525.Az

Türk Mədəniyyəti və İrsi Fondu macar şairi Mikloş Radnotini yad etdi


 

Türk Mədəniyyəti və İrsi Fondu macar şairi Mikloş Radnotini yad etdi<b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda məşhur macar şairi Mikloş Radnotinin yaradıcılığına həsr olunmuş bədii-musiqili gecə, eləcə də ədibin Fond tərəfindən Azərbaycan dilində çap olunan "Çiçəklərin nəfəsi" adlı şeirlər toplusundan ibarət kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə rəsmilər, beynəlxalq təşkilat rəhbərləri, Fonda üzv və müşahidəçi ölkələrin səfir və nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Fondun prezidenti Günay Əfəndiyeva öz nitqini tarix boyu davam edən Hun-Türk birliyindən başlayıb. Bildirib ki, bu gerçəklik Avropa və Asiyanın tarix səhnəsində silinməz izlər buraxıb: "Macarıstan bu böyük həqiqətin özəyi, Qərbi Hun İmperiyasının mərkəzi olub. Müasir macar xalqı isə həm də Atillanın nəsli, onun varisləridir. Beləliklə, əsrlər boyu macar və türk xalqlarının bir-birinə bəslədiyi münasibət dostluqdan daha artıq bir səviyyədə olub. Çünki xalqlarımız arasındakı doğmalıq ortaq keçmişə, mənşəyə, dilə və mədəniyyətə söykənir".

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən danışan Günay Əfəndiyeva bildirib ki, Fondun müşahidəçi ölkəsi Macarıstanın mədəniyyətinin tanınması Fondun əsas hədəfləri sırasındadır və bununla bağlı təşkilatın növbəti layihəsi macar xalqının yetişdirdiyi böyük şair Mikloş Radnotinin Azərbaycan dilinə tərcümə olunan şeirlərindən ibarət kitabının nəşr edilməsidir.

"Mikloş Radnoti macar ədəbiyyatında öz məxsusi dəst-xətti ilə seçilən klassiklərdən biridir. Radnotinin ədəbi irsində parlaq istedadı ilə yanaşı, həm də cəsarətli, açıq sözlü xarakteri aydın nəzərə çarpır. Radnoti əsl xalq şairi idi. O, faşizmin qəddarlıqları, macar xalqına qarşı törətdiyi vəhşiliklərlə bağlı vətəndaş mövqeyini bildirir və bu barışmazlığı yüksək poetik dillə qələmə alırdı", - deyə Günay Əfəndiyeva əlavə edib.

Günay Əfəndiyeva Fond tərəfindən çap olunan bu kitabın macar ədəbiyyatını Azərbaycan oxucularına daha da sevdirəcəyini vurğulayaraq, Macarıstan və Türk Dünyası  arasındakı mədəni bağların möhkəmlənməsinə xidmət edəcəyini söyləyib.

Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma tədbirdə çıxış edərək, macar şairi Mikloş Radnotinin Azərbaycan dilinə çevrilən kitabın işığına toplaşanları ürəkdən salamlayıb və şairin keşməkeşli həyatından söhbət açıb. Bildirib ki, Mikloş Radnotinin yaradıcılığı Macarıstanın ən çətin dönəminə təsadüf edib. Səfir "Çiçəklərin nəfəsi" kitabının nəşrinə görə Fondun prezidenti Günay Əfəndiyevaya təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyinin rəhbəri, səfir Yanoş Hovari Mikloş Radnotinin yaradıcılığından, Azərbaycanın iki il öncə qazandığı Qarabağ Zəfərindən söz açaraq, şəhidlərimizi ehtiramla yad edib.

Tədbirin bədii hissəsi Azərbaycanın Əməkdar artist Sahib Paşazadənin macar musiqilərini tarda ifa etməsiylə başlanıb. Daha sonra  Əməkdar artist Nicat Kazımovun quruluşunda Mikloş Radnotinin əsərlərindən ibarət, müharibə qurbanlarına həsr olunmuş şeirlər səsləndirilib və  kiçik tamaşa təqdim edilib. 

 





28.09.2022    çap et  çap et