525.Az

Xalidə Hicranın "Hikmət xəzinəsi"nə aparan yol - Xuraman Hümmətova yazır


 

Xalidə Hicranın "Hikmət xəzinəsi"nə aparan yol - <b style="color:red"> Xuraman Hümmətova yazır</b>

Azərbaycan poeziyasının inkişafında, gənc nəslin milli ruhda böyüməsində şeir sənətinin özünəməxsus yeri var. Poeziyanın inkişaf istiqamətləri sonsuz və tükənməzdir. Onun insan ruhuna siraəti hər şeydən güclüdür.  Zaman-zaman poeziyanın təsir gücündən, onun bir ilham mənbəyi olmasından çox danışılıb. Bu ənənə bütün zamanlarda gözəl töhfəsini insan amilinə təsirində öz bəhrəsini    verib.  

Haqqında söz açacağımız Xalidə xanım Seyidova (Hicran) Azərbaycan Rəssamlar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, həm də Türkmən Edebitayçı və Yazarlar Birliyinin üzvüdür. İxtiyar yaşında olan  Xalidə xanım Azərbaycanın gözəl guşələrindən olan Şərurda doğulub boya-başa çatıb. O, vətənin təbiətini, onun sonsuz gözəlliyini rənglərin dili ilə təsvir etməkdən doymamış, bu gözəlliyi sözlərə inci kimi düzərək oxuculara təqdim etmişdir. Bu yaxınlarda onun "Hikmət xəzinəsi" şeirlər toplusunun üçüncü cildi  "Elm və təhsil" (Bakı: 2022) nəşriyyatı tərəfindən çap edilərək oxucuların ixtiyarına verilib.

Bir rəssam ömrünün elegiyasını oxuyan rənglər onun sözünün sehrindən min çalarlar yaradır. Xalidə Seyidovanın (Hicran ) fırçası onun daxili yaşantılarının rəngini sözə çevirərək oxucuya çatdırır. Onun daxili dünyasında Tanrı yaratdıqlarına bir ehtiram, vətən adlı məfhumun daşına-torpağına bir sevgi var.

Xalidə xanım incə ruhlu bir şair, həm də  rənglərin dili ilə danışan bir rəssamdır. Onun rənglərlə çəkdiyi əsərlər sözlərin qovuşağında görüşərək bir-birini tamamlayır.  Şairənin poeziya dünyasında hər bir söz öz rənginin dili ilə danışır. İnsanı öz haləsinə alan bu şeirlər gerçəkliklə mücərrədlik aləmində bir-biri ilə görüşüb təmas quraraq, qəhrəmanın "lirik məni" vasitəsi ilə oxucu dühasında bitib-tükənməyən ənginliklərə yol açır.  

Müəllif şeirlər toplusunu "Elmin qibləsi" adlı şeiri ilə açması heç də təsadüfi deyil.  Bu şeir şairin oxucuna bir nəsihəti, ona olan tövsiyə hekayəsidir. O, lirik qəhrəmanını   kitab oxumağa çağırır, insanın hər hansı mərtəbəyə çatmasında kitabdan başqa heç nəyin ona kömək olmayacağını başa salır. O göstərir ki, aqil insanlar kitabdan əldə etdiyi biliklər sayəsində zirvələr fəth edir, kainatın sonsuzluğuna yol açırlar. Elmin açdığı üfüqlərin zirvəsi sonsuz və hüdudsuzdur.  Bu hüdudsuz ənginlikləri yalnız elmlə fəth etmək mümkündür. Şair deyir:

 

Hər elmin zirvəsi kitabdır, kitab,

Onu ziyarətə çalış ki, vaxt tap.

 

Elm bir zirvədir, son ucu sonsuz,

Yox bir sirr qapısı açıla onsuz.

                              

Elm bir süfrədir, naz-neməti çox,

Yesən də, nə qədər heç olmursan tox.            

 

Doğrudan da, bu, belədir. Hər şey tükənmək, bitmək imkanına malikdir, amma elmin dühası tükənmək bilmir, onu əldə etdikcə daha da zənginləşir, kamilləşirsən.

Başqa bir şeirində isə Xalidə xanım "Şairliyi bir aləm, bir dünya" kimi təqdim edir, "Qeybdən güc alanlar qələminə güc verər" deməklə, haqlı olaraq sözün, səsin, şeirin qeyb aləmindən gəldiyini, Allah kəlamı olduğunu deyir. Əlbəttə, Allah vergisi olan gözəl şeirin bir ömür boyu yaşayacağını  "Nizamidən bu günə qədər çox qələmlərin tər tökdüyünü" deyir, amma hər qələm əhlinin də Nizami dühasına yaxınlaşa bilmədiyini" dilə gətirir.

Sözə böyük ehtiram bəsləyən şair şeirlərinin biridə deyir:

               

Bir filosof söz ilə deməsə gər sözünü,

Bəs o nə ilə görən agah edər özünü?

 

Dil ağızda durmayıb ömür boyu farağat,

Əgər sözün acısa, azacıq şirinlik qat.

 

Sözü söz kimi söylə, ürəklərdən dağ alsın,

Bacarırsan söz söylə, yatan xəstə sağalsın.

