525.Az

Co Baydenin tank həmləsi - Xaqani Cəfərli yazır


 

Co Baydenin tank həmləsi - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun 2023-cü ildəki ilk toplantısı Kiyevin hərbi yardımla bağlı tələblərinin tərəddüdsüz qarşılanmasını tələb edən dairələrdə bədbinlik yaratmışdı. Çünki Almaniyanın etirazı nəticəsində Ukrayna ordusunu Kiyevin tələb etdiyi sayda tankla təmin etmək mümkünsüz hala gəlmişdi.

"Ramşteyn formatı"nda təmsil olunan iki Afrika ölkəsindən birinin - Mərakeşin Ukraynaya 20 ədəd T-72B tankı verməsi kimi halların olması rəğbət doğursa da, Kiyevin tələblərini ödəyəcək səviyyədə deyildi. Hətta bu tankların Çexiyanın "Excalibur Army" şirkəti tərəfindən modernləşdirilmiş olmasa da, vəziyyəti dəyişmirdi. Məlum olduğu kimi, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı işğal olunmuş torpaqları azad etmək üçün üçün 300 ədəd tanka, 600-700 ədəd piyadaların döyüş maşınına, 500 ədəd haubitsaya ehtiyaclarının olduğunu bildirmişdi. Piyadaların döyüş maşını və haubitsalarla bağlı Ukraynanın istəkləri qəbul edilsə də, tanklarla bağlı vəziyyət sual altına düşmüşdü. Yanvarın 20-də keçirilən "Ramşteyn formatı"nın sayca 8-ci toplantısında ABŞ-ın müdafiə naziri Lloyd Ostin almaniyalı həmkarı Boris Pistoriusla apardığı gərgin danışıqlar nəticə verməmişdi. "Ramşteyn formatı"nda ilk dəfə iştirak edən nazir Boris Pistorius Ukraynaya "Leopard 2" tanklarının verilməsində ehtiyatlı davranmaq lazım olduğunu bildirmişdi. Rəsmi Berlini ehtiyatlı olmağa vadar edən səbəblərlə bağlı müxtəlif iddialar var. Lakin Almaniyanın tərəfdaşları Berlinin səbəblərini əsaslı hesab etmədikləri üçün Olaf Şolts hökumətinə təzyiqləri gücləndirdilər.

Ukrayna prezidenti Volodimir Zelenskinin "Ramşteyn 8" toplantısına videomüraciətinə cavab olaraq ABŞ-ın müdafiə naziri Lloyd Ostin həmkarlarını Ukraynaya kömək etməkdə daha qətiyyətli olmağa çağırmışdı. "Ramşteyn 8" toplantısında iştirak edən 50 ölkənin müdafiə nazirinə müraciət edən Lloyd Ostin belə demişdi: "Daha dərinə getməyin vaxtıdır. Ukrayna xalqı bizi izləyir, Kreml bizi izləyir, tarix də bizi izləyir. Ona görə də biz Ukraynanın Rusiya imperiyasının təcavüzündən müdafiəsinə kömək etmək əzmimizdən geri çəkilməyəcəyik və tərəddüd etməyəcəyik". Qərb mətbuatında yer alan bir məlumata görə, "Ramşteyn 8" toplantısında Almaniyanın Ukraynaya "Leopard" tankları verməkdən imtina etməsi Pentaqon rəhbərini çox qəzəbləndiribmiş.

