525.Az

Küsülüləri barışdıranlar


 

BİZİM İNSANLARIMIZ MÜBAHİSƏNİ SEVMİR, BİZ HANSISA PROBLEMİ DANIŞARAQ  HƏLL ETMƏYƏ, GÜZƏŞTƏ MEYİLLİ XALQIQ

Küsülüləri barışdıranlar<b style="color:red"></b>

Təxminən on-on beş il əvvəl "Mediasiya nədir", "Mediator kimdir" deyə soruşsalar, yəqin ki, çoxlarımız cavab verməkdə çətinlik çəkərdik. Amma artıq bir neçə ildir, Mediasiya İnstitutu və mediator peşəsi cəmiyyətin, insanların həyatına daxil olmağa başlayıb. Azərbaycanda  "Mediasiya haqqında" qanun 2019-cu ilin martında Milli Məclisdə qəbul olunub, 2020-ci ilin iyuldan  isə məcburi məhkəmə mediasiyası ilə bağlı müddəalar qüvvəyə minib.

Mediasiya - tərəflər arasında mübahisələrin məhkəmədən kənar alternativ həll yolu, mediator - mediasiya prosesi zamanı tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı prosesi həyata keçirən şəxsdir. Mediasiya - tərəflər arasında yaranan mübahisələrin məhkəmə çəkişmələrinə gedib çıxmasının qarşısını almağa, problemlərin danışıqlar, qarşılıqlı razılaşma ilə həllini tapmasına çalışan institut, mediatorlar - bu mübahisələrin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı prosesi həyata keçirənlər - el dili ilə desək, "küsülüləri barışdıranlar"dır.

Həmsöhbətimiz "küsülüləri barışdıran" o mütəxəssislərdən biri - Bakı 15 saylı Mediasiya Təşkilatının direktoru, mediasiya üzrə beynəlxalq məsləhətçi Qasım Şaliyevdir.

 

- Qasım bəy, Azərbaycanda Mediasiya İnstitutu yenidir. Yenilik özü ilə xeyli çətinliklər də gətirir. Ümumilikdə, prosesin gedişatı sizi qane edirmi?

- Yeni anlayış olduğu üçün ilk dövrlərdə Mediasiya İnstitutunun mahiyyəti tam anlaşılmasa da, son bir illik təcrübəmizə əsasən deyə bilərik ki, insanlarda artıq bu instituta inam formalaşmağa başlayıb. Əvvəlki dövrdə bu prosesə yalnız məhkəmədən öncə arayış almaq kimi baxırdılarsa, indi tərəflər könüllü gəlib, öz mübahisələrini müzakirə etmək istəyirlər. Bəzən üçüncü, neytral şəxsin mübahisədə iştirakı tərəflərə stimul verir ki, produktiv müzakirə apara bilsinlər.

- Bəs statistik məlumatlar nə deyir?

- İlkin nəticələr bəzən ruhdan salır, bəzən də sevindirir. Xarici ekspertlər də bizə məsləhət görürlər ki, iki il müddətində  düzgün mediasiya prosesləri aparın, iki ildən sonra yenidən öz datalarınıza baxıb harada düz, harada səhv etdiyinizə qərar verin. Hazırda insanların inamı bizə böyük stimul verir.

Ötən il mediasiya təşkilatlarına 20 minə yaxın müraciət olub. Onlardan təxminən 80-85 faiz ailə, 10 faiz kommersiya, az qismi də əmək mübahisələridir. Qeyd edim ki, ümumiyyətlə, Azərbaycanda beş kateqoriya işlər üzrə mediasiya tətbiq oluna bilər: ailə, əmək, kommersiya, mülki və inzibati mübahisələr. Azərbaycanda ailə, əmək, kommersiya işləri üzrə məhkəmədən qabaq ilkin mediasiya sessiyasında iştirak məcburidir. İlkin mediasiya prosesində tərəflər mediatorun qəbulunda olur, məsələnin mediasiyada həlli yollarının olub-olmaması barədə qərar verirlər - yəni tam mediasiyaya gedək, ya getməyək? Tərəflər bu instansiyada razılığa gəlməyəndə o zaman məhkəməyə müraciət edirlər. Qeyd edim ki, son dövrlərdə tam sessiyaya müraciət edənlərin sayında artım var.

