Zakir BAYRAMLI
DÖRDLÜKLƏR
Bir dünya yaşayır mənim içimdə,
Elə özüm kimi, özüm biçimdə.
Bu kiçik dünyanı mən yaratmışam,
Tanrıdan iznim var bax bu seçimdə.
lll
Yol getmə hər səni mədh eləyənlə,
Örtüb nöqsanını pərdələyənlə.
Dost bilib aldanma, ziyan görərsən,
Dostluq et eybini üzə deyənlə.
lll
Gözəldir meşəli, çeşməli dağlar,
Qalxar içim-içim çağlar bulaqlar.
Üzün xəzəl örtər tənha qalanda,
Küsüb için-için ağlar bulaqlar.
lll
İlin yaz fəslidir, gəl gedək kəndə,
Gülsün bənövşələr, düşməsin bəndə.
Lalələr, nərgizlər bizləri gözlər,
Qalxaq dağ döşünə, gəzək çəməndə.
lll
Yaşamaq istədim gəzdim hər yanı,
Ələk-vələk etdim bütün dünyanı.
Tükəndi taqətim, büküldü belim,
Tapmadım özümdə o sağlam canı.
lll
Nə çoxdur dünyadan giley edənlər,
Yarımçıq ömürlə nakam gedənlər.
Yəni doğrudanmı ağıllıdırlar,
"Dünya beş gün" deyib kef eləyənlər?
lll
Nə fərqi dünyanın harasındayam?
Mənalı bir ömrün sevdasındayam.
Mənim ünvanımı axtaran olsa,
Dünyanı sevənlər sırasındayam.
lll
Əylədim nəfsimi, çəkdim yolundan,
Qovdum tamahımı, dəydim dalından.
Yolun yarısından qayıtdım geri,
Dönüb uzaqlaşdım dünya malından.
lll
Ömrümün yarısı ötüb gedibdir,
Həyat nə öyrədib, könlüm edibdir.
Öyrənə bilmədim fəqət heç yerdən:
Mənə qocalmağı kim öyrədibdir?!
lll
Dağlar gözəlidir sumağlı kəndim,
Qalxdım görüşünə, dağa güvəndim.
Bu, bir istək idi, getdim ki, görüm,
Ömür sona yetdi, bəlkə, tükəndim.
lll
Sevgilim, dolmuşam yaşa səninlə,
Hələ yaşayıram qoşa səninlə.
Səndən ayrı düşmək qərarım yoxdur,
Ömrü vuracağam başa səninlə.
BAYATILAR
Şabran qədim bir şəhər,
Bağlarında bar-bəhər.
Boylan Çıraqqaladan,
Gör Şabranı hər səhər.
lll
Şirvan eli uludur,
Tarix sözlə doludur.
Şabran təkcə yurd deyil,
Qədim ipək yoludur.
lll
Mən bu yurdun oğluyam,
Vətənimə bağlıyam.
Nə fərqi var, a nadan,
Aranlı, ya dağlıyam?!
lll
Yarəb, düzü əyirlər,
Gündə bir "don" geyirlər!
Verdiyin nemətlərə
Haram qatıb yeyirlər!
lll
Mən həyatdan güc aldım,
Qalxıb yerdən ucaldım.
Zaman gəlib yetişdi,
Gücdən düşdüm, qocaldım...