Noyabrın 26-da ADA Universiteti Məzunlar Assosiasiyasının İdarə Heyətinin üzvü Tərlan Abbasova-Lətifovanın təşkilatçılığı ilə “Divan” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və onun ədəbiyyata yeni qədəm qoymuş nəvəsi, gənc yazıçı Anar T.Rzayev ilə “Dördüncü nəsil - babadan nəvəyə: ədəbiyyat, musiqi və yaradıcılıq” adlı görüş keçirilib.
Sual-cavab formatında təşkil edilmiş görüşdə Anar T.Rzayevin ingilis dilində qələmə aldığı “Summer and me” əsəri və onun müəllifi olduğu musiqi nümunələri müzakirə olunub.
Qeyd edək ki, gənc müəllifin “Wealth, Love and Respect” və “Pastless” kitabları da işıq üzü görüb. Dekabrın sonlarında isə onun “Summer and me” əsəri Azərbaycan dilində çap olunacaq.
Nəvə Anar T.Rzayev təkcə ədəbiyyat sahəsində deyil, musiqi sahəsində də bir sıra uğurlara imza atıb. Yazdığı əsərlərdə, müəllifi olduğu musiqi nümunələrinin ruhunda onun özünəxas dəsti-xətti hiss olunur. Görüşdə müəllif özü də əsərləri yazarkən musiqidən ilham aldığını xüsusi qeyd elədi. Gənc Anar T.Rzayev yazıçı olmaqla bərabər həm də istedadlı musiqiçidir.
Ümumiyyətlə, Rəsul Rza nəslinin davamçılarının incəsənətə verdiyi töhfələr əvəzolunmazdır. Xalq yazıçısı Anarın sadəliyi, dinləyicilərə səmimi və dəyərli məsləhətləri görüşü daha da yaddaqalan etdi. “4-cü nəsil - babadan nəvəyə: ədəbiyyat, musiqi və yaradıcılıq” adlı bu görüş Azərbaycan ədəbi mühitində bir ilk idi. Saatyarımlıq görüşdən oxuyucular xoş təəssüratlarla ayrıldılar.
Əfsanə BAĞIROVA