- Statistikadan da göründüyü kimi, bizdə əsas müraciətlər ailə mübahisələridir. Ancaq dünya təcrübəsində mediasiyanın iqtisadi sahədə böyük əhəmiyyətə malik olduğunu görürük.

- Mediasiyanın əsas üstünlüyü məhz iqtisadi sahədədir. İş dünyasında əsas məsələlərdən biri şirkətin imicidir. Bir şirkət marketinqə xeyli pul xərcləyir, illərlə çalışıb bir imic formalaşdırır. O imic sahəsində yeni biznes layihələri, əməkdaşlıq və s. yaranır. Fərz edək ki, iki şirkət arasında kommersiya mübahisəsi var. Bildiyiniz kimi, Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə kommersiya mübahisəsinin məhkəmə qərarları açıqdır. Xırda bir məhkəmə mübahisəsi şirkətin illərlə formalaşdırdığı imicə zərbə vurur. Hələ o iş yekunlaşacaq, şirkət o işi udacaq, ya udmayacaq, burası bəlli deyil, amma artıq işgüzar nüfuza zərbə dəyir. Məhz buna görə deyirəm ki, mediasiyanın əsas töhfəsi iş dünyasınadır. Birincisi, mediasiyada bütün məsələlər konfedensialdır. Yəni şirkətin hər hansı bir mübahisəsinin olub-olmamasını ətraf dünya bilmir, hətta mediasiyaya kimin birinci müraciət etməsi belə gizlidir. İkincisi, müddət məsələsidir. Tutaq ki, hər hansı bir məhkəməyə müraciət olunanda hazırda qüvvədə olan qanunvericiliyə görə, təxminən 9-12 ay vaxt lazım olur. Ekspertiza və digər prosessual addımlar olanda proses ilyarıma qədər uzana bilir. Bizdə hətta iki-üç il davam edən məhkəmə işləri haqqında da bilgilər var. Mediasiyada isə ümumi müddət bir aydır, müzakirələr də bir-iki gün çəkir. Düşünün, bir il ərzində çəkən məhkəmə prosesi, yaxud bir neçə gün? Üçüncüsü, bu yolla maddi resurslara da qənaət olunur. Bir şirkət məhkəməyə müraciət edərkən iddianın məbləğinə görə differensial ödəniş edir, yəni iddia məbləği böyüdükcə dövlət rüsumu artır, əlavə olaraq da vəkil xərcləri var. Hansı ki, mediasiyada o xərclər çox azdır. Daha bir üstünlük şirkətlərin insan resurslarını düzgün istifadə etməsidir. Mən uzun müddət böyük şirkətlərdə hüquqi şöbəyə rəhbərlik etmişəm. Bir məhkəmə mübahisəsi olanda ən azı bir-iki hüquqşünas ayrılır, hüquq sektorunun rəhbəri kimi sənin vaxtın gedir. Həmçinin, digər aidiyyəti şöbələr prosesə qoşulur,  komanda şəklində məhkəmə mübahisələri hazırlanır deyə şirkətin əsas işi qalır bir tərəfdə, menecerlər vaxtının böyük hissəsini buraya yönəldir. İnsan resurslarının düzgün istifadəsi məsələsi mediasiyada öz həllini tapır. Yəni insanlar öz işi ilə məşğul olurlar, enerjilərini hansısa əlavə məhkəmə işinə xərcləmirlər.

Burada məsələnin bir müsbət tərəfi də var. Məsələn, hakim məhkəmədə qərarı verəndə baxmır ki, tərəfin maraqları nədir. Hakim qanun və sübutlar nəyə imkan verirsə, hakim ona görə qərar verir. Mediasiya da isə tərəflərin maraqları qanun nəzərə alınır.

İşin ən maraqlı cəhəti odur ki, prosesdən sonra tərəflər bir-birinə düşmən olmur, gələcəkdə əməkdaşlıq edə bilirlər. Praktikaya əsasən deyə bilərəm ki, əgər iki tərəf məhkəməyə getdisə, onların yenidən əməkdaşlıq etməsi böyük ehtimalla, mümkün olmur, çünki ikisi də bir-birinin qara siyahısına düşüb.

