525.Az

"Vətən, onun dünəni, bu günü və sabahı bütün varlıqların fövqündədir"


 

"Vətən, onun dünəni, bu günü və sabahı bütün varlıqların fövqündədir"<b style="color:red"></b>

 Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaranmasından 30 il ötür. Dünyanın bir sıra nüfuzlu beynəlxalq qurumlarının üzvü olan bu unikal təşkilatın otuz illik tarixçəsi, yəni bu günlərə qədərki ömür yolu əziz Vətənimizin - Azərbaycanın müstəqillik tarixi ilə, demək olar ki, günbəgün üst-üstə düşür. Əlbəttə, bu, xoş bir reallıq, fərəh verən tale yazısıdır. Fəqət müstəqilliyin övladı olaraq dünya işiğına göz açmaq, bu ali məqama layiq olduğunu əməllə, işlə, can yanğısıyla təsdiqləyərək milli varlığın dəyərli bir hissəsinə çevrilmək hər təşkilata, hər şəxsiyyətə qismət olmur, bununla bərabər, vətəndaş cəmiyyəti və milli media mühitimiz üçün də eyni dərəcədə qiymətli olan, BAMF-a və onun qurucusu Umud Mirzəyevə məxsus bioqrafiya bu həqiqəti bir daha sübut edir...

Həmsöhbətimiz Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin fikrincə, onun şüurlu həyatı boyu yaratdığı tək bir kitab var: O kitabın adı BAMF-dır.

Onu nə qədər müfəssəl tanısam da, yazılı şəkildə suallar tərtib edərkən düşüncələrimə hakim kəsilən məsuliyyət hissinin səbəbini bilirəm: çünki o, bütün həyatının mənasını daim hərəkətdə dərk edən, əməyi, qətiyyətli yanaşmanı, ardıcıllığı ən böyük uğurların mənbəyi sayan nadir şəxsiyyətlərdən biridir. Bu, mənim illər öncə Beynəlxalq Avrasiya Mətbuat Fondunda çalışarkən indiki müsahibənin qəhrəmanı Umud Mirzəyevin şəxsində hiss etdiyim və ən ümdəsi zaman keçdikcə öz əzəli məzmununu dəyişməyən, əksinə, daha da möhkəmlənib bərkiyən qənaətimlə bağlıdır.

O, yaşamağı fərdi bir mövcudluq kimi deyil, ictimai borc anlamında dərk edir, əminliklə deyirəm, bu, dəqiq belədir.

O, çiynini ən ağır yükün altına verməyə nəinki həmişə hazır olan, həm də həmişə buna can atan lider şəxsiyyətdir.

O, humanizm və xeyirxahlıqdan böyük enerji alan insandır.

O, digər insanların uğurlarına sevinməyi, həmin uğurların əldə olunmasına yardım göstərməyi bacaran ziyalıdır. Əgər belə olmasaydı, BAMF tranplinindən keçən, bu gün isə respublikamızın müxtəlif təşkilatlarında, xüsusilə media qurumlarında uğurla fəaliyyət göstərən onlarca peşəkar insan barədə əminliklə düşünmək mümkün olmazdı.

Fikrimdə tutmuşam ki, BAMF-ın 30 illiyini məxsusi dəyərləndirərək, Umud müəllimə təqribən otuz sual ünvanlayım. Bu müsahibənin də ayrıca yer alacağı nəzərdə tutulan kitabda həmsöhbətimin yaradıcı, işgüzar bioqrafiyası işıqlandırıldığına görə daha çox ümumi, fundamental istiqamətlərə aid sualları qeydə alıram. Əlbəttə, əminəm ki, bu insana məxsus olan, səmimiyyətlə dolu həyat fraqmentlərindən, yaddaş xatiratlarından da imtina edə bilməyəcəyik.

