525.Az

Yetmişi keçirdin yüzə nə qaldı? - professor Əli Qafqaziyalının doğum gününə


 

Yetmişi keçirdin yüzə nə qaldı? - <b style="color:red">professor Əli Qafqaziyalının doğum gününə</b>

Azərbaycan Xalq şairi Osman Sarıvəllinin mübarək poetik misrası bu gün - 23 yanvarda Əli Qafqaziyalının ad gününə necə də yaraşır.  

70 yaşı tamam olan və 80-ə doğru irəliləməkdə olan Əli Qafqaziyalının 1987-ci ildə Bakıya gəlməsi, elmi işinin mövzusu ilə əlaqədar Aşıq Mikayıl Azaflı ilə görüşməsi, elmi rəhbər olaraq professor Əzizə Cəfərzadəni seçməsi, Azad Nəbiyevlə, Qəzənfər Paşayevlə, Mustafa İsgəndərzadə və neçə-neçə tanınmış alimlə görüşüb elmi məsləhətlər alması indi də xatirimdədir. İllər keçdikdən sonra bu gözəl elmi işini müdafiə etməsi ilə ustad aşığımız Mikayıl Azaflını türk ellərində də tanıtmağa imkanı qazandı. Və bu elmi əsəri nəhayət ki, Türkiyədə böyük tirajla çap olunub şeirsevər Anadolu insanına öz qiymətli töhvəsini bəxş etdi. Bu təmənnasız xidməti qarşısında Mikayıl Azaflı da Ərzuruma, Qarsa gəldiyi zaman Azərbaycan sazını ona hədiyyə etmişdi. 

Hazırda həmin saz Əli bəyin evinin bir guşəsində yaraşığını qorumaqla Türkiyə və Azərbaycan mədəni əlaqələrinin simvolu olaraq yer almaqdadır. Azərbaycandan gələn saz-söz ustaları böyük həvəslə bu sazı çalıb-səsləndirməkdədirlər. Bu sazın mübarək sayalı qədəmi sayəsində Əli Qafqaziyalı 5 Beynəlxalq Aşıq Simpozyumu təşkil edib. 

Ərzurum Atatürk Universitetində müəllimlik fəaliyyəti ilə də çox sevilən alim olduğunu bu qurumda çalışdığım dönəmdə müşahidə etdim. Neçə-neçə tələbələri arasında Bahadır Gücüyetər və Həmzə Qoluqısa da alimlik zirvəsini fəth etmiş olub prufessorluq mərtəbəsinə yüksəldilər. Bütün bu xidmətin təməlində Əli bəyin xoşməramlı xeyir-duası dayanırdı. Tələbələrinə ata qayğısı ilə yanaşırdı. Onlardan məsləhətini, hətta maddi imkanını belə əsirgəməzdi. Ramazan ayında yüzə yaxın tələbəsini mütləq iftara dəvət edərdi. Bütün bu məhəbbət Əli bəyin canından, qanından, insansevərliyindən irəli gəlir. Gələcəyimizin qarantisi olan gənc yeniyetmə tələbələrini cani-könüldən sevər, elm yolunda həvəsləndirərək yönləndirərdi.

Ərzurumun ustad aşıqlarını (Mustafa Ruhani, Aşıq Gülhani, Aşıq Fuad  Çərkəzoğlu, İlqar Cəmiloğlu) dərsə dəvət edər, çalıb-oxutdurar, canlı olaraq Anadolu aşıq ədəbiyyatını, musiqisini sevdirməyə çalışardı.

2002 ilində Ərzurum Atatürk Universitetində ilk dəfə keçirilən Novruz Bayramı şənliyinin təşkilindəki fəaliyyəti zamanı sazımla, tarımla bu bayrama qatılmağımı uyğun gördü. Türk xalqlarının musiqilərini səsləndirmək üçün bir aydan artıq məşqlərə başladıq. İran, İraq, Anadolu, Azərbaycan, Gürcüstan, Özbəkistan və s. türkdilli xalqların əsərlərini çalıb söyləməklə yanaşı milli geyimlərinin də olmasını məsləhət bildi. Şənliyə qatılan hər bir tələbəyə bu milli qiyafətlərlə yanaşı Türk Cümhuriyyətlərinin bayraqlarını da əllərində tutdular. Əli bəy Dədə Qorqud qiyafətini də bu sətirlərin müəllifinə geydirməyi məsləhət bildi. Bu şahanə novruz bayramı 21 mart 2002-ci il tarixində helikopterin Ərzurum səmasındakı video çəkimi ilə ən yüksək əhəmiyyətini qazanmış oldu. 