Mediator olduğum bir mübahisədən nümunə deyim. Gərgin mübahisə getdiyi bir vaxtda, birdən tərəflərdən biri dedi ki, qardaş, biz ordan çıxmışıq, amma orda bir məsələ var ki, sonra sizin başınıza bəla olacaq, onu düzəldin. Düşünün, proses zamanı necə bir atmosfer yaranır. İnanın, bir tərəfin qeydi ordakı bütün buzları əritdi, tərəflər barışığa gəldilər. Bir sözlə, mediasiya iş dünyasında düzgün iş mühitinin, danışıqlar mədəniyyətinin formalaşdırılmasına müsbət təsir göstərir.

- Bəs əmək münasibətləri ilə bağlı mediasiya prosesi necə aparılır?

- Normalda iş adamları hər hansı bir əmək mübahisəsində olarkən deyirlər ki, əgər mən bu işçi ilə razılaşsam, sonra o biri işçilər də xəbər tutacaq, ona görə də geri addım ata bilmərəm, qoy iş məhkəməyə getsin, nə olur-olsun. Mediasiyada əmək mübahisələri də konfedensial şəraitdə olduğuna və proses zamanı söz-söhbət kənara çıxmadığına görə işçi ilə işəgötürən çox rahat şəkildə öz münasibətlərini müzakirə edə bilir. Bir misal çəkim. Deməli, yanlış anlaşılma var, işçini məşhur 70-ci maddə ilə işdən azad ediblər. Yəni işçi əmək fəaliyyətini pozduğuna görə pis işçi adı ilə işdən çıxarılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək münasibətləri alt sistemi var, işçi işdən azad olunanda ora səbəb yazılır. Şəxs növbəti iş yerinə müraciət edəndə əvvəlki iş yerindən hansı səbəbə görə çıxıbsa, orada görünür, beləcə, işçinin gələcək karyerası üçün problem yaranır. Bu işin mediasiya müzakirəsi zamanı işçi başa düşdü ki, harada səhv edib, işəgötürən də başa düşdü ki, o səhvə bu maddə çoxdur. Sonda barışıq sazişi imzalandı və nəticədə işçinin gələcək həyatındakı böyük bir əngəl aradan qalxmış oldu.

- Bayaq statistikadan danışanda bildirdiniz ki, ailə münasibətləri ilə bağlı məsələlər müraciətlər arasında xüsusi yer tutur. Dəfələrlə mediasiyanın sırf ailə-məişət problemlərində həll yönümlü olmaqdan daha çox süründürməçiliyə yol açdığına dair fikirlərə rast gəlmişəm. Bununla nə dərəcədə razısınız?

- Hazırda Azərbaycanda bütün mediasiya təşkilatlarına müraciət elektron qaydadadır, bu müraciət əsasında işi icraata götürən mediator hər iki tərəflə uyğun vaxtı razılaşdırır, həmin vaxtda görüş baş tutur. Tərəflərin normal şərtlərdə mediasiyaya gəlməsi bir dəfə olur. Bir neçə dəfə gəlsəydilər, mən sizinlə razılaşardım. Ancaq şəxs müzakirə imkanlarını qəbul etmirsə, arayışı alıb məhkəməyə müraciət edir.

Ailə mübahisələrindən irəli gələn məsələlərə görə məhkəməyə müraciət edərkən nikahın pozulması, aliment, birgə əmlakın bölünməsi kimi səkkiz-doqquz iddia var ki, məhkəmədə bu iddialara ayrı-ayrı baxılır. Mediasiyada isə bütün məsələlər bir iclasda həll olunur. Məsələn, bir dəfə ata-ananın uşaqları ona göstərməməsi ilə bağlı bizə müraciət etmişdi. Amma müzakirə vaxtı ana dedi ki, ata alimenti vaxtında ödəmir, valideynlərimlə xaricə istirahətə getmək istəyirəm, ata razılıq ərizəsi vermir. Halbuki bunlar məhkəmədə ayrı müzakirə mövzularıdır. Təxminən bir saat on dəqiqə ərzində bir neçə məsələ müzakirə mövzusu oldu və sonda barışıq sazişi imzalandı. Ata öhdəsinə götürdü ki, ananın tələb etdiyi ərizəni verəcək, alimenti vaxtında ödəyəcək. Ana da razılıq verdi ki, hər bazar günü uşaqla görüşə maneçilik yaratmayacaq.

- Tutaq ki, mediasiya sessiyasında bütün problemlər həllini tapdı. Bəs icraat?

- Yaxşı sualdır. Bizim qanunvericiliyə görə, tutaq ki, biz sizinlə barışıq sazişi imzaladıq, on beş gün sonra 100 manat pul ödəməli idim, ödəmədim. Razılaşdığımız müddət keçdikdən sonra siz məhkəməyə müraciət edirsiniz. Əgər əvvəlki qaydada birinci stansiya məhkəməsi üç-dörd ay çəkirdisə, indi on gün ərzində bizim aramızdakı saziş təsdiq olunub, icra şöbəsinə göndərilir. Yəni məsələ daha qısa müddətdə öz həllini tapır.

Məhkəmədə çıxan qərar dövlət adından çıxarılır və hər şəxs üçün məcburidir. Mediasiyadakı razılıq isə tərəflərin öz arasındakı öhdəlikdir. Beynəlxalq təcrübə də göstərir ki, mediasiyadakı barışıq sazişlərinin doxsan faizi icra olunur.

Bu işə könül vemiş birisi kimi əvvələr məni ən çox narahat edən suallardan biri icra prosesinin necə olacağı idi. Yaxın Türkiyədən sizə misal gətirmək istəyirəm. Türkiyədə bir il ərzində mediasiyadan keçən işlərin sayı milyondan çoxdur. Ümumi həcmə baxanda icra olunmayan işlərin sayı çox azdır. Çünki bu danışıqlarda hər kəs razı olduğu nəticəyə qol çəkir. Masadan ayrılanda mən də öz daxilimdə deyirəm ki, mən uddum, o da özünə deyir ki, mən uddum.

Mənim maraqlarımın nə olduğunu yalnız mən bilə bilərəm. Mediasiyada bir mübahisə vardı, mən orada vəkil kimi iştirak edirdim. Müştərimin tələbinə əsasən deyirdim ki, qarşı tərəf ödənməli olan iyirmi min manatı ödəsin, qarşı tərəf də ödəmirdi, artıq iş mediasiyada sonlanıb məhkəməyə gedəcəkdi. Müştərim mənə dedi ki, axrıncı təklif kimi onlara yeddi min təklif ver. Təsəvvür edin, iyirmi mindən yeddi minə. Biz rəqəmi deyəndə qarşı tərəf dərhal razılaşdı. Yəni hüquqşünas kimi hətta mən belə bilmədim ki, müştərimin orda marağı nə idi? Bəzən heç mediotorun özü belə bilmir ki, tərəflərin gizli marağı nədir?

- Neytral olsa belə, mediator özü də üçüncü şəxsdir və onun seçimi ciddi müzakirə mövzusudur. Qasım bəy, mediatora necə güvənməli?

- Cəmiyyət özü bunu tənzimləyir. Kim nüfuzlu, kim daha fərqli özəlliklərə malik mediatordur. Xalqın gözü tərəzidir. Mediator qərəzsiz olduğuna görə ona güvən olur. Əgər mən tərəflərdən birini uzaqdan da olsa, tanıyıramsa, bunu digər tərəfə mütləq bildirirəm. Mediotora necə güvənmək məsələsinə gəlincə, zaman keçdikcə peşəkar mediotorların varlığı daha çox bilinəcək. Hazırda Azərbaycanda 200-dən bir az artıq mediotor var. Ədliyyə Akademiyası tərəfindən yeni mediotor kursları təşkil olunur.

- Mediator olmaq üçün tələblər nədir?

- Mediator olmaq üçün 25 yaş, ali təhsil və üç il staj tələb olunur.

- İxtisasın fərqi varmı?

- Xeyr, yoxdur.

- Sizcə, Azərbaycanda mediasiyanın gələcəyi varmı?

- Mən xaricdə təlimlərdə olanda orada bizə nümunələr verirdilər. Nümunəyə baxırsan ki, adı Maykldır, amma Mayklı silib Əziz də yazsan, Məmməd də yazsan, nəticə eynidir. Bəzən belə fikirlər səsləndirirlər ki, Azərbaycanda mediasiyanın gələcəyi yoxdur. Əksinə, bizim insanlarımız mübahisəni sevmir, biz hansısa problemi danışaraq həll etməyə, güzəştə meyilli xalqdır. Buna görə də, düşünürəm ki, mediasiyanın Azərbaycanda böyük gələcəyi var.

Aytac SAHƏD

 





01.10.2022    çap et  çap et