525.Az

Antik dünyanın parlaq şəxsiyyətləri - Telman Orucov yazır


 

Antik dünyanın parlaq şəxsiyyətləri - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə sayımızda)

 

Bütün ictimai vəzifəlilər, adətən, ciddi öyrənilmənin subyektləri olmaqla, onlar ictimai etimadı itirdikdə vəzifələrindən götürülürdülər. B.e.ə. 488-ci ildən sonra isə afinalılar ostrakizm adlanan cəza növündən istifadə edirdilər. Bu təcrübə baş məclisin üzvlərinə imkan verirdi ki, xoşlarına gəlməyən və ya polis (şəhər-dövlət) üçün daha ziyanlı hesab edilən şəxsin adını saxsı qırığı üstündə yazıb, qutuya atsın, çoxluq bunu yazsa, həmin adam ostrakizmə məruz qalmaqla, on il müddətinə sürgünə yollanırdı. Vacib şərtdən biri o idi ki, qutuya ən azı 6 min səsin olduğu saxsı qırığı atılmalı idi. Afinalıların həmin adama ehtiyacı olduqda, onu geri çağırmaqla, sürgün müddəti də azaldırılırdı. Ostrakizm tətbiq edilən şəxslər adətən, əvvəlcə fəaliyyəti bəyənilən, sonra isə əməllərinin mənfi tərəfə yönəlməsi güman edilən bir siyasətin daşıyıcıları olmaqla cəzalandırılırdı.

Perikl afinalıların demokratik proseslərə cəlb edilməsini xeyli genişləndirdi. Afinalılar artıq yalnız özlərinin xoşladığı hökumət formasını seçə bilərdilər. Hakimiyyət baş məclisdə iştirak edən kişi cinsindən olan adamların əlində idi və məhkəmələrdə də jüri üzvləri xidmət edirdilər. Aşağı sinifdən olan vətəndaşlar da əvvəllər onlar üçün bağlı olan ictimai vəzifələri artıq tuta bilərdilər. Bu da onunla əlaqədar idi ki, Perikl vəzifə sahiblərinə dövlətin pul ödəməsini, maaş verməsini tətbiq etdi, bura jüri üzvü borcunu yerinə yetirənlər də daxil idi. Əvvəllər isə kasıb vətəndaşlar bütün vaxtını ailəsinə çörək qazanmaq üçün fiziki işə həsr etdiklərindən, ictimai vəzifəni daşısa, himayəsində olanları ac qoya bilərdilər. Yeni qaydanın tətbiqi ilə yoxsul adamlar da ictimai işlərdə iştirak etmələrinə sevinərdilər, çünki fiziki əməkdən ayrılmanın haqqı maaş almaqla ödənilirdi. Afinada o vaxtlar unikal olan hökumət sistemi tətbiq edilsə də, aristokratlar yenə də ən mühüm vəzifələri tutmaqda davam edirdilər. Çox sayda adamlara isə, bura qadınlar, qullar və Afinada yaşayan əcnəbilər - meteklər daxil idi, eyni siyasi hüquqlar verilmirdi.

Delos Liqası da problemsiz ötüşmürdü, üzvlər Afinanın onları himayə etdiyinə görə, ona üzvlük haqqı, əslində, xərac verirdilər. Perikl də Liqanın xəzinə pulundan üzv dövlətlərin razılığı olmadan Afinada yeni məbədlər tikdirmək üçün istifadə edirdi. Bu, açıq şəkildə göstərirdi ki, Delos Liqası, əslində, Afina imperiyasına çevrilmişdir. Perikl də Afinanın taqətdən düşməsi təhlükəsini görürdü və bu hissi sakitləşdirmək yollarını axtarırdı.

Böyük yunan tarixçisi Fukididin qeyd etdiyi kimi, b.e.ə. 436-cı ildə başlanan müharibənin uzun müddət mövcud olmuş və fundamental səbəbləri afinalıların və onların imperiyasının Spartaya öz təsirini göstərəcəyi təhlükəsindən, həmin ölkədə meydana gələn qorxu idi. Sparta xüsusən ona diqqət verirdi ki, Afina öz fövqəl donanma gücündən Spartanın Peloponnes Liqasınına nəzarətini zəiflətmək üçün istifadə edəcəkdir. Perikl afinalıları inandırırdı ki, əgər onlar Spartanın ultimatumunu qəbul etsələr, Yunanıstanda Spartanın dominant gücünü də qəbul etməli olacaqlar.

