525.Az

Rasim Balayev: "Biz gözləsək də, ömür gözləmir..."


 

Rasim Balayev: "Biz gözləsək də, ömür gözləmir..."<b style="color:red"></b>

Həmsöhbətimiz Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevdir. Görkəmli sənətkarımız ilə söhbətdə onun İttifaqa sədr seçilməsi, kinomuzun vəziyyəti, görülməli işlər, nəzərdə tutulan planlar və öz yaradıcılığı barədə suallara cavab aldıq.

 

- Düzü, sədrlik təklifi gələndə bir az tərəddüdlü idim. Amma sonradan qəbul etdim. Mən 23 il Rüstəm İbrahimbəyovla bir yerdə işləmişəm. Onun idarəçilik qabiliyyətini görmüşəm. Allah rəhmət eləsin, Rüstəmdən sonra da işimizi layiqincə davam etdirək, kinomuz üçün kollektiv şəkildə yararlı olaq. Hələlik bizə aid olan işləri görürük, amma "işimiz yaxşı gedir" deyə bilmərəm. Ona görə ki, Azərbaycanda bu gün film çəkilişi, çox təəssüf, yaxşı vəziyyətdə deyil. Mən həmişə demişəm, kino olmasa, onun ittifaqı da lazım deyil. Cənab Prezidentin qərarıyla indi Agentlik yaranıb. Bu hardasa ümidimizi artırıb və düşünürük ki, inşallah, yaxşı olacaq.

- Sizcə, Azərbaycanda kinonun bu duruma düşməsinin əsas səbəbi nədir?

- Səbəblər çoxdur. Bir az estafet məsələsi oldu, yaşlı, təcrübəli aktyorlarımız, rejissorlarımız rəhmətə getdilər. Ümumittifaq Kinematoqrafiya İnstitutu vardı, elə indi də var, sənətkarlar hazırlayırdı, onunla əlaqəmiz, demək olar ki, kəsilib. Orda hər il bizə yer verirdilər. İndi gedən yoxdur, göndərilmir. Və ona görə də professional rejissorlar, operatorlar, aktyorlar, ssenaristlər yetişmir. Bu da kinonun inkişafını ləngidir. Sovet dövründə müvafiq bir struktur, quruluş vardı. Sovetlər dağılandan sonra yenisini fikirləşmək lazım idi ki, neyləyək? Amma fikirləşən olmadı. Təsəvvür edin, həmin dövrdə altı-yeddi il bizdə film çəkilmədi. Bu bilirsiniz nə deməkdi? Sonra da kinostudiya dağıldı. Orda min iki yüz adam işləyirdi, indi 5-6 adam işləyir. Yenidən nəyisə yaratmaq, qurmaq, kinonu inkişaf etdirmək lazım idi. Bu haqda düşünülmədi. Təbii, bu təkcə kino sahəsində deyil, digər sahələrdə, məsələn, ədəbiyyatda da, kənd təsərrüfatında da baş verdi. Biz bir ictimai formasiyadan digərinə keçdik və keçəndə kino üçün uyğun yeni struktur fikirləşən olmadı. Və onun nəticəsidir ki, bu gün əziyyət çəkirik.

- Bu sahəyə lazımi yatırım olsa, vəziyyət düzələrmi?

- Mənə elə gəlir ki, iş təkcə yatırımda deyil. Bax indi pul verirlər, amma vəziyyət dəyişmir, eynidir.

 - Bəs nə çatışmır? Siz bayaq qeyd etdiyiniz kimi, rejissor, aktyor?

