu olduğum "Ədəbiyyat qəzeti"nin redaksiyasına apardım və redaksiyanın uzun koridorunda (hələ heç bir əməkdaş işə gəlməmişdi) var-gəl edərkən o illərdə hələ üzdən tanımadığım redaksiyanın bir əməkdaşı məni yanına qatıb cibindən çıxardığı açarla bir kabineti açıb içəri dəvət etdi. Redaksiyaya hekayə gətirdiyimi bildirdim. Hekayələrimi alıb oxudu. Qoy qalsın, dedi. İki-üç kəlməlik söhbət. Otaqdan çıxandan sonra qapının üstündəki lövhəyə baxdım. Demə, hekayələrimi təqdim etdiyim qəzetin baş redaktor müavini Tehran Əlişanoğlu imiş. Heç bir həftə keçmədi ki, hekayələrimin üçünü də o illərdə oxunaqlı olan "Rezonans" adlı qəzetin səhifələrində gördüm. İmzası mənə yaxşı tanış olan Tehran Əlişanoğlunun tanınmış, tələbkar tənqidçilərimizdən biri olduğundan xəbərim var idi. İndi uzun fasilədən sonra özlüyümdə qələmimi sınayırmış kimi təqdim etdiyim hekayələrin onun diqqətini cəlb edib dərc etdirdiyi, açığını deyim ki, elə bil qələmimi özümə qaytardı. Sağ olsun Tehran müəllim!
lll
Və nəhayət, 2007-ci ilin iyununda rayonumuza başçı təyin edilən köhnə dostlarımdan biri - Novruz Novruzov! Rayonda İcra Hakimiyyəti başçısı kimi fəaliyyətə başlayandan az sonra rayonun gündəlik qayğıları, qarşıda duran vacib məsələlərin həlli, geniş quruculuq-abadlıq işləri ilə yanaşı, bəlkə də elə özlüyündə bir rayon rəhbəri kimi əvvəlcədən nəzərdə tutduğu mədəni-kütləvi layihələrin də icrasına başladı. RİH-in maddi və mənəvi dəstəyi ilə rayonda "Çıraqqala" rüblük ədəbi-publisistik toplu nəşrə başladı. Yerli yazarların əsərlərinin mətbuatda işıq üzü görməsi üçün gen-bol meydan açıldı. Şabranda şeir-sənət məbədgahı olan bir ocaq - Poeziya Evi tikilib istifadəyə verildi. Bir zaman Şabranda 7 ay həbsdə olan, öz məşhur "Həbsiyyə"sini burada zindanda yazan klassik şairimiz Xaqaninin möhtəşəm abidəsi onun adını daşıyan Poeziya Evinin elə yanındaca ucaldıldı. Paytaxtdan adlı-sanlı neçə-neçə qələm adamının da ayağı bir növ bizim Şabrana açıldı. Rayonda keçirilən neçə-neçə yaddaqalan müxtəlif mədəni-kütləvi tədbirlərin onlar da əziz qonaqları, əziz iştirakçıları oldular. Xaqani Poeziya Evi hətta mötəbər beynəlxalq mədəni-kütləvi tədbirlərə də ev sahibliyi etdi. RİH başçısının, necə deyərlər, bir əli paytaxtdan uzaqda, əyalətdə yaşayıb yazan qələm adamlarının üstündə oldu. AYB Şabran bölməsi yaradıldı. Heç demə, hörmətli başçımız cavan yaşlarından məsul dövlət qulluqlarında çalışsa da, elə özü də qələm adamı imiş. Qələmini həm şeirdə, həm də nəsrdə sınayırmış. Bəlkə də tutduğu vəzifələrə görə yazdıqlarını o vaxtlar üzə çıxartmağı, çapa verməyi münasib bilmirmiş. Gərgin əməyi, səyi ilə Şabranda yaranan, paytaxtda da ədəbi ictimaiyyət tərəfindən dəfələrlə qeyd edilən coşqun ədəbi mühit axır ki, qələm dostumuzu da həvəsə gətirdi. Novruz Nəcəfoğlu imzası ilə "Azərbaycan", "Ulduz", "Literaturnıy Azərbaycan" jurnallarında, "525-ci qəzet", "Ədəbiyyat qəzeti"ndə, digər kütləvi mətbu orqanlarda çap olunan neçə-neçə povest və romanı, hekayələri, publisistik yazıları oxucular, eləcə də ədəbi-tənqid tərəfindən maraqla qarşıladı. Bir-birinin ardınca hörmətli qələm dostumuzun neçə-neçə kitabı işıq üzü gördü. Qardaş Türkiyədə, Gürcüstanda, Rumıniyada da əsərləri çap olundu.