Budur, indi tanış və deyərdim ki, doğma ünvanda, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Şəhidlər xiyabanından eni dörd-beş addım yolla ayırılan ofisində müsahibimlə masa arxasında üzbəüz əyləşmişik. Onun simasında yenə də həmin ifadə - işin gərginliyindən doğan cizgilər aydın görünür. Və mənə elə gəlir ki, Umud müəllim indi veriləcək sualları cavablandırmağa hazırlaşdığı anda daha bir neçə vacib məsələni "xəyalən həll edir".

Nə qədər həqiqətə yaxın olsa da, söylənilənlər ehtimal və təfsilatdır, halbuki indi bütün bunlara vaxt yoxdur.

Səmərəli, yaradıcı enerji ilə çulğaşan, qaynayıb qovuşan vaxt toplam bir gücdür. Bu gen dünyada ən uzunömürlü insanın da vaxtı, zamanı dardır. İşgüzar, zəhmətkeş, iradəli, zəkalı insanlar üçün yeganə çatışmayan bir amil varsa, onun başqa adı yoxdur. Onun adı vaxtdır! Elə bu səbəbdən sözümün mabədinə qayıdıram.

Nədənsə, XX yüzilliyin qəribə ziyalılarından biri Xudu Məmmədov barəsində danışılan bir əhvalatı xatırlayıram. Bir gün alimin çalışdığı elmi müəssisənin baş mühasibi Xudu müəllimlə rastlaşır və mühasibatlıqda yığılıb qalan əmək haqqısını niyə gəlib götürməməsi ilə bağlı gileylənir. Xudu müəllim isə cavabında: - Əzizim, vaxtım yoxdur. Əgər mümkün olsaydı, bütün pullarımı verib vaxt alardım - deyir.

İki əsrin qovşağında, siyasi, ictimai, mədəni mühitimizin təlatümündə yetişib püxtələşən, milli ictimai düşüncəmizdə ciddi mövqeyə sahiblənən həmkarımın vaxtını almamaq məsuliyyətini bir daha dəyərləndirir və ilk sualı səsləndirirəm.

- Umud müəllim, nə xoşdur ki, sizinlə bərabər, Azərbaycan ictimaiyyəti də BAMF-ın 30 illik yubileyini qeyd etməyə hazırlaşır. Bu təşkilatı siz yaratmısınız. Gözlənilən tarixi hadisə öncəsi hansı hissləri keçirirsiniz?

Cavab bir qədər yubanır, müsahibin çöhrəsində kədər və sevinc qarışıq bir ifadə var, sanki deyəcəyi sözlər hardasa dərinliklərdədir. Sükutun ardınca özünəxas ləngərli səslə danışmağa başlayır.

- Ənənəvi sualdır, əslində cavabı da sadədir. Amma içimdə köksümə sığmayan elə mübhəm hisslər var ki, nədən, haradan başlamaqda çətinlik çəkirəm. 30 il əvvəl təxminən elə 30 yaşlarda idim. 30 yaş  ömrün əhəmiyyətli bir hissəsi deməkdir. Yəni az-çox təcrübəsi olan şəxs kimi ictimai sektoru təsadüfən seçmədim. Zaman özü bunu diktə elədi, dövrün ictimai-siyasi vəziyyəti hazırda davam etməkdə olduğum yolun bəlli bir xəritəsini cızdı.

Baxmayaraq ki, ötən əsr səksəninci illərinin sonu, doxsanıncı illərinin əvvəllərində bugünkü BAMF formatında nüfuzlu bir təşkilatı yaratmaq ideyasının özü belə əlçatmaz görünürdü.

Konkret suala gəlincə, təbii olaraq bu günlər fərqli duyğular yaşayıram. Bax elə indi, söhbətimizin bu məqamında sanki 30 il əvvələ qayıdıram. 

