525.Az

KTMT-nin sammiti: Ermənistanın fiaskosu


 

KTMT-nin sammiti: Ermənistanın fiaskosu<b style="color:red"></b>

Gözlənildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasından  Azərbaycana qarşı istifadə etməyə cəhd göstərdi. İclasın ev sahibi olaraq Paşinyan bu görüşü Ermənistanın maraqlarının müdafiəsi, Azərbaycanın ittiham olunması və öz mövqeyindən geri çəkilməyə məcbur edilməsi ilə bağlı fürsət hesab edirdi. Lakin onun budəfəki cəhdləri də uğursuz oldu.

Ermənistan hakimiyyətinin KTMT-dan ölkəmiz əleyhinə istifadə etməyə çalışması ilk dəfə deyil. İkinci Qarabağ müharibəsinin gedişində də Paşinyan KTMT-dan hərbi yardım ala biləcəyini düşünürdü, amma bu, niyyətinə çata bilmədi. KTMT-da açıq bəyan etdilər ki, müharibə Azərbaycanın ərazisində gedir və təşkilatın bu halda müdaxilə etmək səlahiyyəti yoxdur.

Başqa məqam isə budur ki, KTMT-ya üzv dövlətlərin hər birinin Azərbaycanla çox yaxşı münasibətləri var. Bundan əvvəl Paşinyanın təklifi ilə videoformatda keçirilmiş görüş aydın göstərdi ki, KTMT üzvləri Ermənistanın maraqları naminə yeni avantüraya qol qoymaq, yaxın münasibətlərə malik olduqları Azərbaycanla əlaqələri pozmaq niyyətində deyillər.

Beləliklə, KTMT-nin İrəvan sammitinin Ermənistan üçün tam fiasko ilə nəticələndiyini demək mümkündür. Paşinyan bu dəfə də qarşısına qoyduğu heç bir məqsədə nail ola bilmədi. KTMT üzvləri aydın şəkildə göstərdilər ki, öz mövqelərində qalırlar və bu mövqedən geri çəkilməyəcəklər. Çox nadir bir haldır ki, hər hansısa ölkə zirvə görüşü təşkil edir, həmin tədbirdə onun özünü tənqid edirlər. Başqa bir görünməmiş hal budur ki, zirvə görüşünə ev sahibliyi edən ölkə sammitin yekun sənədini imzalamaqdan imtina edir.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Paşinyan qarşıda duran vəzifələri və onların reallaşdırılması yollarını düzgün müəyyənləşdirə bilmir. Bu da onun həm hökumət başçısı, həm də diplomat kimi təcrübəsizliyindən irəli gəlir.

KTMT-yə üzv ölkələrin liderləri görürlər ki, Ermənistan üzv olduğu bütün təşkilatları, o cümlədən də KTMT-ni öz ambisiyalarını reallaşdırmaq üçün bir  vasitə kimi qiymətləndirir və bu halda digər üzvlərin maraq və mənafelərini nəinki nəzərə almır, bu haqda düşünməyə belə cəhd göstərmir. Başqa sözlə, Ermənistan özünü elə aparır ki, sanki hamı ona borcludur, onun üçün nə isə etməlidir, öz maraqlarına zidd olsa belə yardım göstərməlidir, amma bu ölkə heç kimə heç nə verməli  deyil.

Mövzunu şərh edən Milli Məclisin deputatı Rasim Musabəyov deyib ki, gözlənildiyi kimi, Rusiya prezidenti Vladimir Putinin İrəvana səfəri və orada keçirilən KTMT sammiti ermənilərə heç nə vermədi. Növbəti biabırçılıqdan əsəbiləşən Paşinyan zirvə toplantısının yekun sənədinin imzalanmasından imtina etdi. Onun Rusiyanın Ukraynadakı uğursuzluqları fonunda öz "sərinliyini" nümayiş etdirdiyi, yoxsa KTMT-ni daha da zəiflətmək üçün Qərb idarəçilərinin göstərişlərinə əməl etdiyi hələ də bəlli deyil. Moskvanın cavabını gözləmək lazımdır.

Deputat hesab edir ki, əgər məsələ Lars sərhəd-keçid məntəqəsində erməni sürücülər və ixracatçılar üçün problemlər və ya istilik mövsümünün ortasında qaz xəttinin qəfil təmiri ilə məhdudlaşsa, o zaman təəccüblənərəm.

Sammitin nəticələrinə toxunan R.Musabəyov deyib ki, Ermənistanın KTMT-yə sədrliyi ona təhlükəsizlik və Azərbaycana qarşı iddialara dəstək baxımından heç nə verməyib: "Gələn illər üçün də heç bir perspektiv yoxdur, çünki KTMT-yə sədrlik İrəvanda daima Bakını dəstəkləməkdə ittiham olunan Belarusa keçib. KTMT-nin baş katibi növbəti üç il üçün ölkəmizə dost olan Qazaxıstanın nümayəndəsini təsdiqlədi".

Politoloq Zaur Məmmədov isə bildirib ki, Paşinyanın son istəyi təşkilat tərəfindən sərhəddə yaşananlarla bağlı yekun bəyanatın verilməsi və KTMT - nin fors - major vəziyyətlərdə çevik reaksiya mexanizminin hazırlanması ilə bağlı qərarın qəbul edilməsi idi: "Hər ikisi ilə bağlı yekun nəticəyə gəlinmədi. KTMT liderləri Paşinyanın "Azərbaycan Ordusu 13 - 14 sentyabr tarixlərində irəlilədiyi ərazilərdən geri çəkilməlidir" tələbini rədd etdilər. Bundan başqa, sammitdə Belarus lideri Lukaşenko növbəti dəfə Paşinyanı ciddi şəkildə tənqid edib, Ermənistanda ABŞ-ın biolaboratoriyasının olmasına eyham vurub və İrəvanı Azərbaycan ilə sülh müqaviləsi imzalamağa çağırıb. Bu, azmış kimi, O, Paşinyanın qonaqların şərəfinə verdiyi ziyafətə qatılmayaraq Qaqik Sarukyanın evinə qonaq gedib. Beləcə, Ermənistanın hakimiyyətinin İrəvan küçələrində hazırladığı KTMT üzvlərini manipulyasiya etməyi nəzərdə tutan bir tərəfdən antiRusiya, digər tərəfdən rusiyapərəstlərin mitinqləri də Nikolun imdadına çatmayıb. Üstəlik, Rusiya prezidentinin mətbuat katibi Peskov "Paşinyan bəzi məsələlərdən narazı olsa da ölkəsi KTMT-də qalacaq" bəyanatını verib.

 

 





25.11.2022    çap et  çap et