Müharibənin ikinci fazası bağlanmış 50 illik barışığın yalnız altıncı ilində başlanmışdı. Müharibə dövründə Perikl yenidən strateq seçilsə də, b.e.ə. 429-cu ildə vəfat etdi. Min illər keçsə də, o, parlaq ulduz kimi bəşəriyyətin qəbul etdiyi demokratiya adlanan dövlət quruluşu sistemində özünün solmayan, azalmayan işığının gücünü saxlamaqda davam edir.

Onun demokratiya prinsiplərinə sədaqəti və onu daha da genişləndirmək və inkişaf etdirmək sahəsindəki fəaliyyəti bu sahədə tarixin digər görkəmli şəxsiyyətləri ilə müqayisədə daha aydın nəzərə çarpır. Onun öz şəhər-dövlətində təşəkkül tapmış yeni, çoxluğun hakimiyyətinə söykənən siyasətə münasibətini, Peloponnes müharibəsində həlak olanların dəfn mərasimində etdiyi məşhur nitqində əyani şəkildə görmək olar. Bu nitqi həm də, mübaliğəsiz olaraq, natiqlik məharətinin etalonu saymaq olar.

Rusiyada marksizmin ilk və görkəmli təbliğatçısı G.V.Plexanov 1918-ci ilin qışında ölümcül xəstə olduğu vaxt, bolşeviklər tərəfindən Finlandiyaya sürgün edilmişdi. Ağır səfər onu taqətdən salmışdı. O, ölüm yatağında özünü sakitləşdirmək, ruhunu azacıq da olsa dincəltmək üçün arvadından Periklin həmin çıxışını təkrar-təkrar oxumağı xahiş etmiş və nitqdəki ifadələrə heyranlığını gizlədə bilməmişdi.

Tarixçi Fukidid özünün "Peloponnes müharibəsinin tarixi" adlı dəyərli əsəri ilə yanaşı, Periklin həmin çıxışının gələcək nəsillərə ötürülməsində əvəzsiz xidmət göstərmişdir.

Fukidid yazır ki, həmin ilin (yəni b.e.ə. 431-ci ilin) qışında afinalılar əcdadlarının adətləri əsasında, bu müharibədə həlak olmuş ilk döyüşçülərin dəfnini təşkil etdilər. Tabutlar ümumxalq qəbiristanlığına gətirildi. Burada həmişə müharibədə həlak olanlar dəfn edilirdilər. İlk həlak olanların dəfnində nitq söyləmək üçün Perikl seçilmişdi. Burada o, özünün məşhur çıxışını etdi:

"Bu yerdən kimə danışmaq qismət olmuşdursa, adətən, bu qaydanı qoyanlara tərif deyirmiş, həqiqətən də, müharibədə həlak olanların xatirəsi barədə danışmaq gözəldir. Çoxlarının igidliyinin, uğurlu, ya uğursuz olmasından asılı olmayaraq bir nəfərin sözlərinə etibar etməklə, bəlkə də, belə risk etmək lazım deyildi...

Mən hər şeydən əvvəl əcdadlarımızdan başlayacağam, çünki məhz indi ədalətlilik və nəzakət tələb edir ki, onları yada salaq. Axı məhz onlar, əsrlərlə bu yerdə məskən salan adamlar, onun azadlığını öz igidlikləri ilə nəsillərdən-nəsillərə keçirərək, onu bizim günlərə kimi qoruyub saxlamışlar və buna görə onlar əsl tərifə layiqdirlər...

Bizim dövlət qaydalarımız yad adətlərə uyğun gəlmir, biz özümüz daha çox nümunə göstəririk, nəinki digərlərini təqlid edirik. Bizim quruluş xalq hakimiyyəti adlanır, çünki azlığa deyil, xalqın çoxluğuna əsaslanır. Özəl işlər və qanunlarımız bizim hamımıza müxtəlif imkanlar verir. Bizdə hər kəs öz xidmətlərinə görə hörmətdən istifadə edir və hətta tərəfdaşlarının dəstəyi belə ona heç də şəxsi igidliyindən çox uğur gətirmir, rütbəsinin təvazökarlığı, dövlətə öz xidmətini göstərməkdə kasıb adama da mane olmur. Biz öz ictimai işlərimizi sərbəst görürük və gündəlik qayğılarımızda bir-birimizə şübhə ilə yanaşımırıq...