Sonrar bu tədbir SNN kanalında dəfələrlə göstərilməklə, arxivlərdə yerini almış oldu. Səmimiyyətlə etiraf etməliyəm ki, Əli bəyin bu təşkilatçılıq qabiliyyətindəki profesionallığı bir zamanlar Xalq  artistimiz, Şuşa vurğunlu azərbaycanlı bəstəkarımız Süleyman Ələsgərovda və Qaziantep Universiteti “Mavera Kongre Mərkəzinin” müdiri Fəxri Çepik bəydə də müşahidə etmişdim. Əli bəyin detaylı olaraq nə etdiyini öncə nələr etməsinin vacib olduğunun planını cızar, tələbələri ilə məsləhət-məşvərət keçirər, kongreyə hansı Türk Cümhuriyyətlərindən neçə nəfər elm adamı dəvət olunacaq, gəlib-getmək xərcləri də daxil olmaqla, hansı səhnədə çıxışlarını dəqiqləşdirdikdən sonra son qərarını verərdi. 

9-12 sentyabr 2022 tarixində Binəli Yıldırım adına Ərzincan Dövlət Universitetində Türkiyə Mədəniyyət Nazirliyinin, Türkiyə Ağsaqqallar Konseyinin və Ərzincan Universitetinin Rektorluğunun qatılımı ilə Əli bəyin təşkil etdiyi “Beynəlxalq Türk Dünyası Simpoziumu”na fərqli ölkələrdən, xüsusən də Türk Cumhuriyyətlərindən 800-dən artıq dəyərli elm adamı dəvət olunmuşdu. Yüksək səviyyədə keçən bu əlamətdar simpoziumun Əli bəyin bilavasitə təşəbbüsü ilə gerçəkləşdirildiyini Azərbaycan ictimaiyyətinə çatdırmaq istərdim. Hətta simpoziumun bağlanış mərasimində Əli bəy mikrafonu alıb bir-bir hər ölkədən gələn qonaqların adını, soyadını, vəzifəsini 15-20 dəqiqə ərzində səbrlə, aramla toplantı iştirakçılarının diqqətinə çatdırmağa nail oldu. Çünki elm adamlarının hansı ölkədən gəldiklərini digər elm adamlarının da bilməsinin vacibliyini uyğun gördü.

Əli bəyin təşkilatçılıq məsələlərinə diqqət ayırmaqda məqsədim bu kimi təşkilatçılıq bacarığının hər bir elm adamında olmadığını vurğulamaqdır. 

Əli Qafqaziyalı 1953-cü ildə “Anadolunun Azərbaycanı” adlandırılan Qars şəhərində dünyaya gəlib. İbtidai və orta məktəbi Qarsda oxuyub. Rizə Öyrətmən Litseyini 1974-cü ildə məktəb birincisi olaraq fəxri diplomla bitirib. 1977-ci ildə Bursa Təhsil İnstitutunun Türkçə ixtisasından məzun olduqdan sonra bir müddət Qars, Ərzurum, Rizə, Diyarbakır bölgələrində müəllimlik və idarəcilik vəzifələrində çalışıb. 1986-cı ildə Mədəniyyət Təhsil Vakfının məqalə yarışmasında birinci olub. Əli Qafqaziyalı 1987-ci ildə Ermənistan, Azərbaycan, Dağıstan və Gürcüstanda 71 gün mədəni-elmi yaradıcılıq sahəsində tədqiqatçılıq fəliyyətini gerçəkləşdirməklə əldə etdiyi qiymətli bilgiləri mütəmadi olaraq fərqli qəzetlərdə və jurnallarda, bir qismini isə kitab olaraq yayınladıb. 

1989 ildə Milli Təhsil Nazirliyi tərəfindən “Türk dili və ədəbiyyatı, türk dili qrammatikası, türkcə kompozisyon proqramlarının hazırlanması komissiyası”na daxil edilib. 1990-cı ilə qədər burada çalışıb.

1990-cı ildə Atatürk Universiteti Kazım Qarabəkir Təhsil fakültəsinin bakalavr pilləsində təhsil alaraq "Türk dili və ədəbiyyatı müəllimliyi" ixtisası diplomunu almağa müvəffəq olan Əli Qafqaziyalı 20 oktyabr 1990-cı ildə Türkiyə üzrə birinci olaraq “Xaricdə Müəllimlik İmtahanı”nın qalibi kimi Fransadan pedaqoji fəaliyyətini gerçəkləşdirmək üçün dəvət alıb. Bu müddətdə Avropanın müxtəlif şəhərlərində konfranslara qatılan Əli bəy türk mədəniyyəti, incəsənəti və yaxın tariximizdəki erməni vəhşilikləri ilə bağlı bir çox foto sərgilər də təşkil edib. Paris Səfirliyinin Təhsil Müşavirinin təyinatı ilə Fransada yaşayıb təhsil alan türk gənclərinin faydalanması üçün kollecin son kursudakı tələbələrə görə “Türkcə Əlavə Dərsliyi”n hazırlanması komissiyasında da çalışmışdır. 

1993-cü ildə Türkiyənin Parisdəki səfirliyinin yazılı icazəsi ilə Azərbaycan Dövlət Universitetinin (həmin vaxt Məmməd Əmin Rəsulzadənin adını daşıyırdı – İ.M.)  Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Azad Nəbiyev və professor Əzizə Cəfərzadənin rəhbərliyi ilə qiyabi magistratura (Extern Master) proqramında aspiranturaya başlamış və 1994-cü il iyulun 23-də Bakı Dövlət İmtahan Komissiyasının keçirdiyi “Avec Mention Excelent” imtahanını uğurla verərək magistr dərəcəsini almağa haqq qazanmış Əli Qafqaziyalı, uğurlu çalışmalarına görə də  həmin il sentyabrın 17-də "Azərbaycan Milli Yaradıcılıq Akademiyası" tərəfindən "Fəxri Doktor" adını almağa nail olmuşdur. 