30 il... Bu tarixin içində nələr yoxdu. İşğal altında zəlil günə qalan torpaqlarımız, ömrü yarımçıq bitən şəhidlərimiz, yurd-yuva həsrəti ilə qovrularaq gor evinə gömülən yaşlı insanlarımız, qaçqın-köçkün harayı, hələ də ümidini üzmədən, gənc yaşında saç ağardaraq itkin ər yolu gözləyən gəlin ağbirçəklərimiz... Sönən, ocaqlar, xarabalığa çevrilən kəndlər, gülləbaran edilən məzarlıqlar... hansı birini sadalayım... Həmin vaxt dövlət qurumları demək olar ki, fəaliyyət göstərmirdi. Xaotik vəziyyətdən çaşqın vəziyyətə düşən insanlar meydanlara axışırdı. Təbii ki, meydan problemlərin çözüm yeri deyildi. Mən də o insanların arasında idim, uzun müddət meydanlarda sərgərdən dolaşandan sonra nə edəcəyimə qərar verib ictimai sektoru seçdim. Kimsədən kömək ummadan çarəsiz qaçqın-köçkün soydaşlarıma bacardığım qədər kömək göstərmək, xalqımızın başına gətirilən ədalətsizlikləri dünya ictimaiyyətinə çatdırmaq üçün bildiyim yoldan hərəkətə keçdim.

Ürəyimin bir yanı yanıb qovrulsa da, digər parası təbii olaraq sevinir. İndi yurdum, torpağım azaddır, Şuşanın başı üstündən qara buludlar dağılıb, ilk sakinlər Qarabağa köç eləyirlər.

Məkrli düşmən əməllərindən əl çəkməsə də, ucsuz-bucaqsız Qarabağ torpaqlarında həyat dirçəlir. Qürur hissi keçirirəm ki, bu ölkənin vətəndaşı, həm də bir təşkilat rəhbəri olaraq əldə edilən nəticələrdə bizim də az-çox  payımız var.

- Sözə qüvvət olaraq BAMF haqqında ümumi təəssürat yaradan xronoloji bilgiləri sizin öz dilinizdən eşitmək istərdik.

- Əvvəla deyim ki, bu təşkilat mənim həyatımın ayrılmaz parçasıdır. Mən yurd, vətən sevdalısı bir adamam. Vətən, onun bu günü, sabahı mənim üçün hər şeyin fövqündədir. Yəni BAMF-ın ən ümdə məqsədi böyük mənada Vətənə, xalqa, vətəndaş cəmiyyətinə xidmətdən ibarətdir. Bəli, çox ağrılı şəraitdə olsa belə, otuz illik bir yol qət etmişik və arxada qalan illər ərzində çox işlər görmüşük. Əgər onları sadalamalı olsam, zənnimcə, bir neçə kitablıq söhbət alınar. İllər boyu müxtəlif mətbuat orqanlarına verdiyim müsahibələrdə BAMF, onun yaranma zərurəti, tarixi şərait, məqsəd və məramı haqqında açıqlamalarım olub. Amma o tarixə, o illərə təkrar-təkrar qayıtmaq lazımdır. Qanlı-qadalı doxsanıncı illər bizim qan yaddaşımızdı, xatırlamalıyıq, xatırlatmalıyıq ki, təkcə tarixin yaddaşında qalmasın, nəsillərin yaddaşına həkk olunsun, unudulmasın.

80-ci illərin sonları, 90-cı illərin əvvəlləri ölkəmiz, xalqımız üçün məşəqqətli illər idi. Sovet imperiyasının süqutundan sonra milli münaqişələr pik həddə çatmışdı. Abxaziyada, Baltikyanı ölkələrdə, Cənubi Qafqazda, Orta Asiyada, Çeçenistanda konfilikt ocaqları durmadan şiddətlənirdi. Ermənistan separatçılarının Ermənistanda, Azərbaycanda, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsində azərbaycanlılara qarşı törətdikləri qanlı hadisələr, etnik təmizləmə siyasəti əsl vəhşilik idi. 1989-cu ilin noyabrında başa çatan deportasiya nəticəsində 300 mindən çox soydaşımız Ermənistandan - doğma ev-eşiyindən, yurd-yuvasından qovuldu. Qeyri-rəsmi mənbələrdə bu rəqəmin yarım milyondan çox olduğu qeyd edilir. Xalq bu qanlı olaylara biganə qala bilməzdi, etiraz üçün yaşından, mövqeyindən asılı olmayaraq insanlar meydanlarda ədalət axtarırdılar. Amma nəticə nə oldu? Qanlı Yanvar hadisələri. Sovet hərb maşını qansızcasına günahsız insanları qanına qəltan elədi. 1990-cı ilin 20 Yanvarında baş verən dəhşətli qırğından dünya xəbərsiz idi. Biz informasiya blokadasındaydıq. Səsimiz, bağırtımız, hayqırtımız öz içimizdə boğulurdu. Ölkə darda, xalq xaosda çabalayırdı.