 

Sözə böyük dəyər verən şair sözün ilahi hikmət kimi qüdrətini xəstəyə dərman olmasını, "gedər xəncər yarası, getməz dil yarası"  ifadəsini şeirini leytmotivinə çevirir. İnsanlara sözü ehtiyatla söyləməyi, hər xoş sözün insan həyatının bir mənası olduğunu, xoş sözün bir dərman olacağını, həyatına şirinlik qatacağını lirik boyalarla vəsf edir.

Vətən torpağını sevərək tərənnüm edən şair torpağa, vətənə, el-obaya bağlılığa böyük dəyər verir. İlk öncə şeirlərində oxucuda torpağa bağlanmaq istəyi yaratmaq   üçün onu sevməyi məsləhət görür. Torpağa  qayğı ilə yanaşan insanı torpaq da sevir, ondan bərəkətini əsirgəmir.

 

Sən torpağı sevə-sevə becərsən,

Bostanın barın özün dərərsən.

               

Torpaqla təbimiz eynidir hər an,

Torpaq gül-gülşənsə, gülür hər insan.

    

Təbiətlə insan eyni xasiyyət,

İnsan bir heyrətdir, təbiət dəhşət.

 

Şeirin sonrakı bəndində şair insanın torpaqdan yaranıb, sonda torpağa qayıdacağı ideyasına  bir daha oxucuya xatırladır:

 

Udur əsrlərdir insanı torpaq,

Bu torpaq insandır, insansa torpaq.

Torpaq ana, vətən, böyük adı var,

Torpaq anan kimi səni qucaqlar.

 

Özü həm yeyəndir, həm də yedirdən,

O, həm yedirdəndir, həm də ki yeyən.

 

Vətənin hər dürlü anının vurğunu olan şair, onun quru çörəyinin, yad ellərə uçub getmək istəməyən quşlarının vurğunudur. 

                                              

Vətən sərçəsi göyçək, yavan çörəyi ləzzət,

Özgə diyar xoşdursa, tez də gətirir həsrət

 

deməklə, məşhur atalar sözünü oxucuya xatırladır.

Şeirlərində dostluğa, sədaqətə böyük dəyər verir və oxucusunu da bu yola dəvət edir. O, insanlarda şərtlər əsasında qurulan dostluğun "şərlər içində boğulacağından"  deyir. Həqiqi dostluğu "ipək tellərə" bənzədir, onlara "çirkli əllərin" toxunmasını istəmir. O, həqiqi dostluğu insanın  söykəndiyi dağa bənzədir. İnsan bu dağa söykənməklə daha qürurlu, daha yenilməz olur. Həyatının bütün anlarında sədaqətli dostuna güvənc nöqtəsi kimi baxır. Naxələf dostları isə heç nəyə yaramayan yalançı  alaq otlarına bənzədir.

 

Dostluqda vardısa bir dağ qüdrəti,

Dostluğun dağ qədər olar hörməti.

 

Dostluqlar qurulsa, şərtlər içində,

O dostluqlar boğular şərlər içində.

 

Şairin "Hikmətə yol" esse mənzum şeirində oxucusuna gedəcəyi yolların eniş-yoxuşunda ona bəzi məsləhətləri yer alır. Yola çıxan lirik qəhrəmanın təkbaşına gedəcəyi yolun çətin olduğunu, bu yolda  qarşısına çıxan çətinlikləri dəf  etmək üçün lazımi məsləhətlərə qulaq asmasını istəyir. Çıxdığı yolda tənbəllik göstərən qəhrəmana "kimi işlər, dadar dad, dadmayan edər imdad" tövsiyəsini verir. Ağıllı insan başının tacı bilən şair ağıllı insanın hər bir  çətinlikdə özünə yol tapması, hər işin öhdəsindən mərdliklə gələcəyinə, ağlı sayəsində sahib olacağını deyir. Başqasının ağlı ilə oturub-duranın axırının yaxşı olmayacağını sadə dildə bəyan edir.

 

Ağıl bir damdır, sən isə sakin,

Tavan xarabsa, ondan çəkin.

 

Qəlbi paxıldırsa, əgər insanın

Ona xeyri olmaz, inan, ağlının...

 

Ağlın da çəkmirsə əgər düz yola,

Əlində çıraqla girərsən kola.

 

Özgə odunuyla yandırsan ocaq,

Onun istisi də, bil, kəm olacaq.

Bu esse şeirində şair vətəndən gedənlərin aqibətinin həsrət olmasını, məzlumların əməyini yeyənlərin sonunun yaxşı olmayacağından, insanlarda vəfaya sadiq olmadan, məclisə varanda kiminsə sıxıldığını görsən, onu söhbətinlə bu  sıxıntıdan uzaqlaşdırmaqdan, insan vicdanının təmizliyindən, insanın varlanmaq həvəsindən, tənhalıq və s. bu kimi əhvalatlardan söz açır.

Xalidə xanımın "Hikmət xəzinəsi" şeirlər toplusu emosional təsir gücü olan, bədii siqlət və estetik zövq baxımdan insan hisslərini lirik boyalarla əks etdirən, poetik  cəhətdən çox əhəmiyyətli bir topludur. "Hikmət xəzinəsi" xanım şairin müdriklik və zəriflik mücrüsüdür.

 





22.09.2022    çap et  çap et