Bakı Dövlət İxtisas Komissiyasının qərarı və tövsiyəsi ilə “Mikayıl Azaflının yaradıcılıq yolu”  adlı  namizədlik dissertasiyasını  professor Azad Nəbiyev və professor Əzizə Cəfərzadənin rəhbərliyi ilə hazırlayıb 1996-cı il mayın 29-da Azərbaycan Elmlər Akademiyasının və Təhsil Nazirliyinin “Vahid İxtisaslaşdırılmış Şurası”nın iştirakı ilə uğurla müdafiə edərək, Azərbaycan Ali Atesstasiyasının qərarı ilə 07 oktyabr 1996-cı ildə “filologiya elmləri doktoru” elmi dərəcəsinə layiq görülmüşdür.

1996-cı ilin sentyabrında Fransadakı pedaqoji-elmi xidmətlərini tamamlayıb Türkiyəyə dönən Əli Qafqaziyalı Ərzurum Atatürk Anadolu Texniki Litseyində türk dili və ədəbiyyatı sahəsində müəllimlik fəaliyyətində çalışmışdır. Bununla yanaşı 1997-ci ilin fevral və aprelində Van və Hakkari valiliklərinin dəvəti və aidiyyatı qurumların qərarı ilə Vanda ictimaiyyət, gənclər, tələbələr və dövlət məmurları qarşısında bölgənin problemləri və çözüm yolları ilə bağlı fərqli konfranslar verərək Hakkari ilə Gürpınar, Başkalə, Yüksəkova, Çukurca və Şemdinli bölgələrində radio və televiziyada bir çox proqramlara aktual mövzularla qatılıb.

1998-ci ildə hazırladığı layihənin dövlət tərəfindən qəbulu ilə əlaqədar elmi tədqiqatlar üçün dəfələrlə İranda səfərlərdə olmuş Əli Qafqaziyalı fərqli coğrafiyalarda qiymətli bilgilər toplayaraq əsərlərini bir çox qəzet və jurnallarda çap etdirmiş və bir çox mövzularda beynəlxalq konfranslarda iştirak etmişdir. 

İrandakı tədqiqatlarının nəticəsi olaraq 2002-ci ildə dərc etdirdiyi altı cildlik “İran türk ədəbiyyatı antologiyası” adlı kitabını, 2006-cı və 2007-ci ildə isə işıq üzü görmüş “İran türklərinin aşiq mühitləri”, “İran türk aşıqları və milli kimlik” adlı kitablarını qeyd etməliyik. Daha sonrakı vaxtlarda Əli bəy bir çox qiymətli kitabların yayınlanmasına da nail olub. Bunlardan “Qoca qartal Azaflı”, “Mikayıl Azaflı həyatı, sənəti, əsərləri”, “Qafqazlardan gələn əzan səsləri”, “Azərbaycanın alim qadınları”, “Çağdaş Azərbaycan qadın sənətkarları”, “İran türkləri”, “İran coğrafiyasında türklər”, “Qafqaz qoçaqları”, “Topal Əsgər”, “Qartallar sərhəd tanımaz”, “Səməd Vurğun”, “Şəhidlər dərəsi” (Nevzat Mansuroğlu ilə birlikdə) adlı əsərlərini də qeyd etmək lazımdır.

2007-ci ildə təşkil olunmuş imtahandan uğurla keçərək dosent elmi adını alan Əli Qafqaziyalı Atatürk Universiteti Kazım Karabəkir Təhsil fakültəsi Türk dili və ədəbiyyatı təhsili ixtisasında müəllim və kafedra müdiri vəzifələrində uzun illər səmərəli çalışaraq professorluq elmi adını qazanmışdır. 

O, həm də xoşbəxt bir atadır ki, qızı Möminə xanım həkim, oğlu Savaş bəy professor, digər oğlu Yavuz isə dosent vəzifəsində Türkiyəmizin fərqli ali təhsil qurumlarında çalışmaqdadır. Təbii ki, bu uğurların arxasında Əli bəyə hər zaman mənəvi dəstək olan Raifə xanımın xidmətlərini də qeyd etməliyik. 

Professor Əli Qafqaziyalı 2020-ci ildən etibarən Ərzincan Binəli Yıldırım Universiteti Fən və Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı kafedrasında pedaqoji və elmi fəaliyyətlərini uğurla davam etdirməkdədir. Bu yolda ona uğurlar və can sağlığı arzulayır, Osman Sarıvəllinin kəlamı ilə xeyir-dua verməklə 70 yaşını təbrik etmək istərəm.

Heç əlinə alma əsa,
Yetmiş yaşda batma yasa,
Hər kim yüz il yaşamasa,
Günah onun özündədir. 

 





23.01.2023    çap et  çap et