Dünyanın gözləri kor, qulaqları kar idi. Çox təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən bütün mətbu orqanların, eləcə də özümün də çalışdığım "Ədəbiyyat və incəsənət" qəzetinin əsas auditoriyası demək olar ki, yalnız azərbaycanlılardan ibarət idi və bu qəzet də ölkədə baş verənləri beynəlxalq səviyyədə çatdırmaq iqtidarında deyildi. O vaxtlar Azərbaycanda, regionda baş verən hadisələrlə bağlı informasiyalar yalnız Kreml senzurasından keçdikdən sonra auditoriyada yayıla bilərdi. Ümumiyyətlə, bu, bütün regiona aid idi və bütün konflikt zonalarından dezinformasiya və qeyri-obyektiv məlumatlar sanki sistemli şəkildə yayılırdı. Bu məhdudiyyət xüsusilə Qarabağla bağlı məlumatlarda özünü göstərirdi. Düşünürdük ki, obyektiv məlumat hər kəs tərəfindən əlçatan olsaydı, ictimai rəy münaqişələrin həllinə dəstək verə bilərdi. Bu halda konfliktlər daha tez həll olunar, sülhlə yekunlaşardı. 1982-1987-ci illərdə Moskvada birlikdə təhsil aldığım tələbə dostlarım regionda baş verənlərlə bağlı doğru-dürüst məlumat almaq istəyirdilər. Onların hər biri media qurumlarında çalışan yaradıcı insanlar idi və mənim kimi postsovet məkanında baş verən konfliktlərə biganə qala bilmirdilər. Mən onları ölkəyə dəvət edir, reallıqları öz gözləri ilə görmələrinə dəstək olmağa çalışırdım. Latviyadan olan Modris Auzenş və Rusiyadan Andrey Edokovla birlikdə 1992-ci il may ayının 5-də - Şuşanın işğal tarixindən üç gün öncə orada, Şuşa şəhərində idik. Xocalıdan sonra Şuşanın süqutu son dərəcə sarsıdıcı idi və bu işğal BAMF-ın yaradılmasına önəmli şəkildə təkan verdi. Zaman vətəndaş olaraq qarşımda yaradıcı ilhamla vidalaşmaq, mənim əqidəmə görə daha vacib yolda yürümək tələbini qoydu. Nəticədə bizimlə həmfikir olan dostlarla birlikdə Moskvada toplaşdıq və müzakirələrdən sonra BAMF-ın yaradılmasına qərar verdik.

1992-ci il iyun ayının 22-də Moskva şəhərində yerləşən Azərbaycan nümayəndəliyində BAMF-ın təsis yığıncağı keçirildi. Elə həmin il sentyabrın 4-də BAMF Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alındı. Təşkilatın nizamnaməsinə görə, ana məramımız regionda baş verən hadisələrlə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması və Qarabağ probleminin ədalətli həll olunmasına dəstək göstərilməsi idi. Çox şükür ki, biz o reallığı yaşayırıq. Qarabağın böyük hissəsi işğaldan azad olunub. Gec də olsa azğın düşmən layiqli cavabını aldı, dövlətimiz artıq regionda böyük quruculuq işləri həyata keçirir. Başda Ali Baş Komandan İlham Əliyev olmaqla milli ordumuz düşməni diz çökdürməyi bacardı. Bu prosesdə - böyük zəfərin qazanılmasında Azərbaycan jurnalistləri də əsl fədakarlıq göstərdilər. Təbii ki, ictimaiyyətin fəal iştirakı, xalqın birliyi də Qarabağ işğalının yekunlaşmasında əsas hərəkətverici qüvvə oldu.

