ABŞ-ın Merilend ştatında kiçik təyyarə elektrik verilişi xəttinə çırpılıb. Qəzadan sonra təxminən 120 min insan işıqsız qalıb.
525.az xəbər verir ki, Federal Aviasiya İdarəsi (FAA) Nyu-Yorkdan havaya qalxan tək mühərrikli təyyarənin Merilend ştatının Qaithersburq şəhərində elektrik ötürücü xəttinə çırpıldığını açıqlayıb. "Mooney M20J" tipli təyyarə yerdən təxminən 30 metr yüksəklikdə dirəyə ilişib. Təyyarədə olan iki nəfərin xəsarət almadığı açıqlanıb. Həmin şəxslər üçün xilasetmə işləri isə davam edir. Sözügedən qəzadan sonra Montqomeri bölgəsində 120 minə yaxın insan işıqsız qalıb.
Qeyd edək ki, şəhərdə bir çox işıqforun işləmədiyi bildirilib. Qəzanın səbəbi isə hələlik məlum deyil.
Məhəmməd Tağıyev