İndi bunları ona görə yada salıram ki, dostum gündəlik gərgin dövlət məmuru işindən vaxt-macal tapıb az qala hər gün mənimlə görüşərkən təzə nə yazdığımı xəbər alır və sanki növbəti görüşümüzəcən mənim üzərimə bir yaradıcılıq vəzifəsi qoyurdu. Əlbəttə, belə diqqət və qayğının müqabilində mən də tənbəlliyi, əringənliyi, gündəlik məişət qayğılarını bir yana atıb yazmalı idim.
Və Novruz Nəcəfoğlunun haqqımda yazdığı avtobioqrafik "Nağıl adam" romanı!
lll
Siyahı uzun olsa da, qoy oxucum yorulmasın. Ədəbi yolumun başlanğıcından üzü bəri mənə dayaq duranları, yazılarım haqqında xoş sözlər deyib məni yazıb-yaratmağa daha da həvəsləndirənlərin bu gün adlarını sadalamağı özümə bir qədirbilənlik borcu hesab edirəm.
Sözümün əvvəlində onlardan bəzilərinin adlarını hörmətlə xatırlamışam. Son on illikdə səhifələrini gen-bol yazılarımın üzünə açan "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə, göndərdiyim mətnlərə diqqətlə, həssaslıqla yanaşan Yaşara, Yusif Rzayevə, Seyfəddin Hüseynliyə, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana, "Ədalət" qəzetinin baş redaktorunun müavini Əbülfət Mədətoğluna, "Ulduz" jurnalının sabiq baş redaktoru Elçin Hüseynbəyliyə və hazırkı baş redaktoru Qulu Ağsəsə də minnətdaram.
Yazdıqlarım haqqında bir vaxtlarda xoş sözlər demiş Xalq yazıçıları İsmayıl Şıxlının, Hüseyn Abbaszadənin, akademik Bəkir Nəbiyevin, yazıçı Əlibala Hacızadənin, Azər Abdullanın ruhları şad olsun! Xalq yazıçıları Anarın, Mövlud Süleymanlının, Natiq Rəsulzadənin ömürləri uzun! Neçə-neçə hekayəmi rus dilinə tərcümə edən, hələ bunlar azmış kimi mənə bir şeir də ithaf etmiş ağsaqqal şairimiz, qocaman dostum Səyavuş Məmmədzadə də var olsun! Çap olunan yazılarım haqqında dəfələrlə ürək dolusu yazan Vaqif Yusifli, Sadıq Elcanlı, İlqar Fəhmi, Rahid Ulusel, Pərvin, Mənzər Niyarlı, Təranə Vahid ... sağ olsunlar!
lll
İndi ədəbiyyata necə gəldiyimi xatırlayanda, yadıma təxminən yarım əsr uzaqlıqda qalmış bir yaz günü düşür. Həmin ilin yazı nədənsə çox gecikmişdi, ağaclar gec çiçəkləmişdi. Və mən baxçamızda ağ çiçəklərə bürünmüş bir gilas ağacının altında oturub "Ana dili" kitabını oxuyurdum:
Səhər çağında,
Gilas bağında,
Uçurdu bir quş,
Edirdi: - Cik, cik...
Qəribədir, indi aradan uzun illər keçəndən sonra da ürəyimə yatan bir şeiri oxuyanda yadıma gecikmiş bir yaz günü düşür. Həmin yaz günündə gilas ağacları çiçəkləmiş bir baxça düşür və mən səhər çağında o baxçada belədən-belə uçan azad, sərbəst balaca bir quşcuğazın xoş avazını eşidirəm: "Cik-cik..."
Hərfləri tanımamışdan, əlifbanı öyrənməmişdən qabaq evimizdə əlimə bir kitab keçmişdi və uzun qış gecələrində hər axşam rəhmətlik atam o kitabdan bizə səhifələr oxuyardı.