BAMF-ın ilk layihəsindən danışmağa başlasaq, o, bu gün də davam etdirilən, təşkilatın əsas şüarına çevrilən "Evdə sülh, ölkədə sülh, cahanda sülh" layihəsi idi. Bu layihə çərçivəsində postsovet məkanında bir-birinin ardınca alovlanmaqda olan konflikt bölgələrinə səfərlər edir, müharibədən əziyyət çəkən insanlarla görüşür, onların problemləri ilə tanış olur, mümkün dəstək göstərir və real vəziyyəti, həqiqi görüntünü dünya ictimaiyyətinə çatdırmağa çalışırdıq. Qarabağ bölgəsində də vəziyyətin günü-gündən gərginləşib kritikləşməsi Azərbaycanda baş verən hadisələrin dürüst, obyektiv işıqlandırılmasını aktuallaşdırırdı. Təbii ki, BAMF-ın yaranmasında ideya müəllifi olmağımın bizim regiona xüsusi diqqətin ayrılmasında ciddi rolu var idi. Biz bölgədəki real vəziyyəti, haqq səsimizi dünyaya çatdırmaq üçün davamlı olaraq beynəlxalq jurnalist təmsilçilərinin ölkəmizə səfərlərini təşkil edirdik. Əlimiz çatan qədər beynəlxalq jurnalistlərə bələdçilik missiyamızı yerinə yetirirdik. Bəzən 7-8 nəfər əcnəbi həmkarımızla eyni otaqda qalırdıq, söhbətləşirdik, fikir mübadiləsi aparırdıq. Bu, bir mücadilə idi və biz bunu ürəkdən edirdik. Həmin vaxtlar ailələrimiz, dostlarımız ən yaxın dəstəkçimiz idi. Təkcə doxsanıncı illərin əvvəllərində Qarabağ bölgəsinə xarici jurnalistlərin yüzdən çox səfərinin təşkilinə yardımçı olmuşduq. Məhz həmin səfərlərin nəticəsində baş verən hadisələrlə bağlı çoxsaylı yazılar yazılmış, reportajlar hazırlanmış, bəyanatlar imzalanmışdır. Həmin dövrdə Yuri Pompeyevin yazdığı "Qarabağ qan girdabında", "Vəhşətli gecə", "Xarabazarlıq" əsərləri rusiyalı oxucular üçün ciddi mənbəyə çevrilmişdi. Biz 1993-cü il fevral ayının 26-da Moskvada "Radio-Mayak"da çıxış edərək obyektiv informasiyanın yayılmasında xüsusi xidmətləri olan jurnalistlər üçün təsis etdiyimiz mükafata layiq görülən adları açıqladıq. Çingiz Mustafayevə (ANS) və Leonid Lazareviçə ("Radio Mayak") ölümündən sonra, eləcə də təşkilatla sıx əməkdaşlıq edən Riçard Lapaitsə (Litva), Yuri Pompeyevə mükafatlar təqdim etdik. "Radio Mayak"da təxminən 1 saat davam edən verilişdə həmkarlarımızla birlikdə sərt açıqlamalar verdik. 1993-cü ildə Azərbaycan torpaqlarının işğalından sonra BAMF olaraq yurdsuz-yuvasız qalmış insanların yerləşdirilməsi, zəruri ehtiyaclarının qarşılanması, ərzaq problemlərinin həlli, işlə təmin olunmaları istiqamətində beynəlxalq təşkilatlar və yerli qurumlarla əməkdaşlıq çərçivəsində layihələr icra etməyə, insanlara mümkün dəstək göstərməyə çalışdıq.

