525.Az

8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub - Yenilənib


 

NÜFUZLU TƏDBİRDƏ MÜXTƏLİF ÖLKƏLƏRİ TƏMSİL EDƏN 110-DAN ARTIQ NƏŞRİYYATIN İŞTİRAKI NƏZƏRDƏ TUTULUB

8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub - <b style="color:red">Yenilənib</b>

Oktyabrın 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi açılıb.

Sərgidə 10-dan çox ölkədən 60-dan artıq xarici təşkilat,118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.

Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Baş nazirin müavini belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib. O vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, eyni zamanda, digər beynəlxalq tədbirlər ölkəmizdə yüksək səviyyədə təşkil edilir.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Nazir deyib ki, 15 illik tarixə malik, Bakı Beynəlxalq Kitab Sərgisi cəmiyyət tərəfindən böyük maraqla qarşılanan və iştirakçı baxımından kütləviliyi ilə seçilən öncül tədbirlərdən hesab olunur: “Artıq Azərbaycanda bu sahədə yeni dünya standartlarına cavab verən təcrübə formalaşdırılıb. Amma builki sərgimizin keçən ilkindən fərqi ondadır ki, bu il naşirlərin sayı, ümumiyyətlə kitab sənayesi subyektlərinin sayı keçən ilkindən, demək olar ki, 30-40 faiz çoxdur. Bu il ilk dəfə olaraq, ölkəmizdə kitab sərgisində Türkiyə “Fəxri qonaq” statusunda iştirak edir. “Şuşa İli”nə həsr olunan Bakı Beynəlxalq Kitab Sərgisində bütün konstruksiyalar, kitab məhsulları mədəniyyət paytaxtımızın simvolları ilə bəzədilib”.

Anar Kərimov əlavə edib ki, builki sərgidə Türkiyədən 40, Rusiya, İran və Özbəkistanın hər birindən 4 nəşriyyat dəvət olunub. Ümumilikdə 110-dan çox nəşriyyatın iştirakı gözlənilir. Türkiyədən və digər ölkələrdən kifayət qədər məşhur qonaqlar dəvət olunub: “Qonaqlar içərisində İlbər Ortaylı, Fatih Ərdoğan, Xasiyət Rüstəm kimi məşhur simalar var”.

Sərgi müddətində “Qarabağa kitabla gedək” aksiyasının davam edəcəyini bildirən Anar Kərimov qeyd edib ki, hazırda bu aksiya çərçivəsində, işğaldan azad olunmuş ərazilərdə yaradılacaq kitabxanalar üçün 93 min 212 nüsxə kitab toplanıb: “Təşkilat Komitəsi tərəfindən sərginin son günü “Ən yaxşı nəşriyyat” və “Ən yaxşı kitab” nominasiyaları üzrə qaliblər seçiləcək. Şuşaya həsr olunmuş məzmun və poliqrafik baxımından ən yaxşı kitabın buraxılışını təmin edən naşir Şuşanın 270 illiyi münasibətilə təsis olunan “Xatirə nişanı”na layiq görüləcək”.

Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Serdar Çam qeyd edib ki, kitab sərgiləri keçmişlə bu günü, yazarla oxucuları eyni məkanda birləşdirir. Nazir müavini bu tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar kitabın cəmiyyət həyatındakı rolundan danışıb: “Kiçik yaşlarından uşaqlarda kitaba sevgi yaratmaq çox önəmlidir. Tədqiqatlar göstərir ki, balaca yaşlarından daha çox kitab oxuyanlar, həmçinin valideynləri daha çox kitab oxuyan uşaqlar gələcəkdə daha yüksək akademik nailiyyətlər əldə edirlər. Bu da bir daha kitabların mütaliə vasitəsi kimi həyatımızda nə qədər önəmli yer tutduğunu göstərir”.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik, eləcə də digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları, həmçinin, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Sonra Sərgi çərçivəsində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin stendinin açılış mərasimi olub.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam bildirib ki, son zamanlar Türkiyədə kitaba olan maraq artıb. Dünya inciləri türk dilinə tərcümə edilir. İnsanlar maariflənir və biliklərini zənginləşdirirlər.

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Türkiyənin bu sərgidə geniş heyətlə iştirak etməsi hamını sevindirir: “Azərbaycan bu ilin sonuna doğru Türkiyədə keçiriləcək kitab sərgisinə fəxri qonaq qismində dəvət olunub. Biz bu dəvəti qəbul edirik və sərgidə məmnuniyyətlə iştirak edəcəyik”.
Sonra Anar Kərimov “İrəvan necə varsa - keçmişdən bu günə” kitabını Türkiyənin görkəmli tarixçi alimi, professor İlber Ortaylıya bağışlayıb.
Baş nazirin müavini Əli Əhmədov da mövzu barədə fikirlərini bölüşüb. Sonra klassik türk musiqisindən nümunələr səsləndirilib.

Həmin gün keçirilən Rusiya stendinin açılış mərasimində Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov, Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin Kitab sənayesi departamentinin rəhbəri Vladimir Qriqoryev, “Rossodrudniçestvo” agentliyinin nümayəndəsi İrek Zinnurov və yazıçı Yevgeniya Vodolazkina çıxış ediblər.

Gün ərzində Rusiya Federasiyası stendinin qarşısında bir sıra tədbirlər, yazıçılarla görüşlər təşkil olunub. Yazıçı Afanasi Mamedovla şair Alina Talıbova arasında Bakı haqqında dialoq keçirilib. Maksim Zamşev redaktoru olduğu “Literaturnaya qazeta” jurnalının tarixi və bu günü haqqında danışıb.

8-ci Bakı Beynəlxalq Kitab Sərgisində M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanası da təmsil olunur. Kitabxana sərgi ərzində bir sıra kitabların təqdimatını keçirəcək.

Oktyabrın 5-də Milli Kitabxananın stendi qarşısında “Şuşa tarixi sənədlərdə (Milli Kitabxananın fondundan)” və “Xurşidbanu Natəvan – 190” mövzusunda nadir kitabların və “Biz səni dirçəldəcəyik, Əziz Şuşa!” adlı elektron məlumat bazasının, həmçinin “Şuşa tarixi mənbələrdə” adlı biblioqrafiya kitabının təqdimatı keçirilib.

VIII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 9-dək davam edəcək.

 





05.10.2022    çap et  çap et