Biz gözəlliyi şıltaqlığımıza, müdrikliyi isə zəifliyimizə görə sevmirik, biz sözdə lovğalanmaq üçün deyil, işə girişmək üçün var-dövlətimizdən istifadə edirik, kasıblığı da etiraf etmək bizdə eyıb deyildir, öz zəhməti ilə ondan çıxmamaq eyibdir.

Dostlarımızı, biz onlardan xidmət qəbul etməyə görə deyil, özümüz onlara xidmət göstərmək yolu ilə əldə edirik. Xidmət göstərən - daha etibarlı dostdur. (Adamlar) bilir ki, minnətdarlığa görə deyil, borca görə xidməti geri qaytarmaq lazımdır...

Qısaca deyilsə, mən təsdiq edirəm ki, bütün bizim dövlətimiz Elladanın məktəbidir.

Bu deyilənlərin hamısı - əlverişli səbəbə görə heç də boş tərif deyildir, tam həqiqətdir. Məhz bu xüsusiyyətləri, dövlətimizin əldə etdiyi gücü sübut edir".

Həlak olanlar barədə isə natiq dedi ki:

"Mənə elə gəlir ki, belə sonluq kişi igidliyi üçün birinci əlamət və son təsdiqdir. Vətən uğrunda müharibələr də xeyiri-şəri silib, yoxa çıxarır və ümumi fayda hər kəsin özəlliyini örtməklə, onu gözə çarpdırmır... Onlara düşməni dəf edib, həlak olmaq daha gözəl idi, nəinki güzəştə gedib xilas olmaq.

Biz dövlətimizin gücünə hər gün  tamaşa etməliyik, onu sevməliyik.

(Onlar) bir yerdə həyatlarını verdilər və ona görə də hər biri üçün qocalmayacaq tərifə və şərəfli qəbirə malik oldular. Görkəmli adamlara qəbir - bütün torpaqlardır. Xatirə o qədər də onların işi barədə deyil, daha çox onların ruhu barədədir... Axı məğrur insan üçün alçaqlıq və qorxaqlıq ölümdən daha çox ağrı verəndir, çünki ölüm, ona möhkəm iradə ilə və ümumi faydaya ümidlə getdikdə hiss edilməyəcəkdir...

Həlak olanların burada iştirak edən valideynləri barədə qüssəyə dalmayacağam, sizə təskinlik verməyəcəyəm. Bu necə xoşbəxtlikdir ki, xoş həyata məhz xoş ölüm uyğun gəlir. Axı heç də məhrum olunmuş xeyirə hüzn saxlamırlar; adət etdiyimiz, həm də artıq mövcud olmayan adama hüzn saxlayırlar.

Oğulların və qardaşların böyük yarışını qabaqcadan görürəm, çünki hətta igidliyinizin izafiliyində belə nəinki onlara bərabər olmaq, hətta onların izi ilə getmək də çətin olacaqdır. Axı ölənləri tərifləməyə hər kəs şad olur - kim ki sağdır, onlara rəqibləri qısqanclıq edir, kimsə yarış yolundan çıxmışdırsa, onlara artıq heç nə mane olmayacaqdır ki, onları sevsinlər və hörmətlə yad etsinlər. Nəhayət, əgər mənə, dul qalacaq qadınların igidliyini də yada salmaq lazımdırsa, onda mən qısa sözlərdə hər şeyi deyəcəyəm; qadın təbiətinə xas olandan zəif olmamaq bizim üçün böyük şərəfdir və kişilər arasında onların barəsində tərif və ya məzəmmət də olsa, nə qədər az danışılırsa, o qədər bu şərəf yüksəkdir.

Ölənlərin şərəfi üçün işimizin bir hissəsi burada icra edilən dəfndir. Digər hissəsi isə odur ki, onların uşaqları bu gündən və həddi-buluğa çatana qədər ümumxalq hesabına tərbiyə olunacaqlar. Bu şərəfli mübarizədə iştirak etməyə görə və ölənlərə, həm də sağ qalanlara dövlətdən olan bizim ən yaxşı əklilimizdir, çünki haradakı igidliyə mükafatlardan ən yüksəyi təyin olunmuşdur, orada vətəndaşlardan ən yaxşıları vətəndaşlıq edir. İndi isə hər kəs öz yaxınlarını ağlamaqla, öz evinə getsin".