BAMF 1996-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədə təşkil etdiyi MDB konfransının əsas üzvlərindən biri oldu. Bu konfransda BAMF olaraq biz "Konfliktlərin proqnozlaşdırılması və qarşısının alınması", eləcə də qaçqınlarla və məcburi köçkünlərlə bağlı işçi qrupunda aktiv iştirak edib Azərbaycandakı problemlərin uzun müddət BMT auditoriyasına daşınmasına çalışdıq. 1997-ci ildə Sankt-Peterburqda "Milli məsələ və qaçqınlar problemi" mövzusunda beynəlxalq konfrans keçirməyə nail olduq. Dövrün real vəziyyətini nəzərə alsaq, Rusiyada erməni separatizmindən söz açmaq heç də asan və sadə məsələ deyildi. Rusiya Yazıçılar İttifaqının Peterburq bölməsi, Rusiya Mədəniyyət Akademiyası, Qumilyov adına Coğrafiya İnstitutu ilə birlikdə həyata keçirdiyimiz konfransda 30-a yaxın nümayəndənin iştirakı ilə Qarabağ probleminin ictimai müzakirəsinə nail olduq. Görünən o idi ki, vətəndaş cəmiyyətinin potensialı böyükdür. Biz istənilən qapını döyə bilir, dərdimizi danışa bilirdik.

Sıxıntılar və çətinliklər olmasına baxmayaraq, 90-cı illərin sonlarında peşəkar bir komandaya çevrilməyə nail olduq. 2000-ci ildən başlayaraq 5 əsas fəaliyyət istiqaməti üzrə beynəlxalq layihələrə qoşulduq və daha da inkişaf etdik. Media və Vətəndaş Cəmiyyətinin inkişafı, Sülhməramlı aksiyalar və konfliktologiya, Qaçqın və məcburi köçkünlərin problemləri, İcma inkişafı, həmçinin, təhsil sahəsində də ölkə əhəmiyyətli layihələrə imza atmışıq. BAMF 2000-ci ildən "Mina təhlükəsizliyi ilə mübarizə" proqramına da qoşulmuşdur. Biz 20 il ərzində ciddi bir proqramın parçasına çevrilə bilmişik.Vətəndaş cəmiyyəti qurumu olaraq belə bir mübarizə proqramında yer almaq heç də təsadüfi, heç də asan məsələ deyil.

Fəaliyyət sahəmiz o qədər çoxşaxəli, coğrafiya o qədər geniş, informasiya o qədər zəngindir ki, doğrusu, hansı birini sadalamaqda çətinlik çəkirəm. Azərbaycan Qeyri-Hökumət Təşkilatları Forumu və Mətbuat Şurasının formalaşmasında BAMF-ın müstəsna rolu vardır. Danimarka Xarici İşlər Nazirliyi və Danimarka Qaçqınlar Şurası ilə birlikdə həyata keçirdiyimiz "Qafqaz Fresta" proqramı çərçivəsində Rusiya, Gürcüstan, Azərbaycan və Ermənistanda fəaliyyət göstərən, məcburi köçkünlərlə bağlı layihələr həyata keçirən təşkilatların informasiya dəstəyi olan infoterminalın yaradılmasına vəsilə olduq. Əslinə qalanda bu regionda həyata keçirilən ən böyük layihə idi ki, onun da informasiya nəzarəti birbaşa bizim təşkilatımız tərəfindən həyata keçirilirdi. Bu unikal bir model idi və beş ilə yaxın davam etdi. Biz BAMF olaraq hər zaman Azərbaycanın mənafelərindən çıxış etdik. Daha doğrusu, ədalətin, doğrunun, dürüstün yanında olduq və Azərbaycana qarşı olan yalan və qarayaxmaların davam etməsinə imkan vermədik. Missiyamı, vətən qarşısında şəxsi borcumu heç zaman unutmadım və unutmaram.