- Mən deyərdim ki, hamısı çatışmır. Əsas da güclü ssenari yazılmır, güclü rejissor işi yoxdur. Bu seriallar var ha, onlar əsl kino deyil. Təsəvvür edin, resissorluqdan o qədər də başı çıxmayan adam film çəkir, vaxtilə toy çəkənlər indi kino çəkirlər. Operator işi çox ağır işdir, onun öz qayda-qanunları var, buna əməl olunmur. Filmə yarayan istər gənc, istər yaşlı nəsil istedadlı aktyorlar var, amma təəssüf ki, onlardan istifadə olunmur. Onları da rejissor kəşf etməli, çəkib üzə çıxarmalıdır. Aktyoru rejissor yetişdirir, aktyor yaxşı əsərdə, dramaturgiyada inkişaf edir. Bunlar hamısı bir-biriylə bağlıdır. Biri olmayanda o biri alınmır. Səbəblərdən biri də budur və buna görə bu gün biz ortaya normal film çıxarda bilmirik.

- Siz vaxtilə tarixi filmlərdə çəkilmisiniz. Sovet dönəmində nə qədər senzura olsa da, az-çox tariximizi əks etdirən filmlərimiz çəkilib. Bu gün isə düşmənin tarixi saxtalaşdıraraq, bizim olanları öz adına çıxdıgı bir zamanda belə filmlərə çox böyük ehtiyac var...

- Əlbəttə, bu, çox lazımdır, hava və su kimi vacibdir. Amma o güc, o canıyananlıq çatışmır. Qeyd etdiyim kimi, bu gün o dramaturgiya və o əsərlər yoxdur.

- Deyə bilərikmi, əsas səbəb ssenaridir?

- Ssenari və rejissor. Rejissor filmin anasıdır. O, filmi dünyaya gətirir. Ssenarinin uğurlu çıxmasında da rejissorun rolu böyükdür. Aktyorların, rolların düzgün bölünməsi, yaxşı operator tapıb gətirilməsi də mütləqdir.

 - Rasim Balayev ömrünün bu çağında özünün əsl rolunu tapıbmı artıq, yoxsa hələ gözləyir?

- Vallah, mən elə bilirdim ki, gənclikdə çox rollar oynamışam. Amma baxıram ki, yox, hələ oynamamışam, çünki o enerji, güc var var hələ. Əslində bizim sənətdə yaş senzi yoxdur. Fikirləşirdim ki, mən yaşlananda qoca rolları oynayaram. Çox təəssüf ki, bu gün o rollar yoxdur. Məhz bizə görə rollar yazılmır. Ona görə də son illərim boşa getdi.

- Amma cavankən yaşlı rolları oynamısınız. İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" tamaşasında Məlahət Abbasova ilə çəkiləndə 40 yaşında idiniz, amma 55 yaşlı kişinin obrazını oynadınız.

- Yaşım 40 da deyildi heç, 38 idi,1986-cı ildə. Amma oynadım.

- Mən belə başa düşürəm ki, sizin daha çox psixoloji-dramatik rolları oynamaga həvəsiniz var.

- Elədir.

- Uyğun təkliflər varmı?

- Yoxdur. Olsa məmmuniyyətlə oynardım. Çox istərdim oynayım.

- Özünüz təklif vermisinizmi?

- Yox. Çünki mən ssenarist deyiləm, o işi bacaranlar yazmalıdır. Bir dəfə mənə rejissorluğu da təklif ediblər. Razı olmadım. Əgər zəif bir film çəkəcəmsə, onu çəkməməyim daha yaxşıdır. Az-çox tamaşaçı yanında hörmətim var, mən onu niyə korlayım? İçimdə mən o sənəti hiss eləmirəm. Görürəm ki, yox, mən bacaran iş deyil.

- Amma bildiyimə görə, Xalq yazıçısı Anar ssenari yazıb, orda sizin üçün bir əsas rol nəzərdə tutulub.

- Doğrudur. Anar müəllim mənə dedi, iki ssenari yazmışam, sənin üçün orda xüsusi bir obraz var. Bilirsiz də, Anar müəllim həm gözəl ssenarist, həm də rejissordu. Mən də oturub gözləməyə başladım. Xəbər çıxmadı, çox təəssüf, rəsmi səbəblərdən ləngidi...