O kitabın məzmunu sonralar bir ara yadımdan çıxdı. Lakin onun üz qabığı elə o vaxtdan bəri indiyəcən gözlərimin qabağından getmir. Orada sifətindən kədər-qəm yağan əsalı bir qoca və ona qısılmış, sahibi kimi qüssəli bir it şəkli vardı (Mən sonralar bildim ki, bu kitab fransız yazıçısı Viktor Malonun "Ailəsiz" romanı imiş).
Elə o vaxtdan bəri də mənə elə gəlir ki, bədii əsərlər, ələlxüsus, nəsr əsərləri məhz taleyi-bəxti kəm, tənha, kimsəsiz insanlar haqqında yazılır ki, oxuyanların qəlbini rəhmə gətirsin, onlarda mərhəmət hissi oyatsın.
Ölməz Mirzə Cəlilin "Danabaş kəndinin əhvalatları" povestində zəvvarlar Kərbəlaya yola düşəndə Məhəmmədhəsən əminin çavuşun yanına gələrək atının ayaqlarının altına düşməsi, "bir qədər atın dırnaqlarından öpüb", "sağ əlini qoltuq cibinə uzadıb bükülmüş bir kağız" çıxardıb, çavuşa uzadaraq ayaq üstə güclə dayana-dayana dediyi sözlər hər yadıma düşəndə, nə gizlədim, gözlərim dolur: "Apar həzrət Abbasa... apar, mən gedə bilmədim... Gedə bilmədim. Qoymadılar, məni qoymadılar".
Dərsdən qaçaraq, məktəbə getməyib birnəfəsə Viktor Hüqonun "Səfillər"ini oxuyub qurtardığım da yadımdadır...
İnsan ağrı-acısını, fəryadını ifadə edən sözləri mən əsl sənət nümunəsi hesab etmişəm. "Bəxtəvər o adamdır ki, göylər ona bir tikə çörək göndərir, o da bu çörəyə görə göylərin özündən başqa heç kəsə təşəkkür etməyə borclu deyil!" - Servantesi yaşadan, bəlkə də, Don Kixotun elə bu bədii sözlə ifadə olunan ağrı-acısıdır...
lll
Xəmirim köhnə Bakının keçmiş Dağlı məhəllələrindən birində, dədə-baba mülkümüzdə yoğrulsa da, necə deyərlər, kündəm keçmiş Dəvəçidə, indiki Şabranda kəsildi.
1952-ci ilin yayın əvvəllərində atam köhnə yurda - Şabrana qayıtdı. Və mən də həmin yayın qora bişirən günlərinin birində - avqustun 29-da dünyaya göz açdım. Mənim üçün doğum şəhadətnaməsi aldılar və təbii ki, anadan olduğum yer kimi o şəhadətnamədə "Dəvəçi" göstərildi.
Açığını deyim ki, özümdən böyük iki bacımın Bakıda anadan olmaları, "bakılı" olmaları yeniyetməlik illərinin hansısa məqamlarında mənə yer eləyir, ürəyimdə gizlincə ata-anamın arxasınca gileylənirdim də ki, nə tələsirdiniz, ikicə-üçcə ay da yubanıb əvvəldən nəzərdə tutduğunuz bu köçü yubaydaydınız. Mənim də doğum şəhadətnaməmdə anadan olduğum yer "Bakı" yazılaydı və mən də "şəhər uşağı" olmağım ilə öyünəydim...
Ömrümün bu çağlarında, yaşının yetmişinə barmaq hesabı həftələr qalmış bir vaxtda nədənsə, tamaşasına baxmasam da, vaxtaşırı A.P.Çexovun təkrar-təkrar oxuduğum "Qağayı" pyesindəki obrazlarından birini - Sorini nədənsə indilər daha tez-tez xatırlayıram...
...Bir zamanlar, cavanlığında paytaxtda yaşamaq, məşhur bir qələm sahibi, yazıçı olmaq arzusu ilə yaşayan, ömrünü əyalətdə keçirən Sorinə bunlar qismət olmadı. Elə mənə də.
Sorinin nisgilli "qərəz ki, kiçik bir ədəbiyyatçı da olmaq xoşdur" şükranlığı böyük təsəllidir...
SON