2000-ci illərin əvvəllərindən BMT-nin İnkişafı Proqramı, Qaçqınlar üzrə Ali Komissarlıq, Amerikanın Tədqiqat Əməliyyat Mərkəzi, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Sülh Bürosu və bir çox digər qurumlarla əməkdaşlığa başladıq. Amerika Dövlət Departamenti, həmçinin, Azərbaycanda fəaliyyət göstərən bir sıra səfirliklərlə, o cümlədən, Amerika, Yaponiya, Türkiyə səfilikləri ilə əməkdaşlığımız dərinləşdi. 2001-ci ildə NATO ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda və regionda keçirilən "NATO və Cənubi Qafqazda regional təhlükəsizlik" mövzusunda ilk böyük konfransın keçirilməsinə nail olduq. Tədbirdə NATO-nun ən yüksək çinli məmuru, Rusiya, Türkiyə, Gürcüstandan, eyni zamanda səfiliklərdən nümayəndələr və demək olar ki, ölkənin bütün aparıcı jurnalistləri iştirak edirdilər. Yüksək səviyyəli tədbirin yekununda "NATO və Cənubi Qafqazda regional təhlükəsizlik" kitabı çap edildi.

Həqiqətən danışılası, söyləniləsi, deyiləsi çox iş var. Bu günlərə böyük zəhmət və sözün əsl mənasında əziyyət sayəsində gəlmişik. BAMF 30 il ərzində çoxfunksiyalı fəaliyyəti ilə həm ölkə daxilində, həm də beynəlxalq arenada zəhmət, alın təri, halalıqla öz imicini yarada bilib. İstərdim ki, çox önəmli fəaliyyətimiz barədə qısaca məlumat verim. 2002-ci ildə bütün ölkəni əhatə edən "Minaların mənfi təsirinin tədqiqatı" layihəsi məhz bizim təşkilatımız tərəfindən həyata keçirilmişdir. 2006-cı ildə BAMF Amerika Dövlət Departamentinin Özəl Tərəfdaşlıq Proqramına qoşuldu. 2007-ci ildə ilk olaraq BMT-nin xüsusi məşvərətçi statusuna yiyələndi. 2011-ci ildə Beynəlxalq Mətbuat İnstitutu ilə birlikdə "Neft, Qaz, Media" adlı beynəlxalq konfrans keçirdik. Həmin vaxt dünyanın əksər aparıcı media qurumları Azərbaycanda toplaşmışdılar. Belə bir qlobal tədbirin Azərbaycanda keçirilməsi heç də asan məsələ deyildi və bu, BAMF-la BMİ arasındakı sıx əlaqələrin  göstəricisi idi. Burada təbii ki, 4 il ərzində BMİ-nin direktorlar şurasının üzvü olmağımın da rolu vardı. BMİ-nin mənim rəhbərlik etdiyim Azərbaycan Milli Komitəsi həmişə öz uğurlu fəaliyyəti ilə fərqlənirdi.2013-cü ildə isə BMT-nin ən yüksək statusunu - Əsas Məşvərətçi statusunu qazandıq. Xatırladım ki, BMT ilə 34 min təşkilat əməkdaşlıq edir, onların içərisindən yalnız 141 təşkilat bu statusa sahibdir. Amma belə bir status sözdə səsləndiyi kimi, heç də asanlıqla qazanılmır, biz bu işə illərimizi vermişik. İstək, əzm və məsuliyyət olan yerdə ən uca zirvələrə çatmaq mümkündür. ECOSOC-a üzvlük dövlətlərin səsverməsi yolu ilə olur. Biz o dövlətlərə təşkilatımızın timsalında həm də ölkəmizi az-çox tanıda bilmişik. Məhz bu status sayəsində BMT-nin Nyu-York, Cenevrə ofislərində Azərbaycanın Qarabağ problemi ilə bağlı tədbirlər keçirmişik, önəmli məsələləri gündəmə gətimişik. 2016-cı ildə Nobel Sülh mükafatı laureatı professor Məhəmməd Yunusun ölkəmizə səfərini təşkil etdik. O, burada olarkən yerli nazirliklər, ADA, UNEC, universitetinin rəhbərliyi ilə görüşlər keçirdi, ölkənin ali rəhbərliyi tərəfindən qəbul edildi. Onun BAMF tərəfindən tərcümə olunan "Kasıbların bankiri" kitabı cənab Prezidentə təqdim edildi, daha sonra təşkilatın baş ofisində həmin əsərin təqdimat mərasimi keçirildi.