- Doğrudan da, buna ancaq təəssüf etmək olar. Özünüz də qeyd etdiniz ki, Anar müəllim gözəl rejissor və gözəl ssenaristdir. Şəxsən sizi və Anar müəllimi sevən bir tamaşaçı kimi mənim də ən böyük arzum onun yazdığı ssenari əsasında filmlərə çəkilməyinizdir. 

- Çox sağ olun. Gözləyək, görək nə olur. Anar müəllim elə insan deyil ki, gündə zəng eləsin, mənim əsərim nə oldu? Sanballı, öz ləyaqətini gözləyən bir ziyalıdır. Ona görə zəng eləmir. Səs-səmir yoxdur hələ. Ömür isə gedir.

- Rasim müəllim, nəinki gənc, hətta tanıdığımız orta və yaşlı nəsil sənət adamları var ki, istedadları olsa da, bu gün kənardadırlar...

- Bilirsiz, kino biznesi deyilən bir şey var, o bu gün bizdə inkişaf eləməyib. Bəlkə buna görə bəzi istedadlar itib-batır. Əvvəllər SSRİ boyda bir prokat məkanı vardı, burda film çəkilirdi, Vladivostokda göstərirdilər. Bu gün isə artıq o imkan yoxdur bizdə. Kinonu elə çəkmək lazımdır ki, beynəlxalq kino festivallarında uğur qazansın və uğurlu filmi hansısa ölkələr alsın. Onda həmin filmin pulunu çıxartmaq, gəlir götürmək olar. Bu gün irəli duran elə bir adam varmı? Mən tanımıram. Aktyor çəkilişdə, iş prosesində formalaşır. Əlbəttə, əgər filmə çəkilmirsə, teatrda oynamırsa, o aktyor irəli gedə bilmir, istedadı içində ölüb qalır. Filmə çəkilmək üçün həm də fiziki güc, sağlamlıq lazımdır, bu da xüsusən adam cavan, səhhəti normal olanda mümkündür. Bir istedadlı aktyor elə-belə yetişmir, onu tapıb çıxarmaq və yetişdirmək lazımdır. Hər şeyi qaydasına sala bilsək, beş-on il vaxt lazımdır ki, kino öz relsinə düşsün. O ümidlə yaşayırıq.

- Qardaş Türkiyədə gözəl filmlər çəkilir və o filmlərlə dünya arenasına çıxırlar...

- Türkiyə kinosundakı iş prosesinə bələdəm. Doxsanıncı illərdə məni Türkiyədə iki filmə çəkilmək üçün dəvət etdilər. Birini dini bayramlarda göstərirlər: "İbrahim Havvas həzrətləri". Orda iki baş rol var, birini mən oynayıram. Biri də "Qanayan yara Bosniya" adlanır. Onların bizim kimi belə kinostudiyası, yəni ayrıca binaları yoxdur. Qrup şəklində hərəkət edirlər. Məsələn, birində aparatura, güclü avadanlıq varsa, o biri gəlib deyir ki, mən kino çəkirəm, icarəyə ver. O vaxtlar bizim kino çox yüksəkdə idi, türk filmlərisə çox zəif idi. 1995-ci ildən götürsək, təxminən 27 il edir və bu 27 ilin içində Türkiyə hər sahədə çox inkişaf elədi. O cümlədən, kino sahəsində. Bu gün artıq onların filmlərini dünyanın çox ölkələri, hətta serialların məskəni olan Argentina, Braziliya da alır. Elə Rusiya da türklərin çox filmlərini alıb. Moskva studiyasında "Möhtəşəm yüz il"i dublyaj ediblər, tez-tez göstərirlər. Kino biznesi budur.

- Necə oldu ki 27 il ərzində Türkiyə kinosu bu qədər irəli gedə bildi?

