525.Az

Laçının azad olunmasından iki il ötür


 

Laçının azad olunmasından iki il ötür<b style="color:red"></b>

Bu gün Laçın rayonunun Ermənistanın işğalından azad edilməsindən iki il ötür. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ermənistan üzərində şanlı qələbə qazanaraq torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoydu. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də Azərbaycana təhvil verildi. Buna qədər ordumuz böyük qəhrəmanlıq nümayiş etdirərək Laçın rayonunun bir neçə kəndini işğaldan azad etmişdi.

Azərbaycan Prezidenti İlham Əliyevin 1 dekabr 2020-ci il tarixində xalqa müraciətində Laçın rayonunun işğaldan azad olunmasını tarixi hadisə adlandırıb. Sitat: "Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2020-ci il fevralın 14-də Laçın rayonuna səfəri zamanı Güləbird kəndində Azərbaycan bayrağını qaldırıb.

Bu il avqustun 26-da isə Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu. Həmin tarixdə Laçın şəhəri ilə birlikdə Zabux və Sus kəndləri də Azərbaycanın nəzarətinə keçdi.

Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan bayrağını ucaldıb. Prezident bununla bağlı deyib: "Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır".

Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı bölmələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Bu gün rayonun əhalisi 79,1 min nəfər olmaqla, respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu.

Laçın rayonu Azərbaycanın tarixi abidələrlə zəngin, füsunkar təbiətə malik bölgələrindən biridir. Digər rayonlarımız kimi, Laçının da bütün tarixi abidələrini ermənilər vəhşicəsinə dağıdaraq talan ediblər. Beynəlxalq hüququ pozaraq burada qanunsuz məskunlaşdırma siyasəti həyata keçiriblər.

54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. İşğalçı Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozaraq, Laçında coğrafi adları dəyişdirib, rayonun təbii resurslarını talan edib, qeyri-qanuni məskunlaşma siyasəti aparıb və demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub. Rayonun 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi işğalçılar tərəfindən talan və məhv edilib.

Ümumi sahəsi 1835 kvadrat kilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrlə 3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına qovuşur.

Bu gün işğaldan azad olunmuş digər ərazilərimiz kimi, Laçın rayonunda da böyük quruculuq və abadlıq işləri həyata keçirilir. Laçında inşa olunan və 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılan hava limanı bölgənin beynəlxalq statusunu artıracaqdır.

Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Prezident İlham Əliyev Laçın rayonuna səfəri zamanı vurğulayıb: "Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək".

İşğaldan azad edilmiş Laçın rayonunda yol infrastrukturunun da tikintisi diqqətdə saxlanılır. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Təkcə Murov dağından Laçın şəhərinə qədər 12 tunel tikilir. Bu gün Laçına da yeni həyat qayıdır. İllərlə yurd həsrəti çəkən sakinlərinin qayıdışı ilə Laçın daha da gözəlləşib, canlanacaq.

 

 

 





01.12.2022    çap et  çap et