BAMF 10 ildən çoxdur ki, dünyanın ən nüfuzlu media qurumlarından olan "Əl-Cəzirə" media şəbəkəsi ilə sıx əməkdaşlıq edir və regionda onun rəsmi tərəfdaşıdır. 2019-cu ildə BAMF "Əl-Cəzirə" ilə birlikdə Azərbaycan haqqında hər biri 25 dəqiqədən ibarət olan 5 unikal təqdimat filminin hazırlanmasının əsas təşkilatçısı olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı BAMF komandası Bərdə, Tərtər, Ağdam və Goranboy istiqamətlərində düşmənin artilleriya atəşi altında ərazilərin partlamamış hərbi sursatlardan təmizlənməsini həyata keçirmişdir. Paralel olaraq "Əl-Cəzirə" heyətini müşayiət edən BAMF döyüş bölgələrindən 42 reportajın hazırlanmasında birbaşa iştirak etmişdir. BAMF müharibə zamanı düşmənin təxribat-terrorçu fəaliyyətinə dair ilk beynəlxalq hesabatı 4 fərqli dildə hazırlayaraq dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.

"Eurasia Diary" analitik portalı 2015-ci ildən fəaliyyət göstərir və gündəlik olaraq 4 fərqli dildə xəbərləri yayımlayır. Bu portal beynəlxalq ekspertlərin, ictimai-siyasi xadimlərin daimi olaraq çıxışlarının, şərhlərinin dərc olunduğu və ölkənin beynəlxalq səviyyədə imicinin formalaşmasına hesablanmış resursdur.

2018-ci ildə Qarabağda su mənbələrinin minalarla çirkləndirilməsi və Sərsəng su anbarının Ermənistanın işğalçı ordusu tərəfindən qarşısının kəsilməsi nəticəsində insanlarımızın üzləşdiyi su probleminin əks olunduğu "Su - müharibə maşını" adlı sənədli filmi Cenevrə ofisində və eyni zamanda Braziliyanın paytaxtında keçirilən 8-ci Beynəlxalq Su forumunda təqdim olunmuşdur. Bu yaxınlarda dünyaca məşhur "Sülhün kökləri" təşkilatının rəhbəri xanım Heidi Kühn BAMF-ın dəvəti ilə Azərbaycanda səfərdə oldu. Səfər zamanı iki təşkilat arasında Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və birgə beynəlxalq kampaniyaların başladılması ilə bağlı anlaşma memorandumu imzalandı. Hazırda BAMF BMTİP, BMTQAK, UNİCEF kimi BMT qurumları, Avropa İttifaqı, Yaponiya Səfirliyi və sair kimi qurumlarla məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına dəstək istiqamətində müxtəlif layihələr həyata keçirir. 

- Umud müəllim, BAMF-ın 30 illik fəaliyyətini incələyib araşdırmalı olsaq, bu tarixçə, söhbətimizin əvvəlində sizin də söylədiyiniz kimi, onlarla cild kitaba sığmaz. Bir neçə gün fəaliyyətinizin yalnız cüzi hissəsini əks etdirən arxiv materiallarına göz gəzdirərək bu qənaətə gəldim. Təbii ki, yeri gəldikcə  BAMF-ın keçdiyi yola nəzər salacağıq. Mən məqamı gəlmişkən başqa bir suala cavab almaq istərdim.

Sizi müəyyən qədər tanıyan şəxs kimi həyatınızı iki hissəyə bölərdim: BAMF yaranana qədər və bu təşkilat yaranandan sonrakı Umud Rəhimoğlu, Umud Mirzəyev, Umud müəllim... Yaradıcı şəxsiyyət, jurnalist-publisist, şair olaraq sizi Umud Rəhimoğlu kimi tanımışıq. Bəlkə bu sualın cavabına ənənəvi şəkildə belə başlayaq: Mən Umud Mirzəyev 1961-ci ildə, soyuq qış günündə, fevral ayının 1-də, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində doğulmuşam... Və sonra...

(Ardı var)

 





03.09.2022    çap et  çap et