- Çünki onlar bu illərdə öz gənc istedadlarını Almaniyaya, Amerikaya oxumağa göndərdilər. Gənc istedadlar orda təhsil alıb gəldilər və həmin o aktyorlar bu gün kinonu irəli aparırlar. Mən bunu həmişə deyirəm, bizdə televiziya olanda Türkiyədə olmayıb. Bizdə idman, futbol olanda onlarda olmayıb. Bir misal çəkim, yadımdadır, 1968-ci il idi, mən 3-cü kursda oxuyurdum, "Qalatasaray" komandası Bakıya gəlmişdi. "Neftçi" onda "Qalatasaray"ı 7:0 udmuşdu. İndi "Qalatasaray" nəinki Türkiyədə, bütün dünyada məşhurdur. Bilirsiz, nəyə görə? Çünki komandaya istedadlı xarici oyunçuları cəlb etdilər, əsl istedadı olan yerli gəncləri gətirdilər. Bizdə isə eşidirəm ki, bəzən futbolçuları tanışlıqla oyuna buraxırlar. Təsəvvür edin də... Amma bu gün dünya futbolunda, idmanında Türkiyə öz sözünü deyə bilir. Tam səmimi deyirəm. Özünü tərifləmək olmasın, bizim xalq istedadlı xalqdır, amma gərək onu toparlayalar. Kino sahəsindəki istedadlarımız, bacarığımız da belədir.

- Bilirik ki, filmlərdən əlavə, teatrda da oynamısınız. Sizin üçün hansı daha yaxşıdır?

- Bəli, teatrda rollarım olub. Mehdi Məmmədov mənim müəllimim idi. Səksəninci illərdə o, Cavidin "İblis" tamaşasını səhnələşdirdi və mən orda Arifi oynadım. Bir də 2000-ci ildə Mikayıl Mirzə Cəfər Cabbarlının "Aydın" tamaşasını qoydu, orda Dövlət bəyi oynadım.

- Dövlət bəyi başqa aktyorda təsəvvür etmirəm. Əsl sizlikdi. Amma taleyiniz əsasən kinoda uğurlu oldu.

- Elədir. Ancaq baxmayaraq ki, mənim indiyə qədər kino sahəsində ugurlarım olub, amma həmişə düşünmüşəm ki, əsl aktyor teatrda yetişməlidir. Çünki teatr böyük məktəbdir, hər gün böyük məşqdir, belə olduqda aktyor daha çox formada qalır. Kino belədir ki, bir də görürsən ssenari olmur, neçə il boş qalırsan.

- Rasim müəllim, bayaq kinoya çəkilmək üçün sağlamlığın vacibliyindən danışdınız. Bir ara səhhətinizdə problemlər vardı, indi necədir sağlamlığınız?

- Bəli, problem vardı, 6 il evdə oturdum, filmlərə çəkilmədim. Daim filmlərə çəkilən aktyor üçün bu çox çətin idi. Bu isə məni depressiyaya saldı. Sonra belimdə ağrılar başladı. "Babək" filmində iki dəfə atdan yıxılmışdım. O vaxt hiss eləmirdim, sonradan belimdəki ağrılar vururdu sol ayağıma. Belimdə yırtıq var. Amma birtəhər başımızı girləyirik. Səhərlər yuxudan ayılanda deyirəm, şükür Allaha, bu gün də salamatam.

- Atdan yıxılma məsələsi necə olmuşdu?