Lloyd Ostinin müraciətinin və fərdi söhbətlərinin nəticə vermədiyini görən rəsmi Vaşinqton prosesə daha yüksək səviyyədə qoşuldu. "Ramşteyn 8" toplantısının Ukraynanın tank tələbini qəbul etməməsi ilə bağlı açıqlamasında ABŞ prezidenti Co Bayden daha açıq mətnlə Ukraynanı dəstəkləyərək Kiyevin istədiyi bütün silahları alacağını bəyan etdi. Yanvarın 25-də isə prezident Co Bayden Ukraynaya Amerika istehsalı olan 31 ədəd "M1 Abrams" tankının veriləcəyini açıqladı. Bu hadisədən bir gün öncə isə prezident Co Bayden Almaniya, Britaniya, Fransa və İtaliyanın liderləri ilə danışıqlar aparmış, Ukraynanı dəstəkləməkdə yekdil olmağa çağırmışdı. Co Baydenin bu həmləsi öz nəticəsini verdi və Almaniya mövqeyini dəyişərək Ukraynaya "Leopard" tankları verəcəyini bəyan etdi. Kansler Olaf Şolz başçılıq etidyi hökumətin iclasında bildirib ki, Almaniya tərəfdaşları ilə sürəkli məsləhətləşmələrdən sonra Bundesverin ehtiyatlarından 14 ədəd "Leopard 2" A6 tankını Ukraynaya vermək qərarına gəlib. Eyni zamanda, rəsmi Berlinin digər ölkələrin Almaniya istehsalı olan tankların Ukraynaya verilməsinə qoyulan qadağanı da götürdüyü məlum olub. Ukraynaya Almaniya istehsalı verəcək ölkələrin koalisiyasına hələlik 10 dövlət daxildir. Məlumatlara görə, Niderland Ukraynaya 18 ədəd, Polşa 14 ədəd, Norveç 8 ədəd, Portuqaliya 4 ədəd "Leopard 2" tankı vermək niyyətindədir. Ukraynanın tələbatını qarşılayacaq ən böyük ölkə isə İspaniya ola bilər. İspaniyanın ən çox oxunan gündəlik "El Mundo" qəzetinin məlumatına görə, rəsmi Madrid Ukraynaya 53 ədəd tank verə bilər. Portuqaliyanın gündəlik "Correio da Manha" qəzetinin məlumatına görə, bu ölkələrlə yanaşı, Finlandiya, Fransa və Danimarka da Ukraynaya "Leopard 2" tankları vermək niyyətindədir. Böyük Britaniya isə Ukraynaya 14 ədəd "Challenger-2" tankı verəcəyini bir neçə gün öncə bəyan edib. Norveç müdafiə naziri Byorn Arild Qrem bildirib ki, onun ölkəsi də Ukraynaya "Leopard 2" tankları verəcək. Nazir Ukraynaya neçə ədəd tank verəcəklərini bildirməsə də, bunun yalnız başlanğıc olduğunu, gələcəkdə çox gözəl xəbərlərin olacağını bildirib. Almaniya kansleri Olaf Şolzun sözlərinə görə, Almaniya və müttəfiqləri Ukraynaya ümumilikdə 112 ədəd "Leopard 2" tankı verəcəklər. Hər kəs anlayır ki, bu, yalnız başlanğıcdır və Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu Kiyevi istədiyi qədər tankla təmin edəcək.

Ukraynanın tanklarla bağlı tələbi qəbul edildikdən sonra Kiyevə qırıcı təyyarələrin verilməsi gündəmə gəlib. ABŞ-ın "Politico" nəşri hərbi və diplomatik mənbələrinə istinadla yazır ki, Ukraynaya qırıcı təyyarələrin verilməsi ilə bağlı müzakirələr gedir. Mediada yer alan məlumatlara görə, hələlik yalnız Niderland Ukraynaya F-16 qırıcıları verməyə hazırdır. Çox güman ki, tanklarla bağlı məsələdə olduğu kimi, Ukraynaya qırıcı təyyarələrin verilməsində də son söz ABŞ-ın olacaq. ABŞ isə ukraynalı pilotların F-16 qırıcı təyyarələrini idarə etməyi öyrənmək üçün hələ bir neçə ay öncə 100 milyon dollar ayırmışdı. Məlumata görə, 40 pilot artıq F-16 qırıcılarının idarə edilməsi təlimini keçib.

Ukraynaya Qərb istehsalı olan tankların verilməsini şərh edən Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, Qərb Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəyir. Rusiya prezidentinin köməkçisi Dmitri Peskov Qərbin Ukraynaya təhvil verəcəyi "Leopard" və "Abrams" tanklarının bütün digər Qərb hərbi texnikası kimi məhv ediləcəyini bildirib. ATƏT-in Vyanada keçirilən Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda çıxış edən Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib ki, bütün bunlar "nüvə təxribatı və şantajdır". Qavrilov bu fikirlərini belə izah edib ki, "Leopard 2" tankı, eləcə də "Bradley" və "Marder" piyada döyüş maşınları zirehdeşici uran nüvəli mərmilərlə silahlanıb. Qavrilov deyib ki, əgər Kiyevə belə mərmilər verilərsə, Moskva bunu Rusiyaya qarşı çirkli nüvə bombalarından istifadə kimi qiymətləndirəcək ki, bunun da nəticələri olacaq. Aydın görünür ki, prezident Co Baydenin tank həmləsi müharibənin gedişatını kəskin dəyişəcək.

 

 





30.01.2023    çap et  çap et