Fukidid yazır ki, bu qışda baş vermiş dəfn mərasimi belə idi. Onun başlanması ilə bu müharibənin birinci ili də qurtardı.

Periklin demokratik prinsiplərə riayət etməsi sözdə deyil, əməldə daim öz təsdiqini tapırdı. Onun barəsində karikatura xarakterli pyeslər yazılıb, tamaşaya qoyulurdu. Onları qadağan etməyi ona məsləhət görsələr də, o, fikir və söz azadlığına mane olmaq istəmirdi. Onun ailə həyatına, ikinci arvadına da hücumlar olurdu, o, bunlardan incisə də, qanundan kənar heç bir hərəkətə yol vermirdi, hətta məhkəməyə gəlib, alçalmış şəkildə arvadı barədə xahişlə müraciət etmişdi.

Periklin demokratiya uğrundakı gördüyü işlər, onun ruhu və fəaliyyəti müasir insanlar üçün də örnək olmağa layiqdir. Onlar o qədər nəhəng miqyasdadır ki, ona qiymət vermək üçün süni şişirtməyə heç bir ehtiyac yoxdur. Bəzən naşılıq, özünü daha dərin bilikli göstərmək cəhdi nəinki uğursuz olur, hətta istehza gülüşü doğurur. Tarixi faktlar onun haqqında çox şeyi dediyindən, şəxsiyyətini uğursuz şişirtmək cəhdi əks effekt verir. Dövlət universitetində bir xoşagəlməyən hadisə baş vermişdi. Tarix professoru Perikli geniş bildiyini göstərmək üçün, hətta Şekspirin ona pyes həsr etdiyini  dedikdə, ingilis dilində çox mütaliə edən tələbə qız buna etiraz edərək, onun səhvə yol verdiyini qeyd etmişdi. Əlavə etmişdi ki, Şekspirin bu adda əsəri vardır, lakin onun afinalı Periklə heç bir aidiyyəti yoxdur. Professor bu qızı az-çox tanıdığından, onunla mübahisə etmək istəmədi və tənəffüs onu gözləmədiyi biabırçılıqdan xilas etdi.

Tənəffüsdən sonra professor auditoriyaya qayıdanda, yaltaqlıq hesabına müəllimlərdən qiymət qopardan savadsız tələbə oğlan ayağa qalxıb, dedi:

- Professor, biz sizdən Əzizənin (qızın adı belə idi) ədəbsiz sözlərinə görə üzr istəyirik. Sərçə qartala uçmaq öyrətmək istəyir. Müəllimə qarşı özünü belə aparmaq ayıbdır.

 Professor razılıqla başını silkələdi. Əzizə qalxıb danışa-danışa, qabağa cıxdı:

- Mən kiminsə səhvini tutmağı ayıb saymıram, ayıb saxta itaəti və təzimi ilə daim qrupumuzu biabır edənin hərəkətidir. Mən dəqiq bildiymi dedim, lazımdırsa əsərə müraciət etməklə, ifadəmi sübut edə bilərəm.

Sonra o, qısaca pyesin məzmunundan söhbət açdı:

-Həqiqətən də Şekspirin "Perikl" (əsər dəqiq yunan adı kimi "Perikles" adlanır) adlı pyesi vardır və onun tarixdə geniş miqyasda tanınan qədim dünyanın (b.e.əş V əsr Afinasının) böyük dövlət xadiminə dəxli yoxdur. Şekspirin qəhrəmanı Tir şəhərinin hökmdarı idi, hadisələr də yəqin ki, b.e. ə. IV əsrdə, Makedoniyalı Aleksandrın adanı işğal etməsindən sonra cərəyan etmişdi. Əsərdə Selevkid çarı Antioxun biabırçı qüsurundan da bəhs edilir, dul olan çar uzun müddət öz qızı ilə intsest-qanqarışdırıcı əlaqədə olmuşdu.

(Ardı var)

 





02.10.2022    çap et  çap et