- "Babək" filmində də, "Dədə Qorqud"da da atdan yıxılmışam. Atdı da, bir də görürsən, qəfil tullanır. Təbii ki, biz o vaxt çəkilişdən əvvəl at minməyi öyrənirdik. Bilirsiz, atları gətirirlər, gərək öyrəşəsən. Həm də dəstəylə çapırsan, bir-birinə toxunurdular. Kino çəkilişində çox şeylər olur. Heç vaxt texniki tərəflər məni maraqlandırmır. Məsələn, "Babək"də kostyumun ağırlığı 10-14 kilo idi. Axşama kimi mənim əynimdə olurdu. Çox yorulurdum. O qədər çətinliklə geyindirirdilər ki! Təbii, onu özüm geyinə bilməzdim. Arada bir az rahat olub dincəlməyə imkan yox idi. Ona görə elə o paltarda uzanırdım yerə, dincəlirdim, bir az sonra yenə çəkilişə başlayırdıq. Demək istəyirəm ki, bu texniki tərəflər məni heç vaxt yormayıb. Əsas psixoloji, yəni oyun cəhətdən mənimçün çətin və həm də maraqlıydı. Hər bir rolun özünün oyun tərzi var. O vaxt "Babək" filminə çəkiləndə mən çalışırdım ki, Babək Nəsimiyə oxşamasın. Şükür ki, alındı, tamam fərqli obrazlar oldu.

- Gərək ki, psixoloji-dramatik rolları yaratmağı daha çox sevirsiz. Bu gün o mənada hələ də əsl rolunuzu gözləyirsiz?

- Mənə elə gəlir, sənətdə son sözümü deməmişəm. Çox sevinirəm ki, mənim film yaradıcılığım 70-90-cı illərə düşdü. Onda kinostudiyanın qaynar dövrü idi və mən ard-arda filmlərə çəkildim. Amma çox təəssüf, sonradan çox illərim hədər getdi, illəri isə geri qaytarmaq olmur.

- Əsasən hansı rejissorlarla işləmisiz?

- Çox şükür ki, yaxşı rejissorlarla işləmişəm. Mən müqayisə etmək istəmirəm, hərəsinin öz iş üsulu, metodu vardı. Həsən Seyidbəyli, Rasim Ocaqov, Arif Babayev, Oqtay Mirqasımov, Eldar Quliyev kimi rejissorlarla işləmişəm. Daha sonra Özbəkistanda SSRİ Xalq artisti Şöhrət Abbasovla, Lətif Feyziyevlə işlərimiz olub. Onlar hamısı çox peşəkar rejissorlar idi.

- Peşəkar olmaqlarının bir səbəbi də, bayaq qeyd etdiyinzi kimi, Moskva Kinematoqrafiya İnstitutunu bitirmələri olmuşdu?

- Şübhəsiz. Yenə də deyirəm, rejissor filmin valideynidir. Bəzən dövlət rəhbərini rejissora bənzədirlər. Dövlət rəhbəri məmurları düzgün təyin edəndə, vəzifələri düzgün böləndə iş yaxşı gedir. Rejissor da rolları düzgün bölüşdürəndə o film, o tamaşa uğur qazanır.

- İki oğlunuz var, heç biri sizin yolunuzla getmədi...

- Bəli, onlar ali məktəbi bitirsələr də öz ixtisasları üzrə işləmədilər. Böyük oğlum Tibb Universitetini bitirib, ixtisasca həkimdir. O vaxt ona aparatura almaq lazım oldu, imkan olmadı, ala bilmədim, o da işləyə bilmədi. Sonra gömrüyə işə götürdülər, indi də orda işləyir. İkinci oğlum universiteti psixologiya üzrə bitirib, amma indi sığorta sahəsində çalışır.

- Ürəyinizdə gəzdirdiyiniz əsas arzunuz, sənətlə bağlı başlıca istəyiniz nədir?

- Arzum-istəyim budur ki, tezliklə film sənayesi fəallaşsın, kinomuz dirçəlsin və mən də hardasa tam ürəyimdən olan bir rolu oynayım. Ən böyük arzum budur. Ancaq gərək bu iş mümkün qədər sürətlənsin, çünki vaxt dardır, biz gözləsək də, ömür gözləmir.

Südabə SƏRVİ  

 





07.10